AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə müraciəti

AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə müraciəti Əziz gənclər!

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə hər birinizi təbrik edirəm!


Mənəvi baxımdan sağlam, intellektli, savadlı gənclərin yetişdirilməsi hər bir xalq və ölkə üçün çox əhəmiyyətlidir. Ölkənin dayanıqlı inkişafı, xalqın isə gələcək müqəddəratı gənclərdən asılıdır. Bu mənada, belə bir günün təsis edilməsi özündə dərin strateji məqsədləri ehtiva edir. 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyev Azərbaycan Gənclərinin I Forumunda “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” - deməklə əslində yetişən gənclik qarşısında strateji hədəflər müəyyən etmişdi. O, 1997-ci ildə imzaladığı Sərəncamla 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan etməsi ilə həmin ildən ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan vermiş oldu. Bu mühüm qərarla respublikamızın ictimai-siyasi həyatında gənclərin fəal iştirakı üçün real şərait yarandı, gənclərə böyük dövlət qayğısı formalaşdı. Ümummilli liderin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün gənclərimiz ölkənin inkişafında fəal rol oynayırlar. Onların uğurlu fəaliyyətini bütün sahələrdə görmək mümkündür.

Gənclikdən danışarkən, heç şübhəsiz ki, bizə böyük qələbə sevincini yaşadan, öz canı, qanı ilə böyük tarix yazaraq torpaqlarımızı işğaldan azad edən ləyaqətli övladlarımızı da xatırlamalıyıq. Vətən müharibəsində canından keçmiş 2800 nəfərdən çox şəhidlərimiz, sağlamlıqlarını itirmiş qazilərimizin hamısı gənclərdirlər. Onlar bir daha sübut etdilər ki, Vətən, dövlət, xalq etibarlı əllərdə, şərəfli bir gəncliyin mühafizəsi altındadır. Gənc yaşlarında şəhidlik zirvəsinə ucalmış gənclərimizin ruhu qarşısında baş əyir, qazilərimizə isə şəfa diləyirəm.

Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan gənclər arasında vətənpərvərlik ruhu həmişə yüksək olub. Vətən müharibəsində 26 nəfər şəhid verməsi, Suqovuşanda ilk zəfər bayrağını yüksəldən əsgərin bizim universitetin tələbəsi olması dediklərimə bariz nümunədir.

Çox xoşbəxtik ki, bu cür qeyrətli, vətənpərvər gəncliyə malikik. Bu mənada ölkəmizin gələcəyi parlaq, inkişafı isə daimi olacaq.

Azərbaycan Gəncləri Günü münasibəti ilə hər bir gənci, xüsusi ilə AzTU-nun gənc məzun və tələbələrinin hər birini ürəkdən təbrik edirəm.

Gününüz mübarək!

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: