ADPU-nun Mətbuat və informasiya şöbəsindən Zim.Az - a bildiriblər ki, Noyabr ayının 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı öz işinə başlayıb.
Konfransdan öncə universitetdə Bəxtiyar Vahabzadənin həyatı və ədəbi irsi ilə bağlı sərgi nümayiş olunub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov konfransı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu il yanvar ayının 14-də “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Rektor Y.Məmmədov eyni zamanda qeyd edib ki, Təhsil naziri hörmətli cənab Mikayıl Cabbarov da bu il fevral ayının 13-də təhsil müəssisələrində Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi barədə müvafiq əmr imzalamışdır. Bu gün ADPU-da keçirilən Respublika elmi-praktik konfransı da yuxarıda qeyd etdiyim müvafiq Sərəncama və əmrə uyğun olaraq keçirilən bir elmi tədbirdir.
Rektor Y.Məmmədov çıxışında böyük söz ustadımız, istiqlal şairimiz Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, Bəxtiyar Vahabzadə 1925-ci il avqust ayının 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə ailəsi Bakı şəhərinə köçmüşdür. Bakıda orta məktəbi bitirdikdən sonra 1942-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil almışdır Universitetin aspiranturasında saxlanılmış, 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirməklə başlamışdır. Şair, dramaturq, ədəbiyyatşünas B.Vahabzadə 1945-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Həmin vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunmuşdur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərində faşizmlə mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. 1976-ci ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. 1960-2003-cü illərdə “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
B.Vahabzadə tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmiş, 1950-1990-cı illərdə ADU-da Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1974-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. 1984-cü ildə “Xalq şairi” fəxri adına layiq görülmüşdür. 1984-cü ildə SSRİ Dövlət Mükafatı laureatı, 1988-ci ildə isə M.F.Axundov adına ədəbi mükafatın laureatı olmuşdur. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.
B.Vahabzadə həm də fəal ictimai xadim idi. Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı Xalq Deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə isə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.
Həmişə milli azadlıq, müstəqil dövlət ideyası ilə yaşayan B.Vahabzadə bu mövzuda qələmə aldığı "Gülüstan" adlı poemasında ikiyə bölünən xalqımızın yaşadığı faciəni əks etdirmişdir. Məhz ulu öndərimiz Heydər Əliyevin qayğı və himayəsi nəticəsində B.Vahabzadə təhlükələrdən, təqiblərdən xilas ola bilmişdir. Birbaşa Sovet hakimiyyətini ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
B.Vahabzadə 70-dən çox şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə, eləcə də dünyanın bir çox dillərinə, - ingilis, fransız, alman, fars, türk, polyak, ispanmacar dillərinə tərcümə edilmişdir. B.Vahabzadə milli olduğu qədər də dünyəvi şairdir, bəşəri şairdir. O, Azərbaycandan dünyaya və dünyadan Azərbaycana baxmağı bacaran böyük sənətkar idi.
B.Vahabzadə 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Plenar iclasda ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Bəxtiyar Vahabzadə: düşündürən şair, həssas pedaqoq, dil və ədəbiyyat qayğıkeşi”, “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasının müdiri, professor Ramazan Qafarlı “Bəxtiyar Vahabzadə: sənəti və şəxsiyyəti”, Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının professoru Təyyar Salamoğlu “Bəxtiyar Vahabzadə - milli istiqlal tariximizin salnaməçisi” mövzularında məruzə ilə çıxış ediblər. Məruzəçilər B.Vahabzadəni milli ruhlu, çoxşaxəli yaradıcılığa malik böyük yazıçı, həmişə ana dilimizin təəssübünü çəkən vətənpərvər ziyalı kimi səciyyələndiriblər. Plenar iclasda Filologiya fakültəsi tələbələrinin hazırladıqları bədii kompozisiya da təqdim edilib.
Məlumat üçün onu da qeyd edək ki, 2 gün davam edən konfransda Bakı Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Təhsil Problemləri İnstitutunun, Qərb Universitetinin və digər ali təhsil müəssisələrinin alim və mütəxəssisləri iştirak ediblər.
Konfransın 5 bölmə üzrə keçirilən iclaslarında 80 məruzə dinlənilib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.