Biz səninlə fəxr edirik, Urfan!..

Biz səninlə fəxr edirik, Urfan!.. Azərbaycanı Almaniyada şərəflə təmsil edən həmyerlimiz

Təhsil cəmiyyət həyatının ən önəmli sahələrindən biri, millətin gələcəyini təmin edən başlıca amildir.

Dövlətimiz hər zaman gənclərə diqqət göstərərək onların Azərbaycanda və xarici ölkələrdə təhsil almalarına hər cür şərait yaradır.

Haqqında söhbət açmaq istədiyim nümunəvi gənclərdən biri də Urfan Şükür oğlu Hacıyevdir.


1986-cı ildə Bakıda anadan olmuş Urfan orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinə daxil olmuş və 2008-ci ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə başa vurmuşdur.

O, hələ Bakıda bakalavr təhsili alarkən bir çox dövlət qurumlarında, o cümlədən beynəlxalq təşkilatlarda və qeyri-hökumət təşkilatlarında da çalışmışdır. 2007-2008-ci illərdə Urfan Hacıyev Birləşmiş Millətlər Təşkilatının Bakı ofisində, 2008-ci ilin may ayına qədər isə Bakıdakı Diaspora Komitəsində fəaliyyət göstərmişdir.

Alman, ingilis, rus, fransız, türk dillərini sərbəst mənimsəməsi ona uğurlar gətirmişdir.

Biz səninlə fəxr edirik, Urfan!.. Urfan Hacıyev 2008-2010-cu illərdə Almaniyanın hüquq üzrə ən nüfuzlu universitetlərindən sayılan Vürzburq Universitetinin Avropa Hüquqi fakültəsində magistratura təhsilini almışdır. O, Almaniyada oxuduğu illərdə bu ölkənin bir çox dövlət qurumlarında, o cümlədən Almaniyadakı beynəlxalq təşkilatlarda çalışmışdır. 2010-2011-ci illərdə və hal-hazırda da yaşadığı Bavariya əyalətinin Vürzburq şəhərində yerləşən Vürzburq İnzibati Məhkəməsində və eyni zamanda bu şəhərin Natariusunda, o cümlədən 2011-ci ilin yanvar ayından iyul ayına qədər Almaniya Parlamentində – Bundestaqda hakim partiyadan olan millət vəkilinin ofisində xarici siyasət üzrə məsləhətçi kimi çalışmışdır.

Urfan Hacıyev 2012-ci ilin yanvar ayından mart ayına qədər Almaniya Parlamentində – Bundestaqda hakim partiyadan olan digər bir millət vəkilinin ofisində, 2012-ci ilin mart-may aylarında isə Bavariya Parlamentində Bavariya əyalətindən seçilmiş hakim partiyadan olan millət vəkilinin ofisində xarici siyasət üzrə məsləhətçi vəzifəsində işləmişdir.

Urfan Hacıyev 2012-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birinci Ərazi (qərb) İdarəsinin 2-ci Avropa şöbəsində təcrübə keçmişdir.

Gənc siyasətçi 2011-ci ilin fevral ayından 2015-ci ilin yanvar ayına qədər Almaniyada Hüquq bürosunda beynəlxalq hüquq sahəsində hüquqşünas işləmiş və 2015-ci ilin yanvar-aprel ayları ərzində Avropa Parlamentində alman millət vəkilinin ofisində təcrübə keçmişdir.

Urfan Hacıyev bununla yanaşı, Almaniyada qeydiyyatdan keçmiş bir çox Azərbaycan diaspor təşkilatlarının fəal üzvüdür. Almaniyada, eləcə də Avropa ölkələrində Azərbaycanla bağlı bir çox tədbirlərdə fəal iştirak etmişdir.

Xocalıya ədalət kompaniyası çərçivəsində keçirilən silsilə tədbirlərdə, eləcə də mədəni əlaqələrimizin inkişafında fəal iştirak edən Urfan Şükür oğlu Azərbaycanın haqq səsinin dünya xalqlarına çatdırılmasında xüsusilə fəallıq göstərir.

Hər dəfə bu mövzuda söhbət düşəndə Urfan deyir:

- Valideynlərim Qarabağın dilbər guşəsi olan Ağdam rayonunun Kəngərli kəndindəndir.

Erməni hərbi birləşmələri Ağdam rayonunu, eləcə də ata-babalarımızın yaşadığı doğma Kəngərlini də işğal ediblər.

Yaxın qohumlarımızı ermənilər qətlə yetirmişlər. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev heç zaman yadımdan çıxmır. Xocalı şəhərini yerlə-yeksan edən ermənilər son 25 il ərzində ən dəhşətli soyqırım törədərək bir şəhəri yer üzündən silmişlər.

Valideynlərim köçkün həyatı yaşayırlar. Atam Şükür Hacıyev Qarabağ müharibəsi iştirakçısıdır. Ata-baba yurdumuz, evlərimiz talan edilib.

Almaniyada bir tədbirdə çıxış edərkən ermənilərin işğalçılıq siyasətini pisləyərək faktlarla danışarkən, həmin məclisdə iştirak edən erməni diasporlarının nümayəndələri mikrofonu söndürməklə həqiqəti söyləməyimə mane olmaq istəsələr də, mən tutarlı faktlarla sözümü deyə bildim.

Axı bizim heç bir kəsin torpağında gözümüz yoxdur.
Erməni işğalçıları Azərbaycanın 20 faiz torpaqlarını işğal etməklə bu gün də təcavüzkarlıq siyasətlərini davam etdirirlər.

Görün, Ermənistanda 1 nəfər də olsun qeyri-millətin nümayəndələri yaşamır.

Lakin Azərbaycan tolerant bir ölkədir. Bu gün də Azərbaycanda xaricdən gələn minlərlə tələbələr təhsil alır, işləyir, sərbəst gəzib-yaşayırlar.

Biz hər zaman sülhün tərəfdarıyıq. Lakin biz bir milyon azərbaycanlının öz torpaqlarında qaçqın, köçkün vəziyyətdə yaşamasında laqeyd yanaşa bilmərik. Biz bir qarış da torpaqlarımızı düşmənə vermərik.

Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz çalışacağıq ki, sülh yolu ilə torpaqlarımızı azad edək.
Əgər bu baş tutmazsa, biz ordumuzun gücü sayəsində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik.
Arzum budur ki, Avropada yaşadığım bu 9 il ərzində topladığım bilik və təcrübələrimi dövlətimizin xarici siyasət idarəsində davam etdirməklə günü-gündən güclənən ölkəmizin inkişafına həsr edim.

Doktorluq dissertasiyasını müdafiə etmək ərəfəsində olan gənc diplomat – Urfan Hacıyev Alman-Azərbaycan Gənclər Təşkilatının sədridir. Diasporanın fəal üzvüdür.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində iki il bir ay təcrübə keçmiş Urfanın sənədləri nazirliyin kadrlar şöbəsindədir.

Azərbaycan gənclərini xarici ölkələrdə də şərəflə təmsil edən həmyerlimizə səmərəli fəaliyyətində uğurlar, cansağlığı, yeni-yeni nailiyyətlər arzulayırıq!..


Rauf İlyasoğlu,
ZiM.Az-ın xüsusi müxbiri



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: