Vətən müharibəsində qələbə xalqımızın bir neçə yüzillik yüksəliş istiqamətlərini müəyyənləşdirdi

Vətən müharibəsində qələbə xalqımızın bir neçə yüzillik yüksəliş istiqamətlərini müəyyənləşdirdi Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində özünün sərkərdəlik qabiliyyəti, cəsarəti və qətiyyəti ilə dünya hərb tarixinə hələ uzun müddət öyrəniləcək səhifələr yazdı. Azərbaycan Prezidenti mürəkkəb, ikili standartlarla, ziddiyyətlərlə dolu beynəlxalq mühitdə tarixi prosesləri düzgün qiymətləndirmək, geosiyasi dəyişikliklərin gedişini xalqımızın milli maraqları çərçivəsinə yönəltməyə qadir olmaq, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacarmaq, hadisələrin inkişaf axarını qabaqlamaqla nəinki bizə təzyiq göstərənlərə, hətta düşmən “dəyirmanına su tökməyə” çalışanların hamısına layiqli “dərs” keçdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev əzmkarlığı, yenilməzliyi, təmkini, yüksək intellekti, ən gərgin anlarda belə milli-mənəvi dəyərlərimizə sədaqəti ilə hamını valeh etdi, bütün xalqımızın dərin sevgisini qazanaraq "Azərbaycanın Ümummilli Qəhrəmanı" statusuna yüksəldi.


“Aprel döyüşlərindən, Tovuz hadisələrindən, general Polad Həşimovun şəhidliyinin anımı zamanı gənclərimizin Bakı və Sumqayıtı bürüyən əzəmətli yürüşünün hayqırtısından başlayan milli ruhumuzun yenidən doğuluşu prosesi Şuşamızda Azərbaycan bayrağının dalğalanması ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz müasir hərb tarixi üçün nümunə ola biləcək qəhrəmanlıq göstərdi. Xalqın öz lideri ətrafında Prezidentin ifadə etdiyi kimi, dəmir yumruq kimi birləşməsi ilə bütün dünya üçün nümunə ola biləcək model ortaya qoyuldu. Nəinki regionda, qlobal miqyasda da xalqımıza olan hörmət və ehtiram ölçüyəgəlməz dərəcədə yüksəldi. Bu qələbə xalqımızın bir neçə yüzillik üçün perspektivini, yüksəliş istiqamətlərini müəyyənləşdirdi. Cəmiyyətdə insanlararası münasibətlərdə sevgini və səmimiyyəti gücləndirdi, milli həmrəylik hissini zirvələrə yüksəltdi. Həmçinin qardaş Türkiyənin Azərbaycana yüksək dərəcədə siyasi-mənəvi dəstəyi bütün türk dünyasının vahid amal ətrafında birləşməsinə geniş imkanlar açdı.

Əyyub Kərimov
Azərbaycan Texniki Universitetinin
"Humanitar fənlər” kafedrasının professoru,
fəlsəfə üzrə elmlər doktoru


ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: