“Bakı Marafonu 2017”-nin
təşkilat nümayəndəsinin
tələbələrlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov son illər ölkədə idmana göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, Texniki Universitetdə sağlam gəncliyin yaranması və qorunub saxlanılması məsələsi daima prioritet olub. Prorektor “Bakı Marafonu 2017”dən danışarkən ötən il AzTU tələbələrinin göstərdiyi naliyyətləri də yadda salıb. Bildirib ki, “Bakı Marafonu 2016”da AzTU-nun maşınqayırma fakültəsinin tələbəsi Əsgər Bəylərov finiş xəttini keçənlər arasında 7-ci yeri tutaraq ilk onluğa düşüb.
Prorektor daha sonra “Bakı Marafonu 2017”-nin təşkilat nümayəndəsi Samir Cabbarovu iştirakçılara təqdim edib, “Bakı Marafonu 2017”-nin əhəmiyyətindən danışaraq tələbələrə marafonda aktiv iştirak etməyi tövsiyə edib və bu il tələbələrdən daha yaxşı nəticələr göstərmələrinə əmin olduğunu diqqətə çatdırıb. .
Marafonun təşkilatçılarından olan Samir Cabbarov Marafon yürüşünün yaranma tarixindən danışıb, eləcə də keçiriləcək Bakı Marafonunun iştirak qaydaları, qeydiyyat prosesi, marafonun marşrutu, qaliblər üçün nəzərdə tutulan mükafatlar, hədiyyələr barəsində tədbir iştirakçılarına geniş və ətraflı məlumat verib. Bildirilib ki, marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. O, həmçinin qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barədə tələbələrə məsləhətlər verib. Qeyd edib ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” Dövlət Bayraq Meydanından saat 10:00-da start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər və idmançıların da olması nəzərdə tutulur.
Yürüşün keçirilməsində məqsəd son illər idman ölkəsinə çevrilən Azərbaycanı idman ölkəsi kimi tanıtmaq, sağlam həyat tərzinə dəstək olmaq və insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək “Bakı Marafonu 2017” marafonu Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.
Sonda tələbələri maraqlandıran bir çox suallar cavablandırılıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.