O dağlardan bu dağlara
Bir ruzigar əsdi gəldi.
Söz çatmayan qulaqlara
Bu nə ündü, səsdi gəldi?
Leyli üçün Məcnunqədəm,
Xəyyam üçün şirin badə,
Həvva üçün yenə Adəm,
Kərəm üçün Əsli gəldi.
Bu atəşlər, odlar üçün
Bu ünvansız adlar üçün,
Busə getdi yadlar üçün,
Adil üçün “Bəsdi”-gəldi.
Qorxdum, hey
"Cizza" sözün eşidəndən anamın,
Tüstülənən hər ocaqan qorxdum, hey.
“Çixma” –deyib ürküdəndən, inanın.
Ağacdakı şax budaqdan qorxdum, hey.
Nə sevgidə ləzzət gördüm,nə qəmdə.
Ruhum ilə uyuşmadı bədən də.
Tay-tuşlarım” Olsun!”-deyib gedəndə,
Alnımdakı “Olacaq”dan qorxdum, hey.
Höccələdim öz yarımın adını,
Cümlə qurub, çıxarmadım dadını,
Görən kimi sevəcəyim qadını,
Yaxın nədi, lap uzaqdan qorxdum, hey.
Hər dəfə iş çixdi işin içindən,
Nə tənim düz oldu, nə də tənbölən,
Arxalı köpəklər öyülən gündən,
Hər nadandan, hər alçaqdan qorxdum, hey.
Qorxa-qorxa yola verdim gəncliyi,
Davalardan üstün tutdum dincliyi.
Ahıllaşıb öyrənsəm də "bicliyi",
Adil adlı saf uşaqdan qorxdum, hey.
* * *
Sən məni bağışla,meymunlu dünya ?
Yar çağıran o zamana yetmədim.
Yağış oldum,tufan oldum,qar oldum,
Çiskinləşən o dumana yetmədim.
Əllərimdə soyuq,soyuq iz qaldı,
Dərzi olub tikəmmədim, biz qaldı.
İki əlli toparlandı, yüz qaldı,
Hesablanan o gümana yetmədim.
Dedi gəlsən,baxışlarım sənındi,
İlmələrim, naxışlarım sənindi.
Kreditsiz maaşlarım sənindi,
Bank oluban bankotmana yetmədim.
Adil Həsənoğlu,
ADPU-nun Filalogiya fakültəsinin
«Azərbaycan dili və onun tədrisi metodikası» kafedrasının müəllimi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.