AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilibAzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib 2020-ci il Sentyabrın 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının onlayn iclası keçirilib. İctimai Şuranın sədri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, məqsəd AzTU-da yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, qarşıda duran vəzifələrdən danışıb. Rektor eyni zamanda yeni tədris ilində gənc magistrlərin assistant kimi işə qəbul olunması, tədris prosesinin və akademik yüklərin optimallaşdırılması, yeni tədris planlarının müasir trendlərə uyğunlaşdırılması barədə məlumat verib. Bildirilib ki, pandemiya səbəbindən yeni tədris ilində dərslər onlayn formada başlayacaq. Ötən tədris ilinin ikinci semestrindən fərqli olaraq onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Dərslərin “Microsoft Teams” platforması üzərindən təşkili üçün lazımi hazırlıq işləri həyata keçirilib. Eyni zamanda internet problemi olan tələbələr də müəyyən olunub. Belə tələbələr onlayn dərslərə qoşulmaq üçün internet paketi ilə təmin ediləcək.

Texniki xarici dilin öyrədilməsinin vacibliyini qeyd edən rektor artıq AzTU-da xarici dilin tədrisi ilə bağlı da yeni qaydaların tətbiq edildiyini bildirib. Belə ki, Türkiyənin OSTİM Texniki Universitetinin planı əsasında aparılacaq tədris 4 səviyyədə icra olunacaq.

O da vurğulanıb ki, AzTU-nun 2020-2030-cu illər üzrə strateji inkişaf planı hazırlanıb və görüləcək işlər sənəddə qeyd olunan ardıcıllıqla davam etdirilir.

İclasda AzTU-nun İctimai Şurasının üzvləri - millət vəkilləri Zahid Oruc və Etibar Əliyev, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və universitetin Ağsaqqallar Şurasının üzvü Vaqif Mövlazadə görülən işlərlə bağlı fikirlərini bildirib və təkliflər verib. AzTU-da son dövrlərdə gedən islahatlar, o cümlədən onlayn tədrislə bağlı görülən işlər müsbət qiymətləndirilib. Bu təcrübənin digər ali təhsil müəssisələrində də tətbiq olunmasının vacibliyi diqqətə çatdırılıb.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: