AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib TƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinə dekan seçkisi keçirilib.

Seçki "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları" na uyğun təşkil olunub.
Əvvəlcə seçkidə iştirak etmək üçün namizədliyini irəli sürmüş AzTU-nun Magistratura şöbəsinin müdiri
Malik Qarayevin platforması dinlənilib.
Daha sonra fakültənin professor-müəllim heyətinin iştirakı ilə gizli səsvermə keçirilib.
Seçkinin nəticəsinə görə səsvermədə iştirak edən hər kəs namizədin lehinə səs verib.
Beləliklə, Malik Qarayev AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin yeni dekanı seçilib.


Seçkidən sonra keçirilən iclasda rektor Vilayət Vəliyev
Malik Qarayevi dekan seçilməsi münasibətilə təbrik edib.
Qeyd edib ki, Maşınqayırma və robototexnika fakültəsi
universitetin ən qədim tarixi olan fakültələrindəndir.
Fakültənin işinin müasir standartlar səviyyəsində qurulması,
təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi
günün əsas tələblərindən biridir.
Rektor qeyd olunan istiqamətlər üzrə Malik Qarayevin
böyük təcrübəsinin olduğunu bildirib,
ona fəaliyyətində uğurlar arzulayıb.

Malik Qarayev ona göstərilən etimada görə
professor-müəllim heyətinə təşəkkür edib,
fəaliyyəti müddətində etimadı doğruldacağını bildirib.


Qeyd edək ki, Malik Qarayev - Azərbaycan Texniki Universitetinin məzunudur.
O, 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu)
“05.02.08-Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirib və gənc mütəxəssis kimi
“Maşınqayırma texnologiyası” kafedrasında “tədris ustası” vəzifəsində
əmək fəaliyyətinə başlayıb.

1991-1992-ci illərdə Moskva Dövlət Texnoloji Universitetində
elmi stajor kimi təkmilləşdirmə kursunu bitirib.

1992-1995-ci illərdə həmin universitetdə məqsədli aspiranturada əyani təhsil alıb,
1995-1996-cı illərdə isə doktorantura qabağı elmi stajor kursunu keçib.

1996-cı ildə Moskva Dövlət Texnoloji Universitetində namizədlik dissertasiyasını uğurla müdafiə edib,
texnika elmləri namizədi elmi dərəcəsi alıb.

M.F.Qarayev 1990-cı ildə, 1999-2000-ci illərdə AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasında bir sıra ixtisas fənlərindən və digər təhsil müəssisələrində isə “Tətbiqi mexanika”, “Tərsimi həndəsə və mühəndis qrafikası” fənlərindən dərs deyib, 20 ildən çox elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

M.F.Qarayev 1997-2005-ci illərdə Daxili İşlər Nazirliyinin və 2005-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin nəzdində baş müəllim, silsilə rəisi, Elmi-Təcrübə və İstehsalat Mərkəzinin rəis müavini və 2012-2019-cu illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Tədris şöbəsinin rəisi vəzifələrində çalışıb.

2016-cı ildə dosent elmi adını alıb və 2019-cu ilin mart ayından əmək fəaliyyətini yenidən
AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib.

Texnika elmləri namizədi, dosent Malik Qarayev 2020-ci il yanvarın 23-də AzTU-nun magistratura və doktorantura şöbəsinin müdiri təyin olunub.

İxtisaslar üzrə 1 dərsliyin, 1 metodik vəsaitin, 1 səmərələşdirici təklifin, 2 tədris-fənn proqramının,
eləcə də, rəsmi təsdiq olunmuş 19 elmi məqalənin və tədris-metodiki işlərin müəllifidir.

Təhsil aldığı və xidmət etdiyi dövrlərdə fəxri fərmanlar və döş nişanları ilə,
eləcə də, "Qüsursuz xidmətlərə görə" 5 yubiley medalı ilə təltif olunub.
2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Ailəlidir, bir oğlu, bir qızı, iki nəvəsi var.

Biz də texnika elmləri namizədi, dosent Malik Qarayevi
AzTU-nun "Maşınqayırma və robototexnika" fakültəsinin dekanı
seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: