
(1962)
Vahid Qara oğlu Fərhadov 1962-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şindilər kəndində müəllim ailəsində anadan olmuşdur.
O, 1979-cu ildə doğma kəndindəki orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin il Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Texniki Universiteti) «Avtomatika və hesablama texnikası» fakültəsinin «Maşınqayırmanın avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi» ixtisasına daxil olmuş, 1984-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmiş və gənc mütəxəssis kimi «İslahat proseslərinin avtomatlaşdırılması» kafedrasında saxlanılmışdır.
1988-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun aspirantı olmuşdur.
V.Q.Fərhadov Universitetin və kafedranın ictimai həyatında böyük fəallıq göstərir.
O, 2006-cı ildən kafedra müdirinin müavini işləmiş, AKT fakültəsinin fakültə Şurasının üzvüdür, 2011-ci ildə isə «Avtomatika və idarəetmə» kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
2008-ci ildə 05.13.05- Hesablama texnikası və idarəetmə sistemlərinin element və qurğuları ixtisası üzrə «Sferik koordinatı sənaye robotunun tədqiqi və optimal idarə edilməsi» mövzusunda dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
Hazırda «Qeyri müəyyənlik şəraitində robast optimal idarəetmə sistemlərinin sintezi» mövzüsunda doktorluq dissertasiyası üzərində işləyir.
2002-ci, 2007-ci, 2012-ci və 2014-cü illərdə TEMPUS proqramı çərçivəsində Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində və Avstriyanın Texniki Universitetlərində elmi ezamiyyətlərdə olmuşdur.
40-dan çox elmi əsərlərin, o cümlədən 7 dərs vəsaitinin, 7 metodik göstərişin müəllifidir, bir çox Beynəlxalq və Respublika elmi-texniki konfranslarında məruzələrlə çıxışlar etmişdir.
O, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi Seminarının üzvüdür.
V.Q.Fərhadov pedaqoji fəaliyyəti dövründə özünü tələbkar və intizamlı pedaqoq müəllim kimi göstərmiş, fakültənin müəllim və tələbə kollektivinin nüfuzunu qazanmışdır.
Vahid müəllimə biz də yeni-yeni uğurlar arzulayırıq!..
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.258-259).
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.