AzTU-nun professoru Eldar Qocayev vəfat edib

AzTU-nun professoru Eldar Qocayev  vəfat edib ALLAH RƏHMƏT ELƏSİN...

Əziz dostlar, martın 11-də gecə saatlarında Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Texniki Univetsitetin Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, el ağsaqqalı Eldar Mehralı oğlu Qocayev vəfat etmişdir.


Eldarla mənim aramızda iki yaş fərq var idi. O, mənim bibim oğlu idi. Uşaqlıqdan demək olar ki, bir ailədə böyümüşdük. Mən Bakı Dövlət Universitetinin birinci kursuna daxil olanda, o Fizika fakültəsinin üçüncü kursunda oxuyurdu. Birinci və ikinci kursda oxuduğum zaman onunla yataqxanada bir otaqda qalırdıq. Sonralar Eldar mənim bacım Suqra ilə ailə həyatı qurdu. Çox zəhmətkeş, işgüzar, səmimi, təvəzökar, məsuliyyətli, yeri gələndə sözünü deyən bir insan idi.
Onu 2023-cü il martın 12-də əvvəlcədən özünün aldığı yerdə - Badamdar qəbirstanlığında dəfn etdik. Allah rəhmət eləsin. 3 və 7 mərasimi 2023-cü il martın 18-də özünün arzusuna uyğun olaraq Heydər məscidində keçiriləcəkdir. Allah rəhmət eləsin.

Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olmuşdur. 1962-ci ildə İcevan rayonu Polad kənd orta məktəbini bitirmiş, 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. 1967-1972–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləmiş, 1972-ci ildə həmin institutda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülmüşdür.
1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlamışdır. 1976-cı ildə inistitutun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə kafedranın nəzdində ən müasir tədqiqat işləri aparmağa imkan verən elmi-tədqiqat və tədris laboratoriyaları yaradılmış və həmin dövrdə 3 elmlər namizədi hazırlamışdır. Həmin alimlər hal-hazırda Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışırlar.
1987-1990-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləmişdir.
Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görmüşdür. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülmüşdür.
1990-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakültənin dekanı işləmiş, 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Fizika kafedrasının müdiri seçilmiş və 2021-ci ilin fevral ayına qədər həmin kafedraya rəhbərlik etmişdir.
Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.
Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitetdə Elektronika və Fizika kafedraları birləşdirilərək yeni kafedra – Mühəndis fizikası və elektronika kafedrası yaradılmış və həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilmişdir.
Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuşdur.
O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

Misir MƏRDANOV,
AMEA-nın müxbir üzvü,
Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor


Redaksiyadan:

Biz də Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Eldar Qocayevin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, bütün doğmalarına, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: