Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib 05 iyul 2021-ci il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) "26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya Sektorunun müdiri Raqif Allahverdiyev mövzu ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və müvafiq qanunvericilik aktlarının icrası ilə bağlı ətraflı məlumat verib. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Vüqar Mansurov qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə məruzə ilə çıxış edib.

AzTU-nun Humanitar fənlər və Xarici dillər kafedralarının müəllimləri "Narkomaniyanın fəsadları və onunla mübarizə” haqqında öz fikirlərini bildirib.

Vebinarda narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.

Məruzələr ətrafında aparılan müzakirələr vebinar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki,
dünyada hər il 26 iyun tarixi Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə AzTU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: