Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

Professor Tofiq Mansurovun 65 yaşı tamam olur TƏBRİK EDİRİK!..

Aprelin 20-i Azərbaycanın tanınmış texnika alimi,
Azərbaycan Texniki Universitetinin professoru,
Belorus Dövlət Rabitə Akademiyasının fəxri professoru,
Texnika üzrə elmlər doktoru, Rabitə ustası
Tofiq Məhəmməd oğlu Mansurovun doğum günüdür.
Daha doğrusu, Yubileyidir.
Anadan olmasının 65 illik Yubileyi!...


Tofiq Məhəmməd oğlu Mansurov - 20 aprel 1955-ci ildə Qazax rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olmuş, 1962-1972-ci illərdə Muğanlı kənd orta məktəbində təhsil almış və orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

1972-ci ildə orta məktəbi bitirdikdən sonra Ç.İldırım adına Azərbyacan Politexnik İnstitutuna (indiki AzTU-ya) daxil olmuş və 1975-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təhsildə fərqlənən tələbələri respublikadan kənarda təhsilini davam etdirməyə göndərilənlər içərisində T.M.Mansurov da Moskva Elektrotexniki Rabitə İnstitutuna göndərilmişdir.

1975-1977-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda “Avtomatik elektrik rabitəsi” ixtisası üzrə təhsilıni davam etdirmişdir. Onun yerinə yetirdiyi diplom layihəsi Almaniyanın Drezden şəhərindəki F.List adına Drezden Nəqliyyat və Rabitə Ali Məktəbi ilə Moskva Elektrotexniki Rabitə institutu arasında bağlanmış müqaviləyə əsasən həmin işin icrası ona həvalə edilmişdir. Bu işin ümumi icrasına o vaxtlar mövcud olan Qarşılıqlı İqtisadi Yardım Şurası tərəfindən rəhbərlik edilirdi və işin icrasına Almaniya tərəfdən 20000 rubl pul ayrılmışdı. Yerinə yetirilən diplom layihəsinin həcmi 1079 səhifə olmuşdur.
Diplom layihəsi müdafiə olunduqdan sonra attestasiya komissiyası tərəfindən 1977-ci ildə institut üzrə keçiriləcək müsabiqəyə təqdim olunmuş və 1-ci yeri tutmuşdur.

1977-ci ildə institutu bitirdikdən sonra fərdi təyinatla Azərbaycan Respublikası Rabitə Nazirliyinin cərəncamına göndərilmiş və 1977-1981-ci illərdə Rabitə Nazirliyinin “Elektrik Rabitəsi və Radiolaşdırma üzrə Respublika Qovşağı”nda mühəndis, böyük mühəndisqrup rəhbəri vəzifələrində işləmişdir.
1980-ci ildə əməkdə qazandığım nailiyyətlərə və gənc nəslin tərbiyəsi işində aktiv iştirak etdiyimə görə ÜLKGİ MK-nın (Moskva) Fəxri Fərmanı ilə təltif edilmişdir.
1981-1990-cı illərdə Azərbaycan Politexnik İnstitutunun “Elektrik rabitəsi” kafedrasında
assistent
baş müəllim vəzifələrində işləmişdir.

1988-1990-cı illərdə Moskva Rabitə institutunun nəzdində məqsədli əyani aspiranturada təhsil almış və vaxtından 2 dəfə tez “Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona texnika elmləri namizədi elmi dərəcəsi verilmişdir.
1992-ci ildə Rusiya Federasiyasının Elm, Ali Məktəb və Texniki Siyasət Nazirliyinin
Ali Məktəb üzrə Komitəsinin qərarı ilə dosent elmi adı verilmişdir.

1994-cü ildə Azərbaycan Respublikasının Baş Nazirinin sərəncamı ilə Respublika Elektrik Rabitəsi üzrə Əlaqələndirmə Komissiyasının üzvü təyin edilmiş, uzun müddət ərzində Rabitə Nazirliyinin və Aztelekom İB-nin Texniki şurasının və yeni telekommunikasiya sistemlərinin seçilməsi üzrə bir neçə Tender Komissiyalarının üzvü olmuşdur.
2003-cü ildə Telekommunikasiya Xidmətlərinin Əsas Xərclərinin, Tarif və Tənzimlənməsinin Modelləşdirilməsi üzrə Beynəlxalq Telekommunikasiya İttifaqının Sertifikatını almışdır.

2005-ci ildə “Telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları” (05.12.13) və “Hesablama texnikasının və idarəetmə sistemlərinin elmentləri və qurğuları” (05.13.05) ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə etmiş, texnika elmləri doktoru elmi dərəcəsi almış və 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Aki Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir.

2005-2015-ci illərdə kafedra müdiri vəzifəsində işləmiş, universitet Elmi şurasının, Elm və təhsil komissiyasının, kafedra müdiri dekan seçkisi üzrə Müsabiqə komissiyasının “Radiotexnika və rabitə” fakultəsinin Elmi şurasının üzvü olmuşdur.

2006-2012-ci illərdə Azərbaycan Texniki Universitetinin nəzdində doktorluq dissertasiya şurasının Elmi katibi, 2013-2017-ci illərdə Azərbayacan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olmuşdur. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Texniki Universitetinin nəzdində doktorluq disertasiya şurasının sədri təyin edilmişdir.

2008-ci ildə Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı gününün qeyd edilməsi ilə əlaqədar respublikada rabitənin və informasiya texnologiyalarının inkişafında böyük əməyi olan işçilər sırasında Nazirin əmri ilə “Rabitə ustası” adına layiq görülmüşdür.
2010-cu ildə isə rabitə və informasiya texnologiyaları üzrə kadr hazırlığında səmərəli fəaliyyətinə görə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdür.

2008-ci ildən hal-hazıra kimi Telekomminasiya istiqamətli Ali məktəblərin Rektorlarının daimi fəaliyyətdə olan Beynəlxalq Konfransının İşçi qrupunun üzvüdür.
2013-2016-cı illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə 05 saylı Texniki Komitəsinin üzvü olmuşdur.
2014-cü ildən hal-hazıra kimi AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Texnika Problemləri üzrə Elmi Şuranın üzvüdür.
2014-2015-ci ildə Azərbaycan Texniki Universitetində “Telekommunikasiya” istiqaməti üzrə Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının sədri olmuşdur.

Professor T.M.Mansurov Azərbaycan Texniki Universiteti və Belorus Dövlət Rabitə Akademiyası arasında təşkil olunmuş “Optik rabitənin kvant sistemləri” adlı birgə Beynəlxalq Elmi laboratoriyanın və “Şifrləmə açarlarının təhlükəsiz paylanmasının kvant sistemləri” adlı birgə Beynəlxalq qrant layihəsinin Azərbaycan tərəfdən rəhbəri və Belorus tərəfdən isə Belorus Dövlət Rabitə Akademiyasının rektoru, professor Andrey Oleqoviç Zeneviçdir.

Professor T.M.Mansurov 330-dan çox elmi və tədris-metodik işin, o cümlədən 4 monoqrafiyanın (onlardan biri LAP LAMBERT Academic Publishing nəşriyyatında, Almaniya, 2018 və digəri isə Minsk, Belorus Dövlət Rabitə Akademiyasının nəşriyyatında, 2019), 7 dərsliyin (dərsliklərin hamısı Təhsil Nazirliyinin qrifi ilə nəşr olunmuşdur), 4 dərs vəsaitinin, 15 ixtira üzrə Patentin (Azərbaycan Respublikası və Rusiya Federasiyası) və coxlu sayda tədris-metodik vəsaitlərin müəllifidir.

Professor T.M.Mansurovun elmi əsərləri “Электронное моделирование” Beynəlxalq Elmi-Nəzəri jurnalında, “Электросвязь” Elmi-texniki jurnalında, “Приборы и Системы. Управления, Контроль и Диагностика” Elmi-texniki jurnalında, “Информационные технологии” nəzəri və tətbiqi Elmi-texniki jurnalında, “Телекоммуникации” Elmi-texniki jurnalında, Mərkəzi Rabitə Elmi-Tədqiqat institunun Elmi Əsərlərində, “T-Comm-Телекоммуникации и Транспорт” Elmi jurnalında, “Автоматика и вычислительная техника” Beynəlxalq Elmi-Nəzəri jurnalında, “Automatic Control and Computer Sciences” (Springer) Beynəlxalq Elmi-Nəzəri jurnalında, International Journal “Telecommunications and Radio Engineering” (Scopus), International Journal of Engineering Sciences & Research Technology (Thomson Reuters ENDNOTE), International Journal of Emerging Trends & Technology in Computer Science (Thomson Reuters ENDNOTE), International Journal of Application or Innovation in Engineering & Management (Thomson Reuters ENDNOTE), Odessa Milli Rabitə Akademiyasının Elmi Əsərlərində, Belorus Dövlət Rabitə Akademiyasının “Проблемы инфокоммуникаций” Elmi jurnalında, Xmelnisk Milli Universitetinin “Вестник Хмельницкого Национального Университета” Elmi jurnalında və s. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin bazalarına daxil olan jurnallarda dərc olunmuşdur.

Professor T.M.Mansurov 2015-ci ildən Xmelnisk Milli Universitetinin nəşr etdirdiyi “Texnoloji proseslərdə ölçmə və hesablama texnikası” Beynəlxalq elmi-texniki jurnalının, Odessa Milli Rabitə Akademiyasının nəşr etdiyi “Elmi Əsərləri” Elmi jurnalının və Belorus Dövlət Rabitə Akademiyasının nəşr etdiyi “İnfokommunikasiya problemləri” Elmi jurnalının redaksiya heyətinin üzvüdür.

Texnika üzrə 2 elmlər doktorluğu dissertasiya işinin elmi məsləhətçisi və 3 texnika üzrə fəlsəfə doktorluğu dissertasiya işinin elmi rəhbəridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı və 4 nəvəsi var.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından Azərbaycanın tanınmış texnika alimi, Azərbaycan Texniki Universitetinin professoru, Belorus Dövlət Rabitə Akademiyasının fəxri professoru, Texnika üzrə elmlər doktoru, Rabitə ustası Tofiq Məhəmməd oğlu Mansurovu doğum günü və anadan anadan olmasının 65 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: