Sizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu il Silahlı Qüvvələr Gününü 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Şanlı Azərbaycan Ordusunun bayramı kimi qeyd edirik.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı sayəsində son illərdə Azərbaycan ordusunun peşəkarlığı və döyüş qabiliyyəti artır, maddi-texniki təchizatı möhkəmlənir və bu gün ölkəmiz dünyada ən qüdrətli orduya malik olan dövlətlər sırasındadır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə şanlı səhifə yazdı. Torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoydu. Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsində universitetimizin tələbə və məzunları da igidlik və vətənpərvərlik nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan döyüşlərdə iştirak etmişlər. Universitetimizin 250-dən çox tələbə və məzunu Vətən müharibəsi iştirakçısı olmuş, onlardan 28 nəfər qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Vətən uğrunda canından keçən Şəhidlərimizi qürurla anırıq.
Bir neçə gün öncə cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən imzalanan sərəncamla təltif olunan hərbi qulluqçular arasında universitetimizin tələbə və məzunları da yer almışlar.
Əziz hərbçilər!
Sizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə bir daha təbrik edirəm! Möhkəm cansağlığı, uzun ömür, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram!
Azərbaycan Texniki Universitetinin rektoru
professor Vilayət Vəliyev
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.