XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış məşhur söz ustadı, Azərbaycanın ilk Xalq Şairi, AMEA-ilk təsisçilərindən və ilk həqiqi üzvlərindən biri, akademik, Əməkdar İncəsənət Xadimi,
Dövlət mükafatı laureatı
Səməd Vurğunun
110 illik yubileyinə
həsr olunan tədbir keçirilib.
AzTU-dan ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor İsa Xəlilov açıb.
O, S.Vurğunun Azərbaycan ədəbiyyatında, poeziyasında özünəməxsus yer tutduğunu bildirib. Qeyd edib ki, ustad sənətkarın şeirləri, poemaları dillərdə əzbərdir. Azərbaycan xalqının ədəbi düşüncəsi, bədii təfəkkür ənənəsi şairin poeziyasında öz yerini tutub.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri - ADPU-nun filologiya fakültəsinin dekanı, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və tanınmış şairə Cığatel İsaqızı şairin poeziyasından danışıblar. Bildiriblər ki, S.Vurğun ölkəmizi bütün dünyada layiqincə təmsil edib. Onun təkcə tarixi poemaları həmin dövrün bütün xüsusiyyətlərini, mənzərəsini müfəssəl şəkildə göz önünə gətirir. "S.Vurğunun "Azərbaycan" şeiri qədər heç bir obraz, metafora, epiteti olmayan ikinci bir şeir tapılmaz", - deyən natiqlər onun ədəbi nümunələrinin zəngin olduğu qədər də, sadə olduğunu vurğulayıblar.
Sonra tədbir bədii hissə ilə davam edib. Şairə Telli Sənəm Mahmudlu Xalq şairi Səməd Vurğuna həsr etdiyi şeirini oxuyub.
Xalq Şairinin ən məşhur şeirləri səsləndirilib, mənzum dram əsərləri əsasında tələbələrin hazırladığı səhnəciklər nümayiş olunub.
Saz-söz ustalarından Aşıq Avdı, Aşıq Şaiq İncəli, Aşıq Təbriz Gədəbəyli, Aşıq Kərəm və Əhməd Təbrizoğlu qardaşları, eləcə də tanınmış müğənni Eldar Ələkbərov və Cığatel xanımın qızı Leyla xanım dahi şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Bir sözlə, tədbir bütün iştirakçıların yaddaşına əsl saz-söz bayramı kimi yazılıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.