Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ortaq anım tədbiri

Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ortaq anım tədbiriAzərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ortaq anım tədbiriAzərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə hər üç universitetin əməkdaşları iştirak edib.


AzTU-nun rektoru Vilayət Vəliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən soyqırımının təkcə azərbaycanlıların deyil, bütün bəşəriyyətin faciəsi olduğunu bildirib. Rektor qeyd edib ki, həmin gecə 613 nəfər günahsız insan məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib. Vilayət Vəliyev bildirib ki, Xocalı soyqırımının unudulmaması və gənclər arasında maarifləndirmə işlərinin aparılması, eyni zamanda dünyaya çatdırılması zamanı dəqiq faktlara əsaslanan məlumatlardan, videomateriallardan istifadə olunmalıdır. Rektor kədərimizə şərik olan qardaş Türkiyə universitetinin rəhbərliyinə təşəkkür edib. Bildirib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olmağa davam edəcək.

MDU-nun rektoru Şahin Bayramov o dəhşətli gecə yaşanan faciədən danışıb. Qeyd edib ki, erməni terrorçularının dinc əhalinin başına gətirdikləri soyqırımı insanlığa sığmayan vandalizm aktıdır, cinayətdir. Rektor deyib ki, ölkəmizin başına gətirilən faciələrin qisası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan ordusunun qazandığı şanlı qələbə nəticəsində alınmış oldu.

YTU-nun prorektoru Nur Bekiroğlu qeyd edib ki, erməni vandallarının Xocalı şəhərində günahsız insanları qətlə yetirməsi, sağ qalanların başına olmazın işgəncələr gətirməsi dünya tarixində nadir rast gəlinən faciələrdəndir. Nur Bekiroğlu deyib ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi hər il qardaş Azərbaycanda olduğu kimi Türkiyənin də bütün bölgələrində anılır.

Anım tədbiri hər üç universitetin nümayəndələrinin Xocalı soyqırımı haqqında tarixi faktlara əsaslanan çıxışları ilə davam edib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: