Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollektivə təqdim olunub

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollektivə təqdim olunub Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə
Prof.Dr. Çetin Elmas Azərbaycan Texniki Universitetinin (AzTU)
Elm və innovasiya üzrə prorektoru təyin olunub.
O, bu gün kollektivə təqdim edilib.


Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Çetin Elmasın təhsil, elmi-tədqiqat və innovasiyalar sahəsində geniş fəaliyyəti AzTU-nun konsepsiyasına uyğundur. Çetin Elmas layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alimdir. Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir.
Rektor müasir tədqiqat trendlərinə müvafiq olaraq AzTU-da süni intellekt, robototexnika, enerji, nəqliyyat sahələri üzrə gənc kadrların hazırlanmasında və sahibkarlıq ekosisteminin formalaşmasında Çetin Elmasın xüsusi rolunun olacağına ümid etdiyini vurğulayıb.

AzTU-nun Elm və innovasiya üzrə prorektoru Çetin Elmas ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkürlərini çatdırıb. Bildirib ki, AzTU-nun yaxın zamanlarda regionun ən öndə gedən ali təhsil müəssisəsinə çevriməsi istiqamətində səylərini əsirgəməyəcək.

Qeyd edək ki, Prof.Dr. Çetin Elmas 1982–1986-cı illərdə Türkiyənin Qazi Universitetində elektrik elektronika mühəndisliyi ixtisası üzrə bakalavr, 1986-1988-ci illərdə magistr, 1990-1991-ci illərdə İngiltərənin Birminhem Universitetində fəlsəfə ixtisası üzrə magistr təhsili alıb. 1991-1993-cü illərdə İngiltərənin Birminhem Universitetində elektrik elektronika mühəndisliyi doktoru elmi dərəcəsi alıb.

Çetin Elmas 1993–1995-ci illərdə Türkiyənin Qazi Universitetində dosent köməkçisi, 1995-2001-ci illərdə dosent vəzifələrini icra edib. 2001-ci ildən indiyə kimi Qazi Universitetinin Texnologiya fakültəsinin Elektrik elektronika mühəndisliyi kafedrasının professorudur.

Layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas Türkiyə Layihə İdarəetmə Assosiasiyası prezidentidir. O, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının layihələrin idarə edilməsində süni intellekt üzrə xüsusi qrupunun qlobal rəhbəridir.

Çetin Elmas, həmçinin İstanbulda Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının 24-cü Dünya Konqresinə sədrlik edib.

O, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir.

Çetin Elmas Türkiyədə müxtəlif qurumlarda yüksək vəzifələrdə çalışıb.

Çoxsaylı kitab, elmi məqalə, məruzə və patentin müəllifidir.

Biz də Prof.Dr. Çetin Elması Azərbaycan Texniki Universitetinin (AzTU)
Elm və innovasiya üzrə prorektoru təyin olunması münasibətilə ürəkdən təbrik edir
və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: