AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib

AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (Azərbaycan, rus və ingilis dillərində)” layihəsinin təqdimat mərasimi keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarını və bunların nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır.


Azərbaycanın dövlət himninin səsləndirilməsi, daha sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimində AzTU-nun tələbələri və müəllimləri iştirak edib. Tələbə və müəllim kollektivinə təqdim olunan sənədli filmdə ermənilərin vandalizm siyasətinin mahiyyəti ifşa edilir. Qeyd olunur ki, bu siyasət dərin köklərə malikdir və tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı soyqırımlar törətməkdə, azərbaycanlılara məxsus tarixi abidələri dağıtmaqda, dini mənsubiyyətindən asılı olmayaraq məscid, məbəd və s. qədim müqəddəs məkanları tanınmaz hala salmaqda, bunları yerlə-yeksan etməkdə özünü büruzə verib. Dünya erməni vandalizminin nəticəsini görməli, bunu bilməlidir. Bizim məqsədimiz məhz budur. Beynəlxalq aləm cinayətkar barəsində mütləq ölçü götürməlidir.

Filmin nümayişindən sonra onun ətrafında geniş müzakirələr aparılıb.
Layihənin rəhbəri Büllur Məmmədova, AzTU-nun Media ilə iş və kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov İctimai birliyin sədr müavini Fəridə Şahbazova erməni vandalizminin tarixi kökləri, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında tarixi-dini abidələrimizə qarşı törədilmiş vəhşi əməllərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və bu əməllərin bütün hüquqi və mənəvi normalara tam zidd olması barədə danışıblar.
Qeyd olunub ki, layihə çərçivəsində hazırlanmış “Vandalizm” adlı sənədli film rus və ingilis dillərinə də tərcümə edilib.

Qeyd edək ki, “Vandalizm” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: