Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqındaHələ, ümumtəhsil məktəbində oxuyarkən məndə toponimika elminə böyük maraq oyanmışdır. Sonralar ali məktəbin tarix fakültəsində təhsil alarkən bu elm haqqında müfəssəl biliklərə yiyələndim. Qeyd edim ki toponimika üç elmin - tarix, coğrafiya və dilçiliyin sintezindən yara­na­raq yer adlarından bəhs edən elmdir. Ali məktəbdə toponi­mika fənnini bizə res­publikamızın tanınmış toponimistlərindən biri tarix elmləri doktoru, professor mərhum Yusif Yusifov tədris edirdi. Toponimlərlə bağlı yazılmış kitab və məqalələri böyük həvəslə oxuyuram. Heç də təsadüfi deyil­dir ki “Lənkəran toponimləri” kitabım və toponimlərlə bağlı dövrü mət­buatda çoxlu sayda məqalələrim çap edilmişdir. “Kredo” qəzetinin səhifə­lərində müəllifləri professor Mədəd Çobanov filoloq-tədqiqatçı Müş­fiq Bor­ça­lı olan “Borçalı toponimləri” kitabından verilmiş yazıları oxuduqdan sonra həmin kitabı əldə etmək üçün hörmətli Müşfiq Borçalıya məktubla müraciət etdim. Müşfiq müəllim məktubumu aldıqdan sonra zəng edərək təşəkkürünü bildirdi və eyni zamanda adı qeyd olunan kitabın yenidən nəşrə hazırlandığını və çap olunduqdan sonra mənə göndərəcəyini söylədi. “Kredo” qəzetinin 28 yan­var 2012-ci il tarixli sayında AJB-nin üzvü Rəna İmanovanın “Elmin qapı­sında” başlıqlı məqaləsini oxuduqdan sonra məlum oldu ki, sonradan Borçalı adını özünə təxəllüs götürmüş Müşfiq müəllim tələbəlik illə­rindən çox yaxşı tanı­dığım Müşfiq Çobanlıdır.
Biz eyni vaxtda, 1990-1992-ci illərdə ADPU-da təh­sil almışıq. Mən tarix, o isə filologiya fakültəsində oxuyur­duq. Müşfiq müəl­­lim eyni zamanda universitetimizin mət­buu orqanı olan “Gənc müəllim qəzetinin əməkdaşı idi. O, “Gənc müəllim” qəzetində Müşfiq Mə­dədoğluMüşfiq Çobanlı imzaları ilə maraqlı yazılarla çıxış edirdi. Onun “Ellər, Bor­çalıdan muğayat olun!” başlıqlı yazısı hələ də yaddaşımdan silin­məyib. Ali məktəbdə eyni vaxtda oxuduğumuz üçün onunla tez-tez uni­versi­tetin dəhlizində və “Gənc müəllim” qəzetinin redaksiyasında rastlaşırdım. Rəna İmanovanın “Elmin qapı­sında” məqaləsini oxuduqdan sonra Müşfiq müəllimə zəng edib, ona “köhnə tanış” olduğumuzu bildirdim. Dərin təşəkkür hissi ilə bildirmək istəyirəm ki Müşfiq müəllim verdiyi sözə əməl edərək təkrar nəşr edilən “Bor­çalı topo­nimləri” kitabını mənə göndərmişdir.
Müəllifi M.Çobanov və M.Ço­banlı olan “Borçalı topo­nimlər” kitabı 2012-ci ildə Bakıda “Borçalı” nəşriyyatı tərəfindən çap edilmişdir. Bu kitabın əlavələr olunmaqla və yenidən işlənmiş 4-cü nəş­ridir. 2500 tirajla yüksək poliqrafik şəkildə çap olunan kitabın elmi redaktorları filo­logiya elmləri doktoru, professorlar mərhum Tofiq Əhmədov, Buludxan XəlilovŞurəddin Məmmədlidir.
340 səhifəlik “Borçalı toponimləri” kitabı ön söz və üç hissədən ibarətdir.
I hissə “Gürcüstanda (qədim Borçalıda) Türk-Azərbaycan köklü qəbilə və tayfa­ların məskunlaşması tarixinə dair”;
II hissə “Borçalı toponimlərinin ensiklo­pedik lüğəti”;
III hissə isə Əlavələr adlanır.
Kitabın I hissəsində Borçalı toponiminin mənşəyi (müəlliflərin fikrincə Bor­çalı toponimi eramızdan əvvəl I minillikdə yaşamış türk mənşəli “Borçalı” tayfa­sının adı ilə bağlıdır-İ.Ş) və Gürcüstanda olan türk köklü qədim, müasir və hibrid oykonimlərdən bəhs olunur. II hissədə isə müəlliflər tərəfindən Gürcüstanda, o cümlədən, Borçalıda olan Azərbaycan-türk mənşəli toponimlər haqqında ensiklopedik məlumat verilir. Kitabı oxuduqdan sonra məlum olur ki, Gürcüstan Respublikasında 350 minə yaxın azərbaycanlı, ölkənin 18 şəhər və rayonunda, konkret olaraq Kvemo-Kartli, Kaxet, Şida Kartli və Msxet-Mitianet diyarlarında, həmçinin Tbilisi və Kutaisi şəhərlərində yığcam halda yaşayırlar. Gürcüstanda azərbaycanlıların yaşadıqları Sadaxlı, Qaracalar, Kəpənəkçi, Faxralı, Arıxlı, Darvaz, Saraçlı, Qızılhacılı, Ləmbəli, Soğanlıq, Kosalı, Nazarlı və digər kəndlər nəinki, bölgə­nin ümumiyyətlə, respublikanın ən iri yaşayış məntəqələrindən hesab olu­nur. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Gürcüstanda olan Azərbaycan mənşəli toponimlərin əksəriyyətinin adı zaman-zaman dəyiş­dirilərək gürcüləş­dirilmişdir.

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında “Borçalı toponimləri” kitabını toponimlərlə bağlı yazılmış diğər kitablardan fərqləndirən başlıca cəhət odur ki, burada müəlliflər Gürcüstan, o cümlədən Borçalıda olan Azərbaycan mənşəli toponimlərin mənşəyi, etimologiyası və izahı ilə yanaşı eyni zamanda, yaşayış məntəqələrinin yerləşdiyi coğrafi möv­qe, onların əhalisinin ümumi sayı, əhalisinin milli tərkibi, orada fəaliyyət gös­tərən Azərbaycan məktəblərinin yaranma tarixi, həmin yaşayış məntə­qələrin­dən çıxmış tanınmış elm, mədəniyyət, incəsənət, din, ictimai-siyasi xadimlər, idmançılar, yüksək rütbəli hərbçi və polislər haqqında və eyni zamanda ölkənin paytaxtı Tbilisi(Tiflis) şəhərinin tarixi və ədəbi mühiti haqqında da məlumat verirlər. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Borçalı topo­nimləri” kitabı toponimika elminə dəyərli töhfədir.
İldırım ŞÜKÜRZADƏ,
Müəllim-tədqiqatçı,
AJB-in üzvü,
04.01.2013.
“Söz” qəzeti,
yanvar, 2013-cü il.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: