Azərbaycan xalqının başına havadarlarının köməyilə ermənilər tərəfindən gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımı siyasəti barəsində yalnız XX əsrin səksəninci illərinin sonundan və doxsanıncı illərin əvvəllərindən başlayaraq açıqlamalar verilməyə başlanılmışdır.
Etiraf etmək lazımdır ki, müstəqillik illərinə qədər xalqımıza qarşı törədilən faciələr barədə daha çox fakt, sənəd, həqiqət bilməyə cəhd etdiyimiz halda, ən yaxın tariximiz olan XX əsrin əvvəlləri və 1918-1920-ci illərdə olmuş erməni vəhşiliyi barəsində özümüzə və dünyaya çatdıra biləcəyimiz səviyyədə təbliğat maşını yarada bilməmişdik. Məmləkətimizin bütövlüyünün qorunması, erməni qırğınının qarşısının alınmasında misilsiz xidmətlər göstərmiş xalq qəhrəmanları səviyyəsinə yüksəlmiş igid oğullarımız barəsində qədərincə yazmamış və onları xalqa tanıtdıra bilməmişdik. Şükürlər olsun ki, müstəqillik illərində bir daha yəqin edilmişdir ki, biz ziyalılar qarşısında unutqan yaddaşdan təmizlənməkdən daha vacib məqsəd dayanmır. 70 illik yasaqdan və təhrikdən sonra indi aşkarlıq işığında aparılan tədqiqatlar və araşdırmalar nəticəsində aydın olmuşdur ki, tarixə və soykökə bağlılıq, milli tariximizin öyrənilməmiş səhifələrinin araşdırılması indi daha mühüm əhəmiyyət kəsb edir. Son illərə qədər millətlərarası münasibətlər və ümumilikdə xalqımızın başına gətirilən bəlalar səhv təlqin edilərək çatdırılmışdır. Ən dəhşətlisi budur ki, 70 il qadağalarla, saxta beynəlmiləlçilik təbliğatı ilə faciəmizi bizə unutdurmuşlar. Xalqımızın sirri açılmamış çox səhifələri vardır ki, bugünkü və gələcək nəsillərimiz bunları bilməlidir. Çünki bunlar bilindikcə 20 Yanvara gedən yol bilinəcəkdir. Bu mənada xalqımızın keçdiyi yola nəzər salmaq, torpaqlarımızın bütövlüyünə zərbə vuranlara qarşı igidlik nümunəsi göstərənlərin fəaliyyətini işıqlandırmaq məqsədilə gerçək tarixə müraciət etmək daha məqsədəuyğundur.
Xalqımıza qarşı törədilən amansız faciələrin dərin tarixi kökləri var.
Tarixi gerçəkliyi izləyərək görürük ki, ermənilərin 1918-ci ilə qədər müstəqil dövlətçiliyi olmayıb.
Erməni başçıları "böyük Ermənistan” yaratmaq xülyası ilə XVII əsrdən dünyanın iri dövlətlərinə müraciət etmişlər. Rusiya və Qərbin bəzi iri dövlətləri yaxın şərqdə hökmranlıq etmək, İran və Türkiyəni zəiflətmək məqsədilə erməniləri dəstəkləmişlər.
Mənbələr göstərir ki, ermənilərin Cənubi Qafqazda yerləşməsi müəyyən mərhələlərdən keçmişdir. Bu prosesdə XVI-XVII əsrlər və XVIII əsrin ilk rübündə baş vermiş Səfəvi-Osmanlı müharibələrinin və Rusiya imperatoru I Pyotrun xüsusi rolu olmuşdu.
Məhz buna görə də XVII əsrin sonu və XVIII əsrin birinci yarısında erməni ideoloqlarının Qərbi Avropa və Çar Rusiyasına təqdim etdiyi plan və layihələrdə nəzərdə tutulan erməni dövlətinin, əsasən Səfəvi dövlətinə məxsus Azərbaycan ərazilərində və Osmanlı dövlətinin Şərqi Anadolu torpaqlarında qurulması planlaşdırılırdı.
Rusiya imperiyasının Qafqaz siyasətinin tərkib hissəsi kimi "erməni məsələsi” əsas götürülürdü. Həm I Pyotr, həm də II Yekaterina Qafqazın, xüsusilə Cənubi Qafqazın işğalında bu faktora xüsusi üstünlük vermişdir. 1721-ci ildə Qafqaza yürüşə çıxan və 1723-cü ildə Azərbaycanın Xəzəryanı ərazilərini, Bakını işğal edən I Pyotr sentyabrın 3-də Bakının alınmasını bayram etdi. Bakı şəhəri rus komendantı knyaz Bryatinskinin idarəsinə verildi. 1724-cü ilin 10 noyabrında I Pyotr 3 erməni katolikosunu qəbul etmiş, onların ermənilərin Xəzəryanı vilayətlərinə köçürülmələri barədə xahişlərini dinləmişdir. I Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə, "erməni kartını işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etmişdi.
I Pyotr tərəfindən irəli sürülən tarixi vəzifələrin həyata keçirilməsində ermənilərə xüsusi rol ayrılmışdır. Ermənilər bu rolu uğurla yerinə yetirməkdə geniş və hərtərəfli imtiyazlar almışlar. Bunlar hüquqi-siyasi cəhətdən I Pyotrun erməni xalqına 1724-cü il 10 noyabr tarixli əlahəzrət fərmanında, II Yekaterinanın 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərmanında, I Pavelin manifestində, 1802-ci ildə çar I Aleksandrın Qafqaz canişini A.Sisianova konkret təlimatında, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsində, 1829-cu il Ədirnə müqaviləsinin 13-cü maddəsində öz əksini tapmışdır. II Yekaterinanın birbaşa göstərişi ilə hazırlanan planlarda İrana və Türkiyəyə qarşı Cənubi Qafqazda Rusiyanın siyasi və strateji forpostuna çevriləcək vassal xristian dövləti əsasən Qarabağ və İrəvan xanlığı və həmçinin Azərbaycanın Xəzərsahili ərazilərində "Alban çarlığı” formasında qurulması nəzərdə tutulurdu.
Bütün bunlar bir daha çar Rusiyasının erməni dövləti yaratmaq niyyətinin ermənilər üçün deyil, daha uzaqgörən bir siyasət olduğunu, imperiyanın məhz Cənubi Qafqazın işğalında ermənilərdən bir alət kimi yararlanmaq siyasətinin tərkib hissəsi olduğunu açıqca göstərir. XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalını başa çatdıran Rusiya imperiyası artıq ermənilərin ortaya atdığı "böyük Ermənistan” ideyasının ağ yalan olduğunu bilə-bilə Cənubi Qafqazda "Erməni vilayəti”ni yaratdı. Bu qurumda aparıcı rolu sayca onlardan dəfələrlə çox olan azərbaycanlılara deyil, məhz azlıqda olan ermənilərə verdi.
Azərbaycan tarixinin saxtalaşdırılması ilk öncə, erməni kilsə xadimlərinin xüsusi göstərişi ilə sənədlər şəklində tərtib olunaraq həyata keçirilirdi. İrəvan xanlığı hələ işğal edilməmiş, 29 iyun 1827-ci ildə Üçkilsə katolikosunun göstərişi ilə İrəvan qalasının plan-xəritəsi tərtib edilərək Rusiya komandanlığına təqdim edilmişdir. Həmin plan-xəritədə İrəvan qalasının daxilində erməni kilsəsi təsvir edilmişdir. Çar Rusiyası tərəfindən İrəvan qalası işğal olunduqdan sonra burada azərbaycanlılara məxsus maddi və mənəvi abidələrimizin məhvinə, xristianlaşdırılmasına və ya erməniləşdirilməsinə başlanılmışdı. Bu iş dövlət səviyyəsində həyata keçirilirdi. Rusiya imperatoru I Nikolayın 13 noyabr 1827-ci il tarixli fərmanı ilə İrəvanın baş məscidi pravoslav yunan-rus kilsəsinə çevrildi. Digər mənbənin məlumatına görə, İrəvan qalasında yerləşən Rəcəb paşa məscidi rus-yunan kilsəsinə çevrilmişdir.
Türkmənçay müqaviləsindən dərhal sonra - 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "erməni vilayəti” təşkil edildi. Bu tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın təməli idi. Həmin vaxtın rəsmi statistikasına görə, "erməni vilayəti”nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq Tükrmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. Analoji proses XIX əsrdəki - 1829-cu və 1878-ci illərdəki Rusiya-Türkiyə müharibələrinin yekununda da özünü göstərdi. Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrə məskunlaşdırıldı. Çarizmin köçürmə siyasəti Qarabağda və İrəvanda demoqrafik tərkibi dəyişdi. 1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini isə ermənilər təşkil edirdi. 20,546 ailədən 13,965-i azərbaycanlılar, 6491-i isə ermənilər idi. Köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8 faizə endi, ermənilərin faizi isə 43,8 faizə qalxdı.
XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə Bakı və Yelizavetpol quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. 1914-cü ilədək İrəvan quberniyasının əhalisi 40 dəfə artaraq 570 min nəfər olmuşdu. Lakin Azərbaycan əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılar idi.
Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "böyük Ermənistan” qurmağı niyyətləyən, qərbin hakim dairələri tərəfindən şirnikləndirilən erməni separatçıları 1862, 1878, 1884-cü illərdə Türkiyənin Zeytun, 1880-cı ildə Samsun və 1884-cü ildə Van vilayətlərində qanlı faciələr, qırğınlar törətmişlər. 1896-cı ildə İstanbul poçtxanasını partlatmış və neçə-neçə günahsızı qanına qəltan etmişlər. Bundan sonra erməni millətçiləri mübarizəni Qafqaza keçirmişlər. 1887-ci ildə Cenevrədə "Qnçaq”, 1890-cı ildə, Tiflisdə "Daşnaksütyun” və 1895-ci ildə Nyu Yorkda "Erməni Vətənpərvərləri İttifaqı” kimi siyasi terror təşkilatlarını yaratmışlar.
Ermənilər 1905-ci il rus inqilabının başlanması ilə ölkədə yaranmış hərc-mərclikdən istifadə edərək İrəvanda, Bakıda, Şuşada, Gəncədə, Qazaxda və digər yerlərdə milli qırğınlar törətdilər. Şuşada qırğına başlamaq üçün Zarıslı kəndində atdan yıxılaraq başı qanamış ermənini ata mindirərək şəhərin mərkəzinə gətirib ucadan qışqırırmışlar ki, görün türklər ermənini nə hala salıb. Kimi gözləyirsiniz. 1905-ci ilin fevralın 6-9-da və avqustun 20-25-də İrəvanda, Şuşada, Zəngəzurda bir neçə dəfə başlanan kütləvi qırğınlarda minlərlə azərbaycanlını qətlə yetirmiş və kəndləri talan etmişlər. Xankəndidə doğulub boya-başa çatmış, qırğınların şahidi olmuş Ohanes Apresiyan xatirələrində qeyd edir: "Rus-Kazak birləşmələri türkləri və erməniləri bir-birinə savaşdırırdılar. Onlar deyirdilər ki, biz gündüzlər sakitliyi bərpa edirik. Gecələr sizin evlərin qonağıyıq. Onda nə bilirsiz edin”. Törədilən qırğın və fəryadın səsindən qulağıma pambıq tıxamağa məcbur olurdum.
1905-07-ci illər inqilabından sonra da azərbaycanlıların soyqırımı örtülü şəkildə davam etdirilirdi. Bunu statistik məlumatlar da təsdiqləyir. 1914-cü ildə başlanan I Dünya müharibəsi və 1917-ci il inqilabları ermənilərin "böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı.
1915-ci ilin əvvəlində Türkiyənin şimali-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Erməni dönüklüyünü zərərsizləşdirmək üçün Osmanlı dövləti onları Ərzurum, Qars, Van və digər ərazilərdən cənuba - Suriya sərhədlərinə köçürməyə məcbur olmuşdu. Xain xislətli ermənilər sonralar, o zamankı hadisələrdən "erməni soyqırımı”nın törədilməsi adı altında öz məqsədləri üçün istifadə etmişlər və indi də istifadə etməkdədirlər. Əslində, Türkiyə vətəndaşı olan ermənilər xainlik edərək ruslar tərəfindən türklərə qarşı vuruşmuşlar. Bu məqsədlə könüllü dəstələr yaratmışlar.
Məlum hadisələr zamanı erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda Erməni əhalisi də köçüb gəlmişdi. Onlar bu ərazilərdə azərbaycanlılara divan tutmağa başladılar. 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan azərbaycanlıların bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.
1918-ci ilin martında yenidən ermənilər Bakıda və ətraf rayonlarda qırğınlar törətmiş, on minlərlə əhalini qanına qəltan etmişlər.
Ermənilər və bolşeviklər qırğının dayandığı ilk günlərdən cinayətlərini ört-basdır etmək və özlərini təmizə çıxarmaq üçün vasitələr axtarırlar. "Erməni ziyalıları” antitürk təbliğat maşınını işə salırlar. Belə ki, soyqırımından az sonra erməni keşişi əvvəlcə Tiflisə, sonra isə Bakıya gəlir. Qayıdarkən deyir: "Mən Bakıya bir batman dərdlə gəldim, amma oradan 10 batman dərdlə qayıdıram. Ona görə ki, Bakının Türk-İslam şəhəri olduğunu gördüm”. Erməni yepiskopu Baqrad isə qırğınlardan bir qədər sonra 1919-cu ilin payızında Bakıya gəlmiş ABŞ missiyasının başçısı general Harbarda təqdim etdiyi sənədlərdə mart hadisələrində ermənilərin iştirakını inkar edir. Şaumyandan daha da irəli gedərək qırğınlar zamanı 300 erməni və 700 müsəlmanın öldürüldüyünü iddia edir. Fikir formalaşdırır ki, döyüş Müsavatla Bakı Soveti arasında olmuşdur. Ermənilər isə bitərəf qalmışdır. Bax beləcə imkan düşdükcə müxtəlif yollarla törətdikləri qırğınları ört-basdır edir və yaxud da özlərini yazıq millət kimi dünyaya təlqin edirlər. Öz uydurmalarını dərsliklərə salır, yaddan çıxmasına heç cür imkan vermirdilər. Məsələn, məşhur erməni yazıçılarından biri - Daronyan ölüm ayağında öz xalqına vəsiyyət edir ki, "ey erməni, çöldə zəhərli bir ilan görüb öldürməsən, səni bağışlamaq olar, amma bir türk görüb onu öldürməsən, heç bir erməni səni bağışlamaz”. Budur bizim nankor qonşularımızın arzuları.
Təəssüflər olsun ki, bolşevik işğalından sonra bu faciə nəinki unuduldu, hətta ona vətəndaş müharibəsi damğası vuruldu. Əsl günahkarlar kimi milli qüvvələr təqsirləndirildi. Müsəlman qanına susayan şaumyanlar milli qəhrəman səviyyəsinə yüksəldildi. Bakıda ən çox qan tökülən küçələrə onların adı verildi. Yaddaşımıza belə həkk edildi. Sonrakı, 1920-1930-cu illərdə də Azərbaycana qarşı eyni məkrli siyasət sovet Rusiyasının dəstəyi ilə davam etdirildi. Bundan şirniklənən ermənilərin patriarx-katolikosu Stalinə məktub yazıb dünya ermənilərinin sovet Ermənistanına gəlmək istədiklərini bildirmişdir. Stalin bu məktubun üzərinə 1945-ci il aprelin 19-da öz dəst-xətti ilə yazmışdır: "Razıyam, SSRİ XKS sədri Stalin”.
Bundan sonra daha da iştahlanan Ermənistan KP-nin birinci katibi Arutyunov məktubla Stalinə müraciət edib Qarabağın da Ermənistana verilməsini xahiş edir. Lakin M.C.Bağırovun əzəli Azərbaycan torpağı olan Borçalı, Göyçə, Dərbəndin onda Azərbaycana verilməsi məsələsini qaldırması bu fikri arxa plana salmışdı. Bunu görən ermənilər azərbaycanlıların deportasiya edilməsi üzərində dayandılar. Onlar 1947-ci ildə dekabrın 23-də Stalinin imzası ilə bu barədə qanun çıxarılmasına nail oldular. 1948-ci il martın 10-da isə bu qanuna əlavə etdilər. Beləliklə, 1948-ci ildə 10.000, 1949-cu ildə 40.000, 1950-ci ildə 50.000 azərbaycanlı "könüllü” Kür-Araz ovalığına köçürüldü. 70 illik sovet rejimi bizi gerçək tariximizdən uzaq saldı. Hətta genosid qurbanı olmuş 12-14 min soydaşımızın uyuduğu qəbiristanlığı betonlayaraq üzərində Kirovun heykəlini ucaltmış, ətrafda isə istirahət parkı salmışdılar.
Ermənilər məkrli iddialarını dünyaya tanıtdırmaq üçün hələ sovetlər birliyi dövründən fəal iş aparmış, qondarma "soyqırımı qurbanları”na abidələr ucaltmışlar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da şirnikləndirmiş, "soyqırımı” təbliğatının sistemli şəkildə aparılmasına imkan yaratmışdır. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində, bu məsələdə bütün türk-müsəlman dünyası günahlandırılırdı. Qondarma "erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu həm Türkiyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir siyasətə çevrilmişdir. Əslində, 1980-ci illərin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu məkrli siyasətin davamı olmuşdur.
1980-ci illərin ortalarından etibarən Mixail Qorbaçovun bədnam yenidənqurma siyasəti başladı. Bu siyasət Azərbaycana qan-qada gətirdi. Millətçilik toxumu yenidən cücərdi. Ermənilər bundan istifadə etdilər və süni şəkildə Dağlıq Qarabağ problemini qondardılar. Bu zaman Moskvada yüksək vəzifədən Heydər Əliyev istefaya göndərildi. Azərbaycanda isə böhranlı vəziyyət yarandı. Erməni təcavüzünə və sovet rəhbərliyinin ermənilərə dəstəyinə etiraz olaraq, xalq küçələrə çıxdı. Azərbaycanlılar isə 1988-ci ildən başlayaraq Ermənistandan - dədə-baba torpaqlarından qovuldular.
XX əsrin 80-ci illərinin sonu və 1990-cı illəri, Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdu. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən və meydanlara çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun yeridilməsi, Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Həmin faciəli günlərində öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana və Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmüş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.
Bəzi məlumatlara, xüsusilə "Şit” təşkilatı müstəqil hərbi ekspertlərin hesabatına görə, Bakıya yeridilmiş qoşun kontingentinin sayı 60 min nəfərə çatırdı, - onlar "doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişlər: Təbliğ edilirmiş ki, "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, guya yerli əhali onları vəhşicəsinə məhv edir, ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var. Binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA” və SSRİ DTK-nın "A” təxribat qrupları oynayırdı. SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Məhz bu faciəli anlarda "Azadlıq radiosu”ndan, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklə müşayiət edilmişdi. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək isə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Yanvarın 20-də və sonrakı günlərdə isə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər tərəfi amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Hərbi qulluqçular 200 ev və mənzili, 80 avtomaşını o cümlədən yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Sovet qoşunlarının təcavüzü nəticəsində, bir gün ərzində Bakıda 137 nəfər öldürülmüş, 700-dək insan yaralanmış, 800-dən çox adam qanunsuz həbs edilmişdi. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanların, qadınların, qocaların, şikəstlərin də olması bir daha sual doğururdu ki, Qorbaçov və ətrafındakıların "millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?
Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuşdu. Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. Qırğın zamanı "Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi.
Xalqımıza qarşı törədilmiş qanlı cinayətin ertəsi günü, ulu öndər Heydər Əliyev həyatının təhlükə qarşısında olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verdi və Mixail Qorbaçovun günahkar olduğunu birbaşa bəyan etdi. Bu hərəkətə etiraz səsini ucaltdı. Bundan başqa Heydər Əliyev Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə və Azərbaycan xalqına 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı teleqramı göndərmişdir. Eyni zamanda, teleqramın respublika mətbuatında, radio və televiziyada verilməsini xahiş etməsinə baxmayaraq, onun rəsmi mətbuatda belə, dərc olunmasına imkan verilməmişdir.
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji vasitəsi olan "Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı: "Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır”...
Əslində isə 20 Yanvar faciəsi XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasəti, sovet hakimiyyəti illərində ərazilərimizin tədricən ilhaq olunaraq 125000 kvadratkilometrdən 87000 kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə qondarılan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindən - əzəli torpaqlarından qovulması və 20 Yanvar faciəsi bu siyasətin mərhələləri kimi qəbul olunmalıdır.
Qanlı Yanvar hadisələrindən 29 il ötür. Aparılan təhlil və araşdırmalar bir daha təsdiq edir ki, bütün proseslərin başında M.Qorbaçov dayanırdı. SSRİ müdafiə naziri, marşal Dmitri Yazov isə Bakıya yeridilən qoşunun törətdiyi qırğınların, vəhşiliklərin birbaşa icraçısı idi. Törətdiyi cinayətə görə layiqli cəzanı almasa da, hər halda ona ölkədən çıxmaq qadağası qoyulmuşdu. Lakin o, həqiqəti boynuna almaqdan imtina edir. Bunu onun "Lider” TV-nin Moskva bürosunun rəhbəri Anar Həsənovla müsahibəsi də təsdiq edir.
"SSRİ-nin dağılmasında Qarabağ münaqişəsi böyük rol oynadı. Siz o hadisələrin mərkəzində idiniz. Günahkar kim idi” sualına D.Yazov belə cavab verib: "Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq Qarabağda münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: "Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı "Artsax” adlandırır. Bu, onlarına xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: "Siz tarixi bilirsiniz”.
D.Yazov əlavə edir: "Əslində Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət gərgin idi. Bu, Siyasi Büroda şok effekti yaratdı. Qorbaçov məni, Kryuçkovu və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş Girenko və Primakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər...
Bakıda Girenko, Primakov, Mütəllibov və Azərbaycan MK-nın başqa üzvləri toplaşdı. Mən 3 gün ərzində fövqəladə vəziyyət elan edəcəyimizi bildirdim. Moskvada Çkalov aeroportundan uçarkən artıq hansı rayonlara desant alaylarının yerləşdirilməsi haqda əmr verdim. Biz radio vasitəsilə qoşunların şəhərə girişini elan etdik. Televiziya partladılmışdı. Bunu kimin etdiyini bilmirəm. Radio vasitəsilə insanları küçələrə çıxmamağa çağırdıq. Qoşunlar şəhərə sakinləri öldürmək məqsədilə girməmişdi. Məqsəd vəziyyəti sabitləşdirmək, ermənilərlə azərbaycanlılar arasında münaqişəni həll etmək idi”.
Yazova sual veriləndə ki, rəsmi məlumatlara görə, Bakıda 136 insan həlak oldu. O, isə yenə cavab verir ki, biz heç bir insanı öldürmədik. Bizim əsgərlərimizin kimi isə vurmağı haqda mənə məlumat verilməmişdi. Təkrar soruşulanda ki, bəs tankın altında qalan təcili yardım maşını haqqında nə deyərsiniz? Yenə də cavab verir ki, mən tankın altında qalan təcili yardım maşını haqda heç nə bilmirəm. Bakıda tanklar yox idi. Sadəcə piyada döyüş maşınları var idı.
Soruşulur: "Siz özünüzü 20 Yanvar hadisələrində günahkar hesab edirsinizmi?” Cavab verir: "Mən özümü günahkar hesab edirəm? Mən başqasının əmrini yerinə yetirirdim. İndi o əmrləri verən insan hər şeydən imtina edir. Mən ölkədən çıxa bilmərəm. Mən hara getsəm, həbs olunacağam. Çünki fövqəladə vəziyyəti mən elan etmişdim, ordunu şəhərə mən daxil etmişdim. İnsanların güllələnməsində məni günahkar hesab edirlər. Kimi ittiham edirlər? Mən insanları güllələməyi əmr etmirdim. Həm Bakıda, həm Vilnüsdə. Mən gəldim, çünki məni göndərmişdilər. Təkcə məni yox, daxili işlər nazirini, dövlət təhlükəsizlik katibini də göndərmişdilər. Ölkədə daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, ilk növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə vuruşmaq idi. Məni aldatdılar.
Xatırlayıram, Heydər Əliyev öz məqalələrinin birində yazırdı ki, Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam. Lakin mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olur. Qoşunları mən daxil etdim, lakin bu mənim "güllələyin” əmrini verməyim demək deyil”.
Cavablarından görünür ki, Yazov öz cinayətini etiraf etməkdən imtina edir. Halbuki bir neçə ölkə Dmitri Yazovu bu qırğına görə cinayətkar elan etmişdi. D.Yazov bilməmiş olmazdı ki, SSRİ Ali Sovetinin Rəyasət Heyəti 15 yanvar 1990-cı il tarixdə Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət barədə verdiyi fərmanın 1-ci maddəsində Bakıda fövqəladə vəziyyət nəzərdə tutulmurdu.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanının təsiri Bakı şəhərinə 20 yanvarda, səhər saat 7-də elan edilərək şamil edilmişdir.
Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında qanun isə 3 aprel 1990-cı ildə - qırğından 2 ay 16 gün sonra qəbul edilmişdir. Beləliklə, qanunsuz fövqəladə vəziyyət elan edilmişdir. Əsl həqiqət bax budur.
Belə bir qənaətə gəlmək olar ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin təzahürü olmuşdu. Digər tərəfdən isə, bu faciə öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyinin, əyilməzliyinin və məğrurluğunun göstəricisi oldu.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Ali Sovetin deputat-istintaq komissiyasının yaradılmasına, 18 yanvar 1992-ci il tarixli iclasında komissiyanın işinin yekunlaşdırılmasının müzakirə edilməsinə baxmayaraq, faciəyə hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisin 29 mart 1994-cü il tarixli iclasında 20 Yanvar faciəsi müzakirə edildi və ona siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.
Cinayəti ört-basdır etmək üçün 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Bu hadisələrə kədər, yaxud mübarizlik salnaməsi kimi pafossuz münasibətlə bərabər, düşünülmüş, hadisələrin mahiyyətini olduğu kimi, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq barədə düşünməli və 20 Yanvar faciəsinə beynəlxalq hüquqi qiymətin verilməsinə çalışmalıyıq.
Sual olunur, faciənin qarşısını almaq olardımı? Bəli, o vaxtlar ölkə rəhbərliyində Heydər Əliyev olsaydı, bu faciənin qarşısını almaq olardı. Xalq-iqtidar birliyi olsaydı, hakimiyyət uğrunda mübarizə, qarşıdurma olmasaydı və məqsədəuyğun milli siyasət yürüdülsəydi, bu faciənin qarşısını almaq mümkün olardı.
Şükürlər olsun ki, ulu öndərin yenidən hakimiyyətə gəlməsi xalqı fəlakətdən, yox olmaq təhlükəsindən qurtardı. Şəhidlərimizin adları əbədiləşdirildi, abidələri ucaldıldı və ailələrinə dövlət qayğısı göstərildi. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 327 nəfər 20 Yanvar əlili Prezident təqaüdü alır, 11994 nəfər Qarabağ əlili, 49692 müharibə veteranı və şəhid ailəsi dövlət qayğısı ilə əhatə olunmuşdur. Hər il dövlət səviyyəsində şəhidlərin anım tədbirləri keçirilir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Və məzarları ziyarət edərkən B.Vahabzadənin:
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər -
misralarını ürəklərindən keçirirlər.
Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Torpaqlarımız işğaldan azad olunacaq və ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Bizlərin hər biri bir gün Şəhidlər xiyabanını ziyarət edib deyəcəyik ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmişik, rahat yatın, Allah sizlərə rəhmət eləsin. İnanırıq ki, bu gün uzaqda deyil. Bu inamı bizlərə ölkə rəhbəri cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasət və xalqımızın qələbə əzmi verir.
Şikar QASIMOV,
Azərbaycan Texniki Universitetinin
İctimai fənlər kafedrasının müdiri,
tarix üzrə elmlər doktoru, professor
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.