Firuzə Məmmədli: "BAĞIŞLA"

Firuzə Məmmədli: "BAĞIŞLA" Mən sevə bilmədim səni sən kimi,
Səni özüm kimi sevdim, bağışla.
Düşdüm qədəminə ümidlərimin,
Sevinc də, kədər də yedim, bağışla.

Bəlkə də, zərərsən, bəlkə, xeyirsən,
Sən bu naxışınla yerin, göyünsən.
Mənə qohum deyil, yaxın deyilsən,
Heç bilmirəm, necə edim, bağışla.

Hərdən itirirəm, tapıram hərdən,
Hər dəfə sevirəm tapdığım yerdən.
Bir gözüm xeyirdə, bir gözüm şərdə,
Səni arayaram çətin, bağışla.

Uçur harayına qanad əllərim,
Yapışır yaxamdan inad əllərim.
Ömrümün fırçası sənət əllərim
Şəklini hər yerə çəkir, bağışla.

Hələ ki ömrümə qara yel əsmir,
Hələ ki çöhrəmdə zaman tələsmir.
Hələ ayaq tutur, hələ əl əsmir,
Hələ bu günümə şükür, bağışla.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: