AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədovun sədrliyi ilə keçirilən iclasda mövcud problemlər müzakirə olunub.
Magistratura səviyyəsi üzrə tədrisin vəziyyəti haqqında geniş məlumat verən prorektor bu sahə üzrə vaxtaşırı reydlərin keçirildiyini deyib.
Bildirilib ki, AzTU-da magistratura səviyyəsi üzrə tədrisin mövcud vəziyyəti qənaətbəxş hesab oluna bilər. Lakin bununla belə həll olunması son dərəcə vacib problemlər var. Həmin problemlər effektiv tədrisin həyata keçirilməsinə böyük əngəllər yaradır. İlham Pirməmmədov reydlər zamanı qeydə alınan müsbət və mənfi tendensiyaları iclas iştirakçılarının nəzərinə çatdırıb.
Elm və texnika üzrə prorektor növbəti ildə magistratura səviyyəsinə qəbulun artırılmasının universitet qarşısında duran əsas prioritetlərdən olduğunu diqqətə çadırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı strateji yol xəritələrinin təhsilə aid olan bölməsində bu işin sürətləndirilməsinə və konkret inkişafına zəmin yaradan mexanizmlər təsbit olunub. Buna görə də universitetin elmi-pedaqoji kollektivi tədrisi və ümumilikdə fəaliyyət mexanizmini strateji yol xəritələrinə uyğun şəkildə qurmalıdır.
Daha sonra AzTU-nun Metallurgiya və metalşünaslıq kafedrasının müdiri, professor Sübhan Namazovun məruzəsi dinlənilib.
Sübhan Namazov bildirib ki, AzTU-da magistratura səviyyəsinə qəbul sayının artırılması üçün Dövlət İmtahan Mərkəzi ilə danışıqlar aparılır.
Kafedra müdiri universitet nümayəndələrinin Dövlət İmtahan Mərkəzinin əməkdaşları ilə görüşdə bəzi önəmli məsələlərdə razılığa gəlindiyini qeyd edib. Bildirilib ki, müzakirələrin əsas predmeti magistratura səviyyəsinə qəbulun nisbətən sadələşdirilməsi yolu ilə müasir və qabaqcıl ölkələrin təhsil standartlarına uyğunlaşdırılmasıdır.
Sonda fakültə və kafedra rəhbərlərinə tez bir zamanda mövcud problemlərin həll olunması istiqamətində işlər görmələri və rəhbərliyə məlumat vermələri tapşırılıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.