Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər
...Şahinlər səmanı sevirlər.
Onlar qıy vuran qartallar kimi zirvəsevər olurlar.
Çünki səmanın ənginliklərinə ucaldıqca dünyanın bir parçası olan Vətənin hər qarışını seyr edirlər.

Onlar da belə sevirdilər Vətənin açıq səmasını, günəş nurundan cana gələn torpağını.
Eyni zamanda tapdaq altında qalan, ayağımız dəyməyən, gedib-gələni olmayan cığır və izləri də sevirdilər axı...

Bu amallı şahinlər peşə seçəndə yanılmır.
Belə şahinlərimizdən biri də Təbriz Musazadə idi.
Vətən göylərində, səmanın ənginliklərində, buludlardan da yuxarıda idi 2 aprel 2016-cı il tarixədək.

O gün erməni vandallarının canına vəlvələ salanların biri də Təbrizin "dəmir qanadlı qartal”ı - "Mİ-24”-ü idi. Manevrləri ilə düşmən başına ələdiyi mərmi yağışı "salamat qalan” daşnakları səngərindən çıxıb qaçmağa məcbur etmişdi...


Təbriz Musazadə 12 avqust 1981-ci il qədim Borçalı ellərindən olan Başkeçidin (indiki Dmanisi rayonu) Yaqublu kəndində dünyaya göz açsa da, taleyi elə gətirdi ki, vətənpərvərliyi, cəsurluğu daşnakları vahiməyə saldı. Orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseyi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, Uçuş Hazırlığının Təlim-Tədris Mərkəzini, 2011-ci ildə isə Türkiyədə Uçuş Təhlükəsizlik Kursunu bitirdi.

Xidmət müddəti dövründə Azərbaycan Respublikasının müdafiə naziri adından 4 döyüş medalı ilə təltif olunan mayor Təbriz Musazadə təyyarəçi, baş təyyarəçi, manqa komandiri, eskadrilya qərargah rəisi vəzifələrində çalışdı. O, həmişə aldığı döyüş tapşırıqlarını layiqincə yerinə yetirirdi. 2016-cı il aprel ayının 2-də də Vətən naminə, Qarabağ uğrunda ölüm-dirim savaşına atıldı.

Füzuli istiqamətində gedən ağır döyüşlərdə düşmən qüvvələri öncə hava hücumundan müdafiə olunmağa çalışırdı. Bunu o gün səma qartalları da yaxşı bilirdi. Ona görə də hər üç şahin - mayor Təbriz Musazadə, mayor İrfan Vəlizadə və baş leytenant Əbu-Bəkir İsmayılov hər şeyə hazır idi. Məhz onların "Mİ-24” hərbi helikopteri ilə endirdiyi zərbələr düşməni pərən-pərən salırdı.

Səmada "min bir oyun çıxaran” cəsurlar bu ölümsaçan atəşlərdən qorxmur, düşmən başına mərmi yağdırırdılar. Birdən sanki "hava qaraldı...” Sən demə, onların son döyüşü imiş. Ermənilərin canına vəlvələ salan şahinlər hədəf alındılar.

Ermənistan verdiyi itkinin daha çox olacağını duyaraq, beynəlxalq təşkilatlardan Azərbaycanın döyüşləri saxlamasını xahiş etdi.

...O gün səmadan mərmi yağışı yağsa da, qartallarımız qanları ilə ana torpağa "Şəhidlər ölməz, Vətən bölünməz!” yazdılar.

"N” saylı hərbi hissənin komandiri mayor Rəşad Əkbərov o günləri xatırlayır, şəhidlik zirvəsinə yüksələn üç dostun son döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışmaqdan yorulmur...

O qalibiyyət günündən ötən müddətdə mayor Təbriz Musazadənin ailəsində də çox şeylər dəyişdi. Balaları Tayfunu ilə Onurunun anası - ömür-gün yoldaşı Pərişan xanıma səhər saat 5 radələrində "çəməngözlü”sü sonuncu mesajı yazıb: "...bircə kəlmə xoş söz...”

Pərişan xanımı qəhər boğsa da, iradəsini toplayıb sözünə davam edir: "2 aprel ailəmizə qəm-qüssə, balalarıma atasızlıq ağrısı gətirsə də, qürurla deyə bilərik ki, həmin tarix həm də düşmən üzərində qələbə sevinclərini xalqımıza yaşatdığına görə müqəddəsdir!”

Səmalar vurğunu, "çəməngözlü”sündən aldığı o qara xəbəri xatırlamaq istəməsə də, zorla eşidiləcək səslə dillənir: "...Pəncərəni açıb paltar sərirdim. Hava çiskinli idi, birdən dayandım. Paltarı qoyub, televiziyanın qarşısına keçdim. Xəbərlərdə ekranın aşağısından qaçan sətirlərdə həyatımızın alt-üst olduğunu bildirən bir cümlə oxudum: "Mİ-24” helikopteri vurulub”. İnanmadım. Özümə təsəlli verməyə çalışdım: "Sakit ol, Pərişan, o deyil, ola bilməz”. Zəng etdim, çatmadı. Heç bir hərbçi yoldaşı açmadı telefonu. Dəqiqələr keçir, saatın əqrəbləri elə bil beynimin içində taqqıldayırdı. Evdə iki övladımdan başqa heç kim yox idi. Mənə baxırdılar. Təmkinli olmalıydım. Özü tapşırmışdı: "Qapına gələn, suallarına cavab verə bilməyən, baxışları yerə dikilən hərbçilərə hazır ol!” Bu il şahinim Azərbaycan səmasını bəzəmədi. Bu il səma Təbrizsiz qaldı...”

Pərişan Musazadə sözünə nöqtə qoymağa tələsmir. O, şəhidlərimizə dövlət qayğısının yüksək səviyyədə olduğunu deyir. Onların müqəddəs ruhları naminə atılan hər addımın xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyinin şahidi kimi bəzi bədxahların bundan öz siyasi ambisiyalarını gerçəkləşdirməyə çalışmalarını qəbul etmir: "Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid ailələrinin, Qarabağ əlillərinin, kimsəsiz uşaqların qayğısına qalmasını kim unuda bilər ki? Şəhid adının şərəfini uca tutan Ali Baş Komandanın ordumuzun gücləndirilməsi, işğal altında qalan ərazilərimizin azad olunması istiqamətində yürütdüyü siyasət beynəlxalq aləmdə də müdafiə edilir. Biz şəhid ailələri dövlət başçısının siyasətini dəstəkləməli və bu istiqamətdə təbliğatçıya çevrilməliyik. Bu məqsədlə də "Şəhid Övladları və Kimsəsiz Uşaqlara Yardım” İB yaratma qərarına gəldik”.

Pərişan xanım deyir ki, üç ildir şəhid mayor Təbriz Musazadənin adını daşıyan Təhsil və İncəsənət Mərkəzini yaratmaqla məşğuldur. Bu müddət ərzində şəhid övladlarına və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə müəllimlərlə birlikdə təmənnasız dərslər keçir. Könüllülərdən ibarət olan birliyin hər bir üzvü şəhid ailələrinə dəstək olmağı əsas məqsədləri hesab edir. Sevindirici haldır ki, könüllülük prinsipi ilə bura ərizə verən müəllimlərin sayı artmaqdadır. Onlar şəhid övladlarına könüllü dərs demək üçün birliyin fəaliyyətində yaxından iştirakı özlərinin vətəndaşlıq borcu sayırlar.

Məhəmməd NƏRİMANOĞLU,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: