İRƏVAN TEATRI-133.

İRƏVAN TEATRI-133.
İftixar

Sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
əməkdar mədəniyyət işçisi

Teatr elə bir məkandır ki, bu sənətə gələn hər bir insan anlamalıdır ki, bura yalnız və yalnız mənəvi qida bazası, özünü ifadə meydanıdır. Yaşanan ömrün bütün mahiyyəti, bu sənəti seçənlər üçün yalnız burada öz mənasına qovuşa bilir. Ömrünü teatra bağlayanlar burada ən ağır çətinliklərlə üz-üzə dayanma, ən gərgin məqamlarla mübarizə aparma, bəzən maddi imkansızlıqla çox səmimi şəkildə qol-boyun olma və belə halları özünə, öz taleyinə məhkum olunmuş bir həqiqət kimi qəbul etməyə vadar olduğunu dərk etməli və bununla barışmaqdan çəkinməməlidir, əksinə, bununla, çox böyük ruh yüksəkliyi ilə qürurlanmalıdır. Çünki bu sənətin sahibləri hər kəsə nəsib olmayan, düşüncə, hiss, duyğu, daxili bütövlük, mənəvi rahatlıq və təmizlənmə, saflaşma, kövrək və istiqanlı qəlb dolğunluğu, idrak və təfəkkür dərinliyi, zövqlü və kübar zənginlik, alicənab və mükəmməl şəxsiyyət və sair kimi mütləq sərvət zənginliyi ilə Tanrının mükafatını qazanmaq imkanında ola bilirlər. Və bu sənətə məhz sənət naminə gələnlər gec-tez həmin mükafata layiq mərtəbəyə çata bilirlər və özlərindən sonra həyatda qoyub getdikləri böyük sənət nümunələri ilə tarixin sənət salnaməsində öz yerlərini tuturlar və bu yer-belə bir müstəvi insan olan kəs üçün ən mötəbər bir məkandır. Bu məkana daxil olmaq, həmin məkanın sakininə çevrilmək üçün yerli-yersiz, vaxtlı-vaxtsız, layiqli-layiqsiz, tələm-tələsik, haqlı-haqsız göstərilən canfəşanlıqlar həqiqi sənətkarların düşüncəsinə, onların arzu meyarlarına uyğun olmayan bir havacatdır ki, həqiqi sənətkarlar belə havacatlara oynamamaqla öz ruhlarını xəstələnməkdən həmişə qoruyurlar. Əsl sənətkarlar bütün varlıqları ilə, ömürlərinin sonuna qədər yalnız və yalnız sənətləri ilə məşğul olurlar. Fikrimcə bu meyarı İravan Teatrının kollektivi yarandığı gündən etibarən anlayır, dərk edir və elə bu qüdrət də həmişə onun bütün həyatının mənasını ifadə etmişdir.
2 aprel 1882-ci ildən peşəkar fəaliyyətə başlandığı bilinən İrəvan Teatrının tarixinə nəzər saldlıqda belə qənaətə gəlmək olur ki, bu sənət ocağı zamanın və dövrün ictimai-siyasi mənzərəsi fonunda o dövr ziyalı mühitinin yaratdığı tərəqqinin inkişaf selinin sürətli axını istiqamətinə qoşulmuş cəmiyyətin teatr sənətinə olan tələbləri dinamikasının təsir qüvvəsindən, beləliklə böyük bir zərurətdən yaranmışdır. Teatrın fədakar kollektivi bütün fəaliyyəti boyu öz sənətkarlıq qüdrətləri ilə cəfakeşlik, əzmkarlıq, mübarizlik nümayiş etdirmiş, yaratdıqları çoxjanrlı sənət əsərləri ilə cəmiyyətin həqiqi aynasına çevrilmiş, bütövlükdə çox dolanbac yollardan keçsə də, Azərbaycan Teatr sənətinin yaradıcılıq salnaməsinə böyük töhfələr verməklə yanaşı öz ənənələrini yaratmış, özünəməxsus bir sənət məkanına çevrilmişdir.
İrəvan Teatrının yaradıcılıq potensialının məzmun və mahiyyətində xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur. Bu teatrın kollektivi bütün yaradıcılıq tarixi boyu – həm Qərbi Azərbaycandakı fəaliyyəti dövründə, həm də hal-hazırkı deportasiya həyatındakı fəaliyyəti zamanı bütün gücü ilə qoruyub saxladığı özünəməxsus ənənələrinin tərkib hissəsindən biri olan səmimi vətənpərvərlik missiyası ilə mənsub olduğu xalqına, torpağına, millətinə, dövlətinə və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir. Teatr respublikadaxili və xarici ölkələrə olan hər bir səfərində, geniş yaradıcılıq imkanlarının masştabını göstərməklə yanaşı, həm də İrəvan və Qarabağ həqiqətlərinin carçısı olduğunu dönə-dönə və qəhrəmancasına sübut edir.
Son iki ildə M.F.Axundzadənin “Mürafiə vəkilləri” (2012), Hidayətin “Vətəndən ağırdı Vətənin yükü” (2012), İftixarın “Soyqırımı tarixinin dastanı” (2012), Anarın “Qaravəlli” (2013), İftixarın “Nurlu ömrün anları” (2013), “Qalx ayağa Azərbaycan” (2013), E. İoneskonun “Stullar” (2013), X. Əliyevin “Xan bəzəmə oyunu” (2014), X. Qocanın “Vəzifə dəlisi” (2014), E. Hüseynbəylinin “Qaçaq qocalar” (2014) , Hidayətin “Burdan min atlı keçdi”(2014), D.Çizməli “Cümhuriyyətin ilk sədası” (2015) və N.Dumbadze “Didro” (2015), (son iki əsərin hər ikisi beynəlxalq layihə olaraq hazırlanmışdır!) kimi və bir çox başqa müəlliflərin əsərləri ilə bir-birindən maraqlı premyeralarla öz sevimli tamaşaçılarını sevindirə bildi.
Teatrın repertuarını bəzəyən müxtəlif janrlı əsərlər sırasında vətənpərvərlik ruhu aşılayan əsərlərə xüsusi yer ayrılır və həmin əsərləri çalışırıq ki, geniş tamaşaçı auditoriyasında dəfələrlə nümayiş etdirək. Hətta həmin əsərlərin xarici ölkələrdə nümayişini həyata keçirmək də bizdən ötrü priaritet məsələlərdən olduğu üçün buna daha çox əmək sərf edirik. Bu mövzuda olan tamaşalarımızı biz adətən Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi ilə beynəlxalq layihə miqyasna yüksəldirik.
2011-ci ildə Türkiyə Cümhuriyyətində həyata keçirdiyimiz böyük coşqu ilə qarşılanan qastrol səfərindən sonra 2013-cü ildə Türkiyə Cümhuriyyəti tərəfindən soyqırımı hadisələrini əhatə edən məzmunda bir səfər üçün yeni dəvət aldıq. Lakin bu təklifdə bir məsələ şərt olaraq qarşımıza konkret şəkildə belə qoyulmuşdu ki, əsər mütləq mənzum olmalıdır. Belə olan halda gecikmədən “Soyqırımı tarixinin dastanı” mənzum, xronikal, tarixi dramını ərsəyə gətirdik. Yeni, orijinal, bir tamaşa hazırladıq və həmin tamaşa ilə 2013-cü il mart ayının 20-dən 27-dək Türkiyənin Qars, İqdır, Manisa, Quş adası və Uşak şəhərlərində qastrol səfərində olduq. Biz əvvəlki illərdə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki dəfə geniş heyyətlə və Türkiyənin geniş coğrafi ərazisni əhatə edən qastrol səfəri həyata keçirmişdik. İlk səfərimiz Prezident sərəncamı ilə Teatrımızın 125 illiyi yubileyinin Bakı şəhərində təntənəli şəkildə keçirilən törənindən sonra yubiley tədbirləri çərçivəsində Türkiyə Cümhuriyyətində davam etdirilməsi məqsədi ilə həyata keçirilmişdi. Bütün bunlar İrəvan Teatrının tarixində parlaq səhifələrdir.
2013-cü ildəki səfər Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kampaniyasının tədbirlər planı çərçivəsində, Türkiyə Cümhuriyyətinin Uluslararası Azərbaycan Kültür, Dil, Tarix, Araşdırma Mərkəzinin dəvətinə uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi təşkilatçılığı ilə gerçəkləşmişdi.
Qastrol səfəri 21 mart 2013-cü ildə Ulu öndər Heydər Əliyevin Qars şəhərində ucaldılmış abidəsinin ziyarəti ilə başlandı və elə həmin axşam kollektiv Qars şəhərinin İmperator salonunda keçirilən möhtəşəm Novruz Bayramı şənliyinə dəvət aldı. Qars-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Göksəl Qayğısız, Qarsdakı Azərbaycan Konsulunun müavini Fariz Cəfərovun və digər rəsmilərin də qatıldığı mərasim iki qardaş xalqın ortaq mədəniyyətinin nümayişi ilə yaddaşlarda qaldı. Böyük coşqu ilə keçən şənlikdə teatrın aktyorları Bahar qızı, Kosa və Keçəl obrazları ilə qonaqları salamladılar.
Martın 22-də İqdır vilayətinə yola düşən kollektivlə İqdır Əsilsiz Erməni İddialarıyla Mücadilə Dərnəyində görüş keçirildi. ASİM-DER Dərnəyinin Yönetim Kurul Başkanı Göksel Gücbey tərəfindən səmimi qarşılanan teatrın yaradıcı heyətinə dərnəyin gördüyü işlər barədə geniş məlumat verildi. Axşam İqdır Kültür Mərkəzində İqdırdakı Azərbaycanlı və Türk teatrsevərlər qarşısında “Soyqırımı tarixinin dastanı” tamaşası böyük coşqu ilə oynanıldı. Tamaşadan sonra kollektivimizə ödüllər təqdim edildi.
Əsərdə həm bədii material, həm də maraqlı rejissor yozumu məharətli aktyor ifası ilə vəhdətdə dolğun və təsirli bir tamaşanın yaranmasına səbəb olmuşdu. Ən çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında öz qoşunu ilə Azərbaycana gəlişi səhnəsində tamaşaçı salonu ayağa qalxırdı. Milli qəhrəmanımız Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi səhnəsi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağolsun!” sözlərinin səsləndirilməsi səhnəsinin yaratdığı coşqu tamaşaçılara böyük həyəcan yaşadırdı.
Finalda aktyorların “Qalx ayağa, Azərbaycan!” xitabından sonra isə səslənən marşın sədaları altında bütün tamaşaçılar ayaq üstə Türk və Azərbaycan əbədi dostluğunun rəmzi olan bu tamaşanı xüsusi sevgi ilə alqışladılar. Tamaşadan sonra çıxışlar oldu. Öz çıxışlarında əsərin yaratdığı coşqu barədə danışan İqdır millət vəkili (MHP) Sinan Oğan, ASİM-DER başkanı Göksəl Gücbey, İqdır Universitetinin rektoru Prof. Dr. İbrahim Haqqı Yılmaz və digər rəsmi nümayəndələr bu tamaşanın soyqırımı həqiqətlərinin üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını və əsərin Türkiyənin bütün şəhərlərində göstərilməsinin vacibliyini qeyd etdilər. Millət vəkili Sinan Oğan tamaşanın təkcə Türkiyə Cümhuriyyətində deyil hətta Avropanın mərkəzi şəhərlərində də oynanılmasının daha doğru olduğunu və bu istiqamətdə hər cür yardımçı olmaq niyyətini bildirdi. Mərasimin sonunda şəhər rəhbərliyi adından teatrın kollektivinə mükafatlar təqdim olundu.
Ertəsi gün, martın 23-də teatrın kollektivi Qarsda keçirilən Qars-Azərbaycan Kültür və Dayanışma dərnəyinin Qars Xalq Egitim Mərkəzində keçirdiyi, əslən Gəncə şəhərindən olan Artsit Səttar Güldürün xatirəsinə həsr olunmuş gecəyə qatıldı. Təntənəli mərasimə Qarsın məşhur aktyoru Səttar Güldürün nəvələri Nəsrin Əskəran Ünal və İlham Əskəran da dəvət olunmuşdular. Gecədə biz dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar oynadıq. Qeyd edək ki, həmin il operettanın 100 yaşı qeyd olunurdu. Tamaşa “O olmasın, bu olsun” operettasının qəhrəmanı Məşədi İbadın monoloqu ilə başlayır, sonra “Arşın mal alan”a keçid alır və sonda yenə Məşədi İbad tamaşaya yekun vuraraq sənətsevərləri növbəti qastrolda bu əsərin tamaşasına dəvət edirdi.
Bu məqamda, Azərbaycan teatr sənəti tarixi üçün yeni olan, bizim aşkar etdiyimiz onu da qeyd etmək yerinə düşür ki, 20-ci əsrin əvvəllərində Gəncə şəhərindən Qarsa pənah aparmış Səttar Güldür adlı azərbaycanlı gənc aktyor (o səttar Güldür ki, ilk Türk sinemasında rol almışdır!) Azərbaycan teatrının məhz Qars şəhərində bünövrəsini qoymuş, uzun müddət teatr öz fəaliyyəti ilə həmin bölgədə xeyli tanınmış, hətta böyük Atatürk Qarsda onların tamaşasına baxmışdır.
25 mart tarixində Manisada, Manisa valisinin xahişi ilə “Arşın mal alan” tamaşası da oynanıldı. Bu tamaşaya təşrif buyuran Manisa Valisi Xəlil İbrahim Daşöz tamaşalardan sonra kollektivin bir neçə üzvünü öz iqamətgahında qəbul etdi. Vali, belə möhtəşəm tədbirlərin həyata keçirilməsi üçün atılan cəsarətli addımlara görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və vitse-prezident Leyla Əliyevaya, təşkilati işlərin həyata keçirilməsinə dəstək olduqlarına görə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına təşəkkür və salamlarının çatdırılmasını bizdən xahiş etdi. Görüşün sonunda biz tərəfdən nazirimiz Əbülfəs Qarayevin adından Valiliyə hədiyyə, Valiliyin adından isə teatra vali tərəfdən hədiyyə və ödül təqdim olundu.
“Arşın mal alan” operettası mart ayının 26-da Quş adasının teatr salonunda da böyük uğurla oynanıldı. Quş adası Bələdiyyə başqanı M. Esat Altungün tamaşadan məmnun qaldığnı söylədi.
Mart ayının 27-də isə İrəvan Teatrının Uşak Universitetinin müəllim və tələbə heyəti ilə görüşləri keçirildi. “Uşak Bələdiyyəsi Atatürk Kültür Mərkəzi”ndə kollektiv “Soyqırımı tarixinin dastanı” tamaşasını təqdim etdi. Salondakı qonaqları və tamaşaçıları oynanılan tamaşanın təsirindən göz yaşlarına qərq edən əsərin təsir qüvvəsi sonda yenə böyük coşqu yarada bildi. Tamaşanın finalındakı mübarizlik, əzmkarlıq, dönməzlik səhnələri və aktyorların söylədiyi “Qalx ayağa, Azərbaycan!” xitabından sonra teatrın kolletivi izləyiciləri marşın sədaları altında sona qədər ayaq üstə izlətmək məcburiyyətində qoydu. Tədbirdə Uşak Valisi Mehmet Ufak Ərdən, Uşak Bələdiyyə Başqanı Nevzat Turan, Uşak Universitetinin rektoru Prof. Dr. Sait Çəlik, Uşak Barosu Bayan Kantar, Türk Ocakları Başkanı və digər rəsmilər iştirak edirdilər. Tamaşanın sonunda səfərin təşkilatçılarına təşəkkürlər söylənilməklə teatrın kollektivinə ödüllər təqdim olundu.
Bütövlükdə, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyə Cümhuriyyətinə qastrol səfəri boyu bütün şəhərlərdə təkrar olunan bu səmimi qarşılanma ümumilikdə Azərbaycan xalqına, dövlətinə, mədəniyyətimiz və teatr sənətimizə olan sevginin, ehtiramın göstərici idi.
Belə beynəlxalq layihələrdən birini 26 fevral 2015-ci il tarixində Gürcüstan Mədəniyyət və abidələrin qorunması nazirliyi və Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bir qrup sənətkarları ilə birgə həyata keçirdik. Layihə yenə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kompaniyasına uyğun olaraq gürcü dramaturqu Nodar Dumbadzenin əsasən “Didro” hekayəsinin və müxtəlif əsərlərinin motivləri əsasında Tiflis Teatrının aktyoru və rejissoru Turqay Vəlizadənin quruluşunda hazırlanan çox maraqlı bir tamaşanın nümayişi ilə gerçəkləşdi. Tamaşada İrəvan Teatrının sənətkarları, əməkdar artist Vaqif Kərimov, Esmiralda Şahbazova ilə yanaşı gənc istedadlı aktyorlar Əhliman Ərşadlı, Şəbnəm Cəbrayılova, Samirə Hacıyeva, Solmaz Məmmədova, Ceyhun Əliyev və Tiflis teatrını istedadlı aktyorları Aslan Məmmədovla Leyla Qasımova da iştirak edirdilər. Müharibə əleyhinə hazırlanmış, azərbaycan və gürcü xalqlarının, eləcə də müharibələrə, soyqırımına məruz qalmış bütün xalqların dərdini ehtiva edən bu beynəlxalq layihəyə 9 aprel 2015-ci il tarixdə Tiflis şəhərində yekun vurulacaqdır.
Teatrımız Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə də bir neçə layihə həyata keçirmişdir. İşimiz A. Babayevin “Xilaskar” əsərinin tamaşaya hazırlanması başlandı. Binəqədi Rayon İcra Hakimiyyətinin yeni rəhbərliyinin təşəbbüsü ilə ardıcıl olaraq bir neçə yeni layihələr həyata keçirildi. Rayon ərazisində 20 yanvar qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılmış “Güllə yağışı” abidəsinin önündə baş tutmaqla davam etdirildi. Bu məkanda, bəzi əlavələr etməklə “Söyqırımı tarixinin dastanı” mənzum tamaşasından parçalar oynadıq.
Daha sonra rayon rəhbəri ardıcıl olaraq əlavə bir neçə layihələrin də ərsəyə gəlməsinə təşəbbüs və köməklik göstərdi. Ümummilli Lider Heydər Əliyevin 90 illiyi yubileyinə həsr olunmuş, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, teatrın baş rejissoru Oruc Qurbanovun quruluşunda hazırlanmış müəllifi olduğum müstəqillik tariximizin yaranmasına, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunmuş, Heydər Əliyevçilik – Azərbaycançılıq ideyasının bədii təcəssümü olan “Qurtuluş dastanı” tamaşası İrəvan Teatrının məhsulu olaraq, 2013-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində oynanıldı.
Qürurla qeyd etməliyəm ki, öz əzəl məkanına dönmək arzusunu heç vaxt unutmayan və buna görə də repertuarında vətənpərvərlik ruhu aşılayan əsərlərə həmişə müraciət edən və siyasi mövzulara geniş yer verməklə sənət meydanında özünü ifadə etməyə çalışan İrəvan Teatrı ulu öndər Heydər Əliyevin fenomenal qüdrətini təcəssüm etdirən daha bir neçə böyük əsərə səhnə həyatı verdi. A. Babayev “Xilaskar”, İftixar “Qurtuluş dastanı”, “Nurlu ömrün anları”, ümummilli liderimiz Heydər Əliyevin, cənab prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan mədəniyyətinin hamisi Mehriban Əliyevanın da obrazlarının yer aldığı, möhtərəm prezidentimizin 50 illiyi yubileyi ərəfəsində onun quruculuq missiyasına həsr olunmuş “İşıqlı, nurlu, sabah” mənzum dramının və dövlət sifarişi yolu ilə, ulu öndərin bədii obrazının təcəssüm tapdığı tanınmış şair-dramaturq Hidayətin ”Burdan min atlı keçdi” əsərlərinin tamaşaya hazırlanmasında böyük səy göstərdi. Bu faktı qürurla ifadə etmək yerinə düşür ki, Ulu öndərin bədii obrazının geniş miqyasda səhnə təcəssümü ilk dəfə məhz İrəvan Teatrında, həm də ayr-ayri nəhəng əsərlər vasitəsi ilə reallaşmışdır.
Bu reallıqda, oynanılan bütün əsərlərdə aktyor kimi taleyimə nəsib olan, ümummilli liderimizin bədii obrazının səhnə təcəssümünü yaşamaq imkanı həyatımın ən fərəhli və unudulmaz hadisəsi kimi qürurverici bir faktdır.
Onu da diqqətə çatdırmaq yerinə düşür ki, Dr. Zihni Papaqçının “Söyqırımı abidəsinin dastanı” və müəllifi olduğum “Soyqırımı tarixininn dastanı” əsərlərində Osmanlı dövlətinin nəhəng sərkərdəsi olan Nuru Paşanın bədii obrazı Azərbaycan Teatr məkanında ilk dəfə İrəvan Teatrının səhnəsində öz təcəssümünü tapdığı kimi, türk yazarı Demet Çizməlinin “Cümhuriyyətin ilk sədasi” əsərində isə Türkiyə Cümhuriyyətinin yaradıcısı, böyük öndər Mustafa Kamal Atatürkün və ünlü türk sərkərdəsi Kazım Qara Bəkir paşanın bədii obrazları da ilk dəfə İrəvan Teatrının səhnəsində canlandırılmışdır.
2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə aşağıda adları çəkilən mənzum əsərlərin yazılması və tamaşaya hazırlanaraq Binəqədi Rayon İcra Hakimiyyətinin “Kültür salonu”nda premyeralarının oynanılması da (noyabr ayının 7-də “Azərbaycan bayrağı günü” münasibəti ilə “Azərbaycan Bayrağı”, Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşma tarixi ərəfəsində ümummilli liderimizin anım münasibəti ilə dekabr ayının 12-də “Nurlu ömrün anları”, 2014-cü ilin 17 yanvar günündə 20 Yanvar qəhrəmanlarının anım mərasimi üçün “Qalx ayağa Azərbaycan!”) İrəvan Teatrının yerli icra orqanı ilə müştərək fəaliyyət dinamıkasından xəbər verən bir hadisədir.
Həmin layihələrdən biri ilə, Gürcüstan Teatr Xadimləri İttifaqı və “Günəş” Assosiyasının dəvəti, Mədəniyyət və Turizm Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə dəstəyinə əsasən 2014-cü ilin 8-12 may tarixlərində Gürcüstan Respublikasının Tiflis, Rustavi, Qardabani, Marneuli, Bolnisi (Kəpənəkçi kəndi), rayonlarında “Nurlu ömrün anları” tamaşasını oynayan teatrının kollektivi böyük heyətlə qastrol səfərində oldu. Səfər ənənəvi olaraq, Tiflis şəhərində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünün, gürcü, azərbaycanlı teatr xadimləri və ziyalıların ziyarəti ilə başlandı.
Qeyd etməliyəm ki, Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İrəvan Teatrı ilə aparılan belə sıx əməkdaşlıq prinsipi məhz cənab prezidentin mədəniyyətin inkişaf prosesinə yerli dövlət və hökumət orqanlarının yaxından dəstək prioritetidir.
Bu günlərdə “Çanaqqala zəfəri” adlı daha bir yeni beynəlxalq layihənin gerçəkləşməsinə start vermişik. Türkiyəli yazıçı D.Çizməlinin “Cümhuriyyətin ilk sədası” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerasının tamaşaçılarımıza təqdimatı gözlənilir. Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunacaq bu tamaşa 1919-cu ildə qardaş Türkiyədə baş verən hadisələrdən, tarixdə məşhur olan “Ərzrum Konqresi”ndən bəhs edir. 24 aprel 2015-ci il tarixində, Çanaqqala zəfərinin yüz illiyinin kutlanma törəninə Azərbaycandan türkiyəli qardaşlarımızla birgə səslənmək məqsədi ilə bu mühüm əhəmiyyətli beynəlxalq layihədə iştirak etmək üçün müəlliflə yanaşı, Kazım Qarabəkir paşanın qız övladı hörmətli Timsal Qarabəkir və “Anadolu Aydınlar Ocağı”nın başkanı professor – doktor İbrahim Öztək dəvət olunacaqlar.
Diqqətəlayiq məsələ budur ki, İrəvana dönmək eşqini hər zaman özündə yaşadan İrəvan Teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır. İnanıram ki, bu mövqe İrəvan Teatrı üçün hər zaman priaritet məsələ kimi aktiv qalacaqdır və kollektivimiz ölkə başçısının apardığı uğurlu siyasət sayəsində, respublikamızda gedən bu günkü parlaq inkişafın sabahımıza apardığı işıqlı yolda üzərinə düşən sahədə hər zaman öz işini aktiv fəaliyyət prinsipləri üzərində davam etdirəcəkdir.
İrəvan Teatrı olaraq biz, dövlətimizin ona göstərdiyi etimadı bütün sənət bacarığımız, düşüncəmiz, vətənpərvərliyimiz, vətəndaşlığımız, azərbaycançılığımız və deportasiya həyatı yaşadığımızı heç vaxt unutmamaq qüdrətimizlə, var gücümüzü hər zaman qüvvədə saxlayacaq və xalqımızın xidmətində ləyaqətlə dayanacağıq.
İRƏVAN TEATRI-133.

T.C. Niğdə şəhəri. “Qızıl alma” parkının
“Heydər Əliyev adına park” olaraq isimdəyişdirmə mərasimində
Bələdiyyə Başkanından imzaladığı rəsmi sənədi qəbul edərkən.

İRƏVAN TEATRI-133.

A.Babayev. “Xilaskar”
H.Əliyev-İ.Piriyev



İRƏVAN TEATRI-133.



A.Babayev. “Xilaskar”
Gürcüstan Respublikası, Ş.Rustaveli adına
Akademik Teatrın səhnəsində tamaşadan sonra.





İftixar Fərhad oğlu Piriyev 1960-cı ildə, Gürcüstan Respublikasında anadan olub. 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Akademik Milli Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. Səhnədə, ekranda və teleseriallarda və teletamaşalarda onlarla baş rollar ifa etmişdir. “Ozan” ədəbi-bədii televiziya verilişinin aparıcısı, çoxlu sayda radio və televiziya verilişlərin iştirakçısı olmuşdur. “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş” şeirlər, “Böyük Turanın Himni” himn-poema, dünyanın doqquz dilinə tərcümə olunmuş “Müstəqil Vətənin Memarı” və “Sevgilim” poema, “Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dairəsi”, “Qarışqalar yuvasını dəyişmir” üç cildlik, eləcə də “İşıqlı, nurlu sabah”, “Soyırımı tarixinin dastanı” mənzum pyeslər və “Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı monoqrafiya kitablarının müəllifidir. “Dan yeri söküləndə”, “Körpü”, “Eşqin tikan dairəsi”, “İşıqlı, nurlu sabah”, “Soyırımı tarixinin dastanı”, ”Nurlu ömrün anları”, “Azərbaycan Bayrağı”, “Qalx ayağa Azərbaycan” pyesləri tamaşaya hazırlanmışdır. Evlidir. Beş övladı var. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Əməkdar mədəniyyət işçisidir. Teatr Xadimləri İttifaqının və Yazıçılar Birliyinin üzvüdür.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: