Bu gün
dəyərli dostumuz,
tanınmış şair və
ictimai xadim,
Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru,
"Tərəqqi" medallı,
"Qızıl kəlmə", "Mahmud Kaşqari", "Şahmar Əkbərzadə" və s. mükafatların laureatı,
çox hörmətli İbrahim İlyaslının doğum günüdür.
Daha doğrusu, yubileyidir!..
Anadan olmasının
60 illik Yubileyi!..
İbrahim İlyaslı
(İbrahim Musa oğlu
Hacıyev )
1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub.
1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universittini) mühəndis-mexanik ixtisası üzrə bitirib.
1980-ci ildən Sumqayıt şəhərində yaşayır.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” (indiki "ZİYA") qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatında, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı 2011-ci ildə “Avrasiya Press” nəşriyyatında, "Şair olmaq zülümdü" adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə "Qələm Nəşrlər Evi" tərəfindən nəşr edilib.
Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
2018-ci ildə isə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "Mahmud Kaşqari" Medalı ilə təltif edilib.
2019-cu ildə "Şair olmaq zülümdü" adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatına layiq görülüb.
2019-cu ildə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi "Şahmar Əkbərzadə mükafatı"nın laureatı olub.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə "TƏRƏQQİ" medalı ilə təltif edilib.
2018-ci ildən Türk Ədəbiyyatı Vakfının Fəxri üzvüdür.
Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda və Qazaxstanda nəşr olunmuş "Çağdaş Azərbaycan poeziyası" antologiyalarına daxil edilib.
2000-ci ildən eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğuldur.
Türkiyə türkcəsindən bir çox kitabları Azərbaycan türkcəsinə uyğulayıb.
Rus, fransız, qazax, qırğız, özbək şair və nasirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində çalışır.
Biz də fürsətdən istifadə edərək, AzTU-nun məzunu, tanınmış şair və ictimai xadim İbrahim İlyaslını yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..
Müşfiq BORÇALI,
ZiM.Az
Tanışlıq
Kimə nə, kiməm, nəçiyəm?-
Hər gələn baxır, adamam.
Dünyanın ən bəd əməli
Adamdan çıxır – adamam.
Göyə tor atan deyiləm,
Yerdə qarsatan deyiləm.
Nə vurub-tutan deyiləm,
Nə elə fağır adamam.
Sinəm - qalxan, dilim – süngü,
Qəddim – ağac, əllərim – gül.
Mən dumandan, çəndən yüngül,
Mən dağdan ağır adamam.
Doğranıram budaq-budaq,
Tökülürəm yarpaq-yarpaq.
Mən kefi kök, damağı çağ,
Mən könlü yağır adamam.
Haqqın görkü – ODam, SUyam.
Haqqa varan bir yolçuyam.
MƏNəm, SƏNəm, Oyam – buyam,
Adamam, axır, adamam.
Əfəndim
Düşmən də çəkməsin mən çəkənləri,
Mən çəkən zülümdən olmaz, əfəndim.
Adamlar bir yana, bu məmləkətdə
Quş da salamımı almaz, əfəndim.
Həmdəmim odlardı, sirdaşım sular
Könlümü qəriblik bular, ha bular.
Qeybdən nida gəldi:–Boşalan dolar!
«Quyu, su tökməklə dolmaz”!», əfəndim.
Boranlar adlayaq, xəzanlar keçək –
Ömür-gün yalandı, vaxt-vədə gerçək.
Mənim gözlərimlə sulanan çiçək,
Ömrü billahında solmaz, əfəndim.
Yeddinci qatında haqqım var deyə,
Sidqinən eşqimi bağladım Göyə.
Tutlar saza dönə, qarğılar neyə
Qoşub qəmlərimi çalmaz, əfəndim.
Tapdım çəmini də, tutdum dilə də,
Necə hökm elədi, getdim elə də.
DÜNYA söylədiyin qaldı belə də,
Bə deyirdin, «belə qalmaz, əfəndim».
BİLDİM
Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.
“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki, sol nədi, sağ nədi, bildim.
Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.
Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.
İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.
NECƏSƏN
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
BU DİVARIN O ÜZÜNDƏ
Bu divarın o üzündə,
Bir nazlı mələk uyuyub.
Gecə gərib qanadını,
Üstündə lələk uyuyub.
O xanədə nə var – oyaq,
Döşəmədən tavanacan.
Qapı, pəncərə, dörd divar,
Çimir almaz sabahacan.
Odasının yörəsində
Yüz hoqqadan çıxır külək.
Donub qalıb pəncərədə,
«Heyrət ey büt!…» – oxur külək.
Tanrı tamaşası nədi –
O mələyi görən bilir.
Günəş ondan ötrü çıxır,
Ay ondan ötrü yüksəlir.
…Divarların bu üzündə,
Qismətim qubardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim.
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.