Təqdimat mərasimində universitet nümayəndələri və AzTU-nun şəhid məzunlarının ailə üzvləri iştirak edib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rektor Vilayət Vəliyev bildirib ki, AzTU-nun tələbə və məzunları torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbədə AzTU-nun tələbə və məzunlarının xidmətlərini xüsusi vurğulayan Vilayət Vəliyev, onlardan 31 nəfərinin şəhidlik zirvəsinə yüksəldiyini deyib.
Rektor bildirib ki, AzTU-da şəhidlərin əziz xatirəsi hər zaman uca tutulur və bundan sonra da bu belə davam edəcək. Bu gün təqdimatı keçirilən” Zəfər şahinləri” kitabı da şəhidlərimizin əziz xatirəsinə ithaf olunur. AzTU-nun kitabxanasının müdiri Zöhrə Məmmədovanın müəllifi olduğu kitabda universitetin Vətən müharibəsində şəhid olan tələbə və məzunları haqqında məlumatlar yer alıb.
Rektor onu da bildirib ki, şəhidlərimiz haqqında belə nəşrlərin hazırlanması davamlı olacaq. O da qeyd olunub ki, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün universitetdə müxtəlif layihələr hazırlanır.
Daha sonra “Zəfər şahinləri” kitabının müəllifi, AzTU-nun kitabxanasının müdiri Zöhrə Məmmədova çıxış edib. Zöhrə Məmmədova şəhidliyin ən uca zirvə olduğunu bildirib. Qeyd edib ki, şəhidlər adlarını tarixə əbəbdi həkk ediblər və onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçısı və digər qonaqlar 44 günlük müharibədə qazanılan Şanlı Qələbədə şəhidlərimizin xidmətlərini xüsusi vurğulayıblar.
Şəhid ailələri belə görüşün təşkilinə görə AzTU rəhbərliyinə təşəkkür ediblər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.