Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazırOrxan ARAS

Məşhur türk elm adamı və şairi Ziya Gökalpın ölümündən iki il sonra (1926) Əsəd Bəy Berlində "Ədəbiyyat dünyası" qəzetində onun haqqında qısa bir məqalə yazıb.

O məqalə belə başlayır:

"Deyilənlər doğru isə, İslam Peyğəmbəri şairlər üçün cənnətdə ən nadir daşlarla bəzədilmiş bir köşk hazırlayır və şair ölüncə də yetmiş min mələk ağ qanadlarının üzərinə o şairi alaraq cənnətdəki həmin köşkə aparır. Bilmirəm Şərqdə anladılan bu hekayə nə qədər doğrudur. Amma əgər bu hekayədə bir azca düzgünlük payı varsa, o cənnətdəki köşkə ən layiq olacaq şairlərdən biri, bir neçə il əvvəl vəfat edən şair Ziya Gökalpdır".


Mənim gözümdə Zəlimxan Yaqub da o köşkə gedəcək şairlərdən biridir. Onu çox uzun zamandan bəridir dilimizi ən gözəl tərənnüm edən şeirləri ilə tanıyırdım. Hətta həyat yoldaşım onunla əlaqədar atası Ömər və əmisi İsa Hüseynovla olan yaxınlıqları və xatirlərindən mənə tez-tez danışar, şeirlərindən oxuyardı. Amma onu ilk dəfə bir neçə il əvvəl professor Səlahəddin Xəlilovun dəvətilə bir yeməkdə tanıdım. Sakit, gülər üzlü, xoş söhbət və səmimi bir insan idi. Hər ağzını açanda ağzından çıxan sözlər qafiyələşər və şeir halını alardı. Dili, xüsusilə xalqın danışdığı sadə və coşğulu ifadə tərzini bu qədər gözəl mənimsəyən və istifadə edən çox az insan tanıdım. O, yaşadığı kosmopolit Bakı şəhərinə öz rəngini, öz səsini və öz üslubunu gətirmişdi. Onun yalnız şeirlərində deyil, söhbətində də, doğulduğu torpaqların səsini, qoxusunu və melodiyasını eşitmək mümkündü. Əzbəri güclü idi və aşıq şeiri ənənəsini çox yaxşı bilirdi. Həm ənənələrdən süzülüb gələn minlərlə illik bir ozan tərbiyəsini bilmək, həm də müasir şeirdən xəbərdar olmaq hər şairə xas deyil. O, süni bir ədəbiyyat dilindən istifadə etməzdi. Xalqın dilini ədəbi dillə bütünləşdirmişdi. Bu səbəblə xalq tərəfindən şeirləri çox əzbərlənən və sevilən bir insan idi. Xalqına bağlıydı, vətənini dəli kimi sevərdi. Türk dünyası onun səsləndiyi əsas kütləydi. Iğdırlı tarixçi Nizamettin Onk onun yaxın dostu idi və bizə ilk dəfə Zəlimxan Yaqubdan bəhs edən və şeirlərini oxuyan Nizamettin Onkdu. 2003-ci ildə onun şeirlərini Ankarada nəşr etmişdi və o kitabdan birini də mənə göndərmişdi.

Zəlimxan Yaqub xəstələnəndə Almaniyaya müalicəyə gəlmişdi. Hanovverdə bir xəstəxanada yatırdı. Hanovver bizə 650 kilometr məsafədədir. Nizamettin Onkdan telefon nömrəsini aldım və telefon açdım. Yanına gedəcəyimi söylədim. Qulaqlarıma çatan o şirin və mülayim səsini unutmaq mümkün deyil: "Nizaməddin yolun çox uzaq olduğunu söylədi, lütfən əziyyət çəkməyin" - dedi.

Yazdığı şeirlər tam 13 cilddir. Bu bir şair, bir yazar üçün böyük uğurdur. O gəldi, yaşadı, sözlərini söylədi və söz atına minib aramızdan ayrıldı. Özünün də dediyi kimi,

Sənindir, əkə bilmirəm,
Bir könül tikə bilmirəm.
Dərdini çəkə bilmirəm,
Gəl, şəklini çəkim, dünya...


O da gəlib gedənlər kimi gəldi, dünyanın şəklini çəkdi və getdi. Bizə də onun şeirlərində çəkdiyi şəkillərə baxaraq təsəlli almaq qaldı.

Nur içində yat, əziz şairim!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: