Tədbirdə Beynəlxalq əlaqələr departamentinin direktoru Mərziyyə Ağayeva, xarici dekanlığın aparıcı işçiləri İradə Rüstəmova, Nigar Quliyeva və fakültənin qabaqcıl müəllimlərindən dos. Tamella Hüseynova, dos. Sveta Məmmədova, dos. Afaq Əsgərova, baş müəllim Aynur Fərəcova, Əsmər Kərimova və başqaları iştirak etdilər.
Tədbirin əsas iştirakçıları isə Azərbaycanımızda ilk dəfə bizimlə birlikdə bayramlarımızın sevincini bölüşən əcnəbi tələbələrimiz idi. Onların sevinci və həyəcanı gözlərindən oxunurdu.
Bayram tədbirini giriş sözü ilə dos. Afaq Əsgərova aşdı. O, başda universitetimizin rektoru,
professor Xalıq Yahudov olmaqla bütün professor-müəllim tələbə heyətini və çoxminli tələbə kollektivini,
xüsusən də, əcnəbi tələbələrimizi fakültəmizin dekanı, dosent Elçin Mustafayevin də adından təbrik etdi,
yeni ildə yeni-yeni təhsil uğurları arzuladı:
-Əziz tələbələrimiz, siz çox qısa zamandır ki, Odlar yurdu – Azərbaycanımıza qədəm qoymusuz. Bizim respublikamız müxtəlif etnik və dini mədəniyyətlərin birlikdə yaşadığı, multikultural dəyərlərə yüksək səviyyədə önəm verən demokratik bir ölkədir. Elm, təhsil, mədəniyyət və iqtisadi cəhətdən inkişaf etməkdə olan qədim bir məmləkətdir. Yenicə müstəqilliyini bərpa etmiş vətənimiz dünya svilizasiyasına sürətlə qoşulur. Bu inkişafda , inteqrasiyada sizin payınız əvəzolunmazdır. Çünki, siz bizim təhsil, elm səfirlərimizsiniz. Eyni zamanda dörd ilə sığışdırdığınız görüşlərinizlə dünyaya açılan pəncərəmiz olacaqsınız. Sağ olun ki, bizim vətənimizi – bizim universitetimizi seçmisiniz. Ümidvarıq ki, təhsilinizi uğurla başa vurub əsl mütəxəssis kimi dünyanın müxtəlif yerlərində Azərbaycanımızın layiqli aynası olacaqsınız. Sizinlə birlikdə qarşıladığımız yeni- 2019-cu ilimiz və Həmrəylik günümüz və mübarək!..
Daha sonra Mərziyə xanım da geniş və səmimi nitqi ilə müəllim və tələbə heyətini bayramlar münasibətilə təbrik etdi. Departamentin əsas işinin əcnəbi tələbələrimizin keyfiyyətli təhsilinə istiqamətləndiyini qeyd edərək, çətinliklərdə və uğurlarda hər zaman tələbələrimizin yanında olduğunu vurğuladı.
Bayram tədbirinin əsas hissəsi tələbələrimizə həsr olundu. Onlar öz çıxışları ilə təbriklərə qoşuldular.
Ərəb tələbəmiz Sami və çinli Qoşanın Azərbaycan və rus dillərində söylədiyi təşəkkür və təbrik məzmunlu nitqləri qürurverici oldu.
Türkiyəli tələbələrimiz Umut və Mustafanın ifasında “Azərbaycan-Türkiyə” şeiri qardaş ölkələrimizin daimi həmrəyliyinin ən gözəl sədası oldu:
Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət,
Azərbaycan – Türkiyə!
Pakistanlı tələbəmiz Suheyl isə söylədi ki, Pakistan və Azərbaycan qədim dostdurlar. Ona görə həmrəylik günü bizlər üçün də dəyərlidir. Qoy dostluğumuz bitməsin! Gözəl Qarabağ da bizimlə olsun!..
Əzizinəm Qarabağ,
Şəki, Şirvan Qarabağ,
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Uzaq Şərqdən, mərkəzi Afrikadan olan tələbələrimizin bayram həyəcanı bir başqa idi.
Soyuq günlərdə, onların isti təbriklərini, səmimi sevinclərini duymaq əvəzolunmaz duyğudur.
Yeni il gəzə-gəzə,
Gəl bizim eli bəzə.
Yağış gətir, qar gətir,
Günəşli bahar gətir!
Şrilankalı Muhammed isə: “Bakı çox gəzəl şəhərdir. Mənim ölkəmdə qış olmur. Burda yağış, soyuq, qar var. Bu çox maraqlıdır. Bu gün mən çox sevinirəm. Yeni iliniz mübarək, əziz müəllimlərim!” – dedi.
Beləcə, dünyanın bir çox ölkələrindən olan əcnəbi tələbələrimiz Azərbaycan dilində təbriklərini,
bayramlarla bağlı şeir və tapmacalarını söylədilər, canlı musiqilər ifa etdilər.
Sazlı-sözlü bayram tədbiri çay süfrəsində, yolka ətrafında rəqslər və şənliklə davam etdi.
İnanırıq ki, tələbələrimizin gözəl duyğular ətrafında həmrəyliyi, bayram sevinci
yeni ildə uğurlu təhsilə də stimul verəcəkdir.
Dos. A. Əsgərova,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.