Tədbirdə şəhər ictimaiyyəti fəal iştirak edib və xalq şairi Zəlimxan Yaqubun vəfatı münasibətilə dərin hüzünlə baş sağlığı veriblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül xanım Hüseynova Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun həyatı, onun keşməkeşli, çətin, şərəfli ömür yolu barədə geniş məlumat verib. O, bildirib ki, xalq şairi Zəlimxan Yaqubun Borçalıdan başlayan çoxşaxəli yaradıcılığı Bakıya, İstanbula, Təbrizə, bir sözlə, bütün Turan dünyasına yayılıb.
Onun sözlərinə görə, Zəlimxan Yaqubun yaradıcılığı bütövlükdə milli mənlik şüurunun əksi, vətənpərvərlik duyğusunun aynasıdır: "Zəlimxan Yaqubun şeirləri odlu-alovlu, hər kəlməsi, hər sözü, hər misrası Vətənə məhəbbət hayqırır. Bu mənada Zəlimxan Yaqub yaradıcılığı gəncliyə milli mənlik şüurunun aşılanması, Vətənə məhəbbət, sədaqət və Vətən uğrunda şəhidlik zirvəsinin müqəddəsliyini anlatmaq baxımından ən gözəl nümunədir".
Tədbirdə vurğulanıb ki, Zəlimxan Yaqub uğurlarına görə 2005-ci ildə Prezidentin sərancamı ilə Xalq şairi adına layiq görülüb. 5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib. Ankaradakı Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub.
Sonra şair Ramiz Təmkin qeyd edbi ki, Zəlimxan Yaqub ilhamının mayasını Dədə Qorqudun qopuzundan, Qurbaninin sazından götürüb. O, gəncliyindən qeyri-adi istedadı, yüksək natiqlik qabilliyyəti, dərin hafizəsilə milyonların könlündə özünə yuva qurub. Neçə ki, sazımız, sözümüz, baldan şirin dilimiz var Zəlimxan Yaqub əbədi yaşayacaqdır.
Şair və yazıçılardan Qərib Mehdi, Aləmzər Əlizadə, Ofelya Mədətqızı, Rəhim Qurbani, Oqtay Abdulla, Nadir Ovçu, Bayram Göyçəli, Banu Qarayeva, Eyyub Cabbarov, Oruc Göyçəli və Qul Məsail çıxış edərək şairin yaradıcılığı barədə öz fikir və mülahizələrini bildirib, ona həsr etdikləri şeirlərini oxuyublar.
Tədbirdə gənc yazarlardan Zinyət Zəki, Şəfa Vəli, Cahandar Aybər və b. böyük şairin şeirlərindən nümunələr səsləndiriblər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.