Hər iki ali məktəb “Şərq əməkdaşlığı” proqramı çərçivəsində bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq bir neçə ildir ki, birgə tədbirlər keçirirlər.
AzTU-nun Maşınqayırma və Texnoloji maşınlar fakültələrinin dekanları dosent Fariz Əmirov və dosent Ərəstun Məmmədov bu günlərdə Almaniyanın Brandenburq Texniki Universitetində işgüzar səfərdə olmuş və orada “Mühəndis elmləri günü” ilə bağlı Beynəlxalq elmi-texniki konfransda məruzə ilə çıxış etmişlər.
Həmin konfransda AzTU-nun və Brandenburq Texniki Universitetinin əməkdaşlarından əlavə, Almaniya, Çexiya, Polşa və Rusiya Federasiyasının müxtəlif universitetlərindən nümayəndələr də iştirak etmişlər.
Səfər zamanı AzTU ilə Brandenburq Texniki Universiteti arasında əməkdaşlığın inkişaf perspektivləri və müştərək tədbirlər proqramı müzakirə edilmişdir. İkili diplom verilməsi ilə nəticələnəcək birgə bakalavr və magistr hazırlığı üçün tədris planının işlənməsi qərara alınmışdır. Əldə edilmiş razılığa görə professor-müəllim heyətinin və tələbələrin mübadiləsini genişləndirmək,elmi-texniki konfransların,elmi,tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsini intensivləşdirmək nəzərdə tutulmuşdur.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.