təhsil naziri cənab
Mikayıl Cabbarovun
“İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün
AzTU İctimai Şurası üzvlərinin və
KİV nümayəndələrinin
iştirak ilə
Mediatur keçirilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələri və ekspertlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, cavabların yoxlanılması və tələbələrin biliyinin qiymətləndirilməsi prosesində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
Tur zamanı Universitetin İnnovativ Təhsil və İKT departamenti ilə də
tanışlıq olub.
Tur iştiakçıları burada aztu.edu.az saytının
imkanları haqqında
məlumatlandırılıb.
Bildirilib ki, sistem vasitəsi ilə akademik təhsil və imtahan nəticələri vahid mərkəzdə birləşdirilib.
Bu yolla tədris prosesində operativlik və tam şəfaflıq təmin olunub.
ZiM.Az xəbər verir ki, elə həmin gün Azərbaycan Texniki Universitetində (AzTU) İctimai Şuranın
iclası da keçirilib.
İclasda Şuranın sədri və
katibi müəyyənləşib.
Üzvlərin yekdil qərarı ilə professor Şahlar Əsgərov Şuranın sədri, əməkdar jurnalist Flora Xəlilzadə isə katib seçilib.
Qeyd edək ki, İctimai Şuraya Ş. Əsgərov və F. Xəlilzadə ilə yanaşı, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, AzTU-nun kafedra müdiri, professor Vaqif Mövlazadə, "APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, deputat Novruz Aslan, "XXI əsr" Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Qafqazinfo" portalının rəhbəri Elbrus Seyfullayev və "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova, MSK üzvü Şaiddin Əliyev və "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də daxildir.
Daha sonra Şura üzvlərinə AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib.
Şura üzvləri qərara gəlib ki, Universitetin bəzi problemlərinin həll olunması üçün AzTU rəhbərliyi ilə paralel onlar da fəaliyyət göstərəcək.
Üzvlərdən bəzilləri Universitet rəhbərliyinə konkret təkliflər, bəziləri isə problemlərin həlli üçün kənar təşkilatlara müraciət etmək məsələsini gündəmə gətiriblər.
Sonda qərar alınıb ki, mütəmadi olaraq Şuranın iclasları keçirilsin və Universitet Elmi Şurasında İctimai Şuranın üzvlərin iştirakı təmin olunsun.
İctimai Şuranın üzvləri bu yolla Universitetin bütün problemləri ilə yaxından tanış olmaq və həll olunması üçün səylərin səfərbər etmək niyyətindədir.
* * *
AzTU-nun rektor əvəzi
Xalıq Yahudov İctimai Şura üzvlərinə və KİV nümayəndələrinə bildirib ki, universitetdə dekabrın 30-dan başlanan qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Universitetdə doqquz ildır ki, imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilirdi. Daha dəqiq desək, əyani şöbədə imtahanlar əsasən test üsulu ilə kompüter vasitəsilə aparılırdı. Bu tədris ildən başlayaraq isə birinci kursda oxuyan bütün tələbələrdən imtahanlar yazılı şəkildə götürülür. Əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Bu semestrdə əyani şöbədə birinci kurs üzrə 1.758 tələbə imtahan verəcək. Burada da bir sıra yeniliklər var. Tələbələrin imtahan biletləri yazılı formada kompüter vasitəsilə hazırlanacaq. Kodlaşdırma avtomatik olaraq kompüterlə aparılacaq.
Rektor əvəzi diqqətə çatdırıb ki, "Universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri Universitetin Elektron Portalında yerləşdirilir".
AzTU-nun rektoru əvəzi
Xalıq Yahudov qeyd edib ki, qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Xüsusi Qərargah və Apelyasiya - Münaqişə Komissiyası yaradılıb: Qiymətləndirmədən narazı qalan tələbələrin bu komissiyaya ərizə ilə müraciət etmələri üçün lazımi şərait təşkil olunub.
Komissiya bütün müraciətlərə baxır, mübahisə doğuran məsələlər komissiya tərəfindən araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir".
Xalıq Yahudov İctimai Şura üzvlərinə və KİV nümayəndələrinə onu da bildirib ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına da şərait yaradılır: "İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir.
Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər".
* * *
Həmin gün AzTU-da keçirilmiş Mediaturda yaxından iştirak edən
AzTU İctimai Şuranın üzvü
Osman GÜNDÜZ özünün təəssüratlarını Facebook səhifəsində belə yazmışdır:
"Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olduq.
İmtahana hazırlıq və imtahanların təşkilində obyektivlik və şəffaflığın təmin olunması istiqamətdə xeyli müsbət dəyişikliklər müşahidə olunur.
Artıq AzTU-da dədə-baba qaydasına keçirilir – 1-ci kurslardan başlayaraq imtahanlar yalnız yazılı formada olacaq.
Yazılı imtahanların qiymətləndirilməsində subyektivliyin, mənfi halların qarşısını almaq üçün müəyyən addımlar atılıb.
Bu gün tələbələrlə söhbətdən də belə anladım ki, yazılı imtahan üçün onlar daha çox oxumağa məcburdurlar, test imtahanının daha rahat olduğunu bildirirdilər. Hər yerdə olduğu kimi burada da tədris resurslarının çatışmazlığı müşahidə olunurdu.
Yazılıya keçiddən sonra Appelyasiya şikayətlərinin də sayının xeyli artdığı bildirilir.
Güman ki yeni formaya keçidlə bağlı müəyyən hazırlıq mərhələsi keçirilməlidir.
İmtahanla bağlı məlumatlandrımada "Elektron Universitet Portalı" (aztu.edu.az)-ndan effektiv istifadə olunur.
Başqa Universitetlərdən fərqli olaraq burada tədris prosesində və idarəetmədə həm daxili həm də Koreyanın informasiya sistemlərindən istifadə olunur. İstənilən halda xarici informasiya sistemlərindən asılılığın müəyyən problemlər yaratdığı da diqqət çəkən oldu.
Ictimai nəzarət məslələrinin, ictimai dəstəyin davamlı olması üçün, ictimai iştirakçılığı təmin etmək üçün
AzTU-da bir İctimai Şura da formalaşdırılıb.
Bu gün keçirilən toplantıda professor Şahlar Əsgərovu Şuranın sədri seçdik.
Xeyirli olsun!.."
Gözəl arzudur!.. Biz də Osman Gündüzün bu səmimi arzusuna qoşulur, AzTU-nun İctimai Şurasına, eləcə də AzTU-nun bütün professor-müəllim heyətinə və çoxminli tələbə kollektivinə yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının
Baş redaktoru.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.