Azərbaycanda təhsil sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır

Azərbaycanda təhsil sahəsində  aparılan islahatlar davamlı xarakter daşıyır REDAKSİYAMIZIN ARXİVİNDƏN:
"ŞƏRQİN SƏSİ",
Oktyabr, 2012

Azərbaycanda
təhsil sahəsində
aparılan islahatlar
davamlı xarakter daşıyır

AzTU-nun rektoru,
professor
Havar Məmmədov
www.yap.org.az saytına
müsahibə verib:


- Havar müəllim, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz bir təhsil işçisi kimi dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?

- Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən, təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir. Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə, məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib.
Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə, onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, müasir infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmizin, xalqımızın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ölkəmizdə təhsil sahəsinə investisiyaların yönəldilməsi dünyanın inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilir.
Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri isə heç şübhəsiz ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Belə ki, son 10 ildə dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib. Respublikanın dövlət büdcəsindən təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təsadüfi deyil ki, dövlət büdcəsindən müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir.
Son 10 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.
Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, təhsil sahəsində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi nəticəsində bu sahədə yeni-yeni nailiyyətlər əldə ediləcək.

- Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası prosesi hansı səviyyədədir? Bu sahədə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, aparılan islahatların başlıca məqsədlərindən biri ölkəmizin təhsilini, dünya, o cümlədən Avropa təhsil sisteminə uyğunlaşdırmaq, inteqrasiya etməkdir. Şübhəsiz, bu istiqamətdə də ciddi nəticələr əldə olunur. 2006-cı ildən Azərbaycan Respublikasının ali məktəbləri Bolonya prosesinə qoşulmuşlar. Bilirsiniz ki, vahid təhsil məkanı formalaşdırılır, təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin təşkilini reqlamentləşdirən normativ sənədlər işlənib hazırlanır. Ali təhsil sisteminin Bolonya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir.

- Havar müəllim, Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.

- Sizcə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” perspektiv üçün nələr vəd edir?
- Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar təhsilin keyfiyyətinin yaxşılaşması və peşəkarlıq səviyyəsinin yüksəlməsinə töhfə verir. Digər tərəfdən, azərbaycanlı gənclərin dövlət hesabına xarici ölkələrdə təhsilini nəzərdə tutan Dövlət Proqramının icrası da uğurla davam edir. Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 mindən artıqdır. Təhsilini başa vuran gənclərimiz isə ölkəyə qayıdaraq müxtəlif sahələrdə peşəkar fəaliyyətlərilə respublikanın inkişafına töhfələrini verir. Bu mənada qeyd etdiyiniz Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu proqram böyük insan kapitalının yetişməsi baxımından çox mühümdür. Təbii ki, xaricdə təhsil alıb yüksək biliklərə yiyələnən gənclərimiz təhsilini başa vurandan sonra qayıdıb dövlətimizə xidmət göstərməlidirlər. Diqqət çəkən məqamlardan biri odur ki, proqram əsasında təhsil alan gənclərin ən çox seçdiyi ixtisaslardan biri mühəndislikdir. İqtisadiyyatı sürətlə inkişaf edən ölkənin mühəndislərə böyük ehtiyacı var. Biz də universitet olaraq proqram üzrə təhsil alan gəncləri işə dəvət edirik.

- Havar müəllim, 15 sentyabr “Bilik Günü”dür, ölkəmizdə yeni tədris ili başlayır. Rəhbərlik etdiyiniz Azərbaycan Texniki Universiteti yeni tədris ilinə necə hazırlaşıb?
- “Bilik Günü” Azərbaycanda böyük bayram kimi qeyd olunur. Bu, bir ənənəyə çevrilib. Bilik günü hər il olduğu kimi bu il də bizim universitetdə də qeyd edilib. Biz ötən dövr ərzində ali məktəbin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm vermişik. Çünki maddi-texniki bazası zəif olan, laboratoriyaları olmayan ali məktəblərdə yüksək ixtisaslı kadr hazırlığından söhbət gedə bilməz. Bilirsiniz ki, dövlətimiz ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinin artırılmasına, eləcə də universitetlərin binalarının əsaslı təmirinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsi olaraq universitetimiz də ciddi nəticələr əldə etməkdədir.

- Havar müəllim, sonda universitetin beynəlxalq əlaqələri ilə bağlı məlumat verməyinizi xahiş edirik...
- Beynəlxalq əlaqələrimizə gəlincə, bu istiqamətdə də geniş fəaliyyət həyata keçiririk. Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması prosesi artıq dönməz xarakter alıb və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu prosesin önündə gedən universitetlərdən biri kimi Azərbaycan Texniki Universitetində də mühüm işlər yerinə yetirilir. Universitetimiz beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bütün təklifləri dəyərləndirir və bir çox hallarda münasibətlərin formalaşdırılmasında aparıcı rol oynayır.
Universitetimiz müxtəlif beynəlxalq layihələrdə iştirak (tədris, elm, mübadilə və s.) edir. AzTU-da son illərdə bir neçə tədris layihələri (TEMPUS) yerinə yetirilib. Hal-hazırda AzTU-da ondan artıq tədris layihəsi yerinə yetirilir ki, bunlardan “TEMPUS”, “KOİCA”, “NRF”, “Paris-Tech”, “DAAD”, “ATF” (DGF), “İskratel”, ETAP- General Electric (GE)-AzTU və s. kimi layihələri xüsusi qeyd etmək istərdim. Bu layihələrə uyğun olaraq biz geniş beynəlxalq əməkdaşlıq edirik, tədrisin müasir texnologiyaların tətbiqi ilə qurulmasına çalışırıq.

“Yeni Azərbaycan” qəzeti,
16 sentyabr, 2014-cü il.



Azərbaycanda təhsil sahəsində  aparılan islahatlar davamlı xarakter daşıyır
AzTU-da Payız-qış mövsümünə hazırlıq


Müsahibimiz AzTU-nun təsərrüfat işləri üzrə prorektoru,
dosent A.A.Mirzəliyevdir.


-Abuzər müəllim, bildiyimiz kimi, 2014-cü ildə Azərbaycan Texniki Universitetinin maddi texniki bazasının möhkəmləndirilməsi və Universitetin tədris-laborotoriya otaqlarının yeni tədris ilinə hazırlanması sahəsində xeyli işlər görülmüşdür. Xahiş edirik ki, bu barədə və eləcə də 2014-cü ildə AzTU-da Payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq görülmüş işlər barəsində oxucularımıza məlumat verəsiniz.

- Bəli, Universitetimizin böyük bir təsərrüfat hissəsi var. Qeyd etdiyiniz kimi, İstər Universitetdə aparılan təmir-tikinti və abadlıq işləri ilə, istərsə də, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bir sıra işlər görülmüşdür. Belə ki, hər il olduğu kimi, bu tədris ilində də Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun “Təhsil Nazirliyinin tabeliyində olan tədris müssisələrinin 2014-2015-ci tədris ilində payız-qış mövsümünə hazırlığının təmin olunması haqqında” Əmrinə müvafiq olaraq Universitetin tədris-laboratoriya otaqlarını payız-qış mövsümünə hazırlamaq, onların istilik sistemlərinin sazlanması, nəqliyyat vasitələrinin fasiləsiz işini təmin etmək, tələbələrin, köməkçi tədris heyyətinin, professor-müəllim kollektivinin əməyinin, istirahətlərinin və sağlamlığının qorunması məqsədilə Universitetin payız-qış mövsümünə hazırlıq planı tərtib olunmuş və iş icrası vaxtları konkret göstərilmişdir.
Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq aşağıdakı işlər görülmüşdür:
Tədris və yataqxana binalarında istilik sisteminin əvvəlcədən soyuq su ilə kipliyin yoxlanması işləri təmin olunmuş və digər köməkçi təmir işləri aparılmışdır.
İstilik təminatı ilə əlaqədar sistemdə quraşdırılmış siyirtmələrin işlək vəziyyətinin yoxlanması, nizamlanması və istilik xəttlərinin yararsız hissələrinin, nasaz siyirtmələrin dəyişdirilməsi işləri başa çatmışdır.
Tədris laboratoriya binalarında qapı və pəncərələrin aralıqlarının kipliyinin yoxlanması və 2 qat şüşələnmə işləri görülmüşdür.
Universitet ərazisində yerləşən 10 KV transformator məntəqəsidnə yüksək gərginlik hissəsinin elektrik ayırcılarında cari təmir işi aparılmış, sıradan çıxmış yağ açarları dəyişdirilmişdir. Həmin transformator məntəqəsində 630 Kv-lıq güc transformatorun alçaq gərginlik tərəfdəki sıradan çıxmış izolyatorları dəyişdirilmiş və tələb olunan bütün cari və profilaktik təmir işləri başa çatdırılmışdır. İşıqlandırma və güc avadanlıqlarında, elektrik sistemlərində, yardımçı paylayıcı şitlərdə olan nasazlıq aradan qaldırılmış, cari və profilaktik işləri başa çatdırılmışdır.
Əsas binanın sağ və sol cinahlarındakı yardımçı nasaz elektrik paylayıcı şitləri texniki tələblərə cavab verən müasir tipli elektrik paylayıcı şitlərlə əvəz edilmişdir. II-III tədris binalarının bütün mərtəbələrində sıradan çıxmış elektrik xəttləri, IV tədris binasında mərtəbə elektrik paylayıcı şitlərindəki avtomatlar dəyişdirilmişdir. Tədris binalarında kontur torpaqlama işinin normativə uyğun yoxlanması işləri yerinə yetirilmişdir.
VIII tədris binasının kontor torpaqlama işini gücləndirmək məqsədilə əlavə olaraq binanın xaricində iki nöqtədə elektrodlar basdırılmış və ümumi kontor xəttinə birləşdirilmişdir.
Yanğına qarşı istifadə olunacaq su hovuzları təmir olunmuş, nasosların texniki cəhətdən etibarlı işləməsi təmin edilmişdir.
Universitetin II-ci və III tədris binasında istilik sistemləri tamamilə yenidən qurulmuşdur.
Payız-qış mövsümünə tədris binalarını istiliklə təmin etmək məqsədilə qazanxananın buxar qazanında profilaktik təmir işi aparılmış və eyni zamanda istilik dəyişdiricilərinin bir hissəsinin boruların içi ərpdən təmizlənmişdir.
Əsas tədris binasının sol cinahından gedən d-150 mm magistral çürümüş istilik xətlərinin 80 p.m hissəsi dəyişdirilmişdir.
Tədris binalarının istilik sisteminin qovşaqlarında təmir işləri başa çatdırılmış və sınaqdan keçirilmişdir.
Universitetin tədris binalarına daima verilən su xəttinin birləşdirmə işinin bir hissəsi yerinə yetirilmişdir. Bu istiqamətdə işlər hazırda davam etdirilir.
Tələbə şəhərçiyində su təchizatını yaxşılaşdırmaq məqsədilə nasaz su nasosları təmir olunmuşdur. Tələbə şəhərciyindəki sanitar qovşaqlarda cari təmir işləri yerinə yetirilmişdir. Tədris binalarında və tələbə şəhərciyində qapı və pəncərələrin bərpası, tələbə şəhərciyində 400m2 pəncərənin şüşələnməsi və hissə-hissə cari təmir işləri görülmüşdür və s.
Bütün bunlara baxmayaraq, sonda onu da vurğulayım ki, payız-qış mövsümünə hazırlıq işlərinin tam öz gücümüzlə aparılmasına baxmayaraq, belə hesab edirik ki, görülən işlərlə bərabər görülməmiş, amma görülməsi zəruri olan işlərimiz də az deyil.
- Biz də müsahibə üçün təşəkkür edir və Sizə gördüyünüz bu şərəfli işinizdə uğurlar arzulayırıq!...
Müsahibəni yazdı:
Müşfiq BORÇALI.



Azərbaycanda təhsil sahəsində  aparılan islahatlar davamlı xarakter daşıyırSənaye ili
AzTU - metallurq kadrların hazırlanmasının qarantıdır

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi fikir verilir.
Cənab prezident öz çıxışlarında dəfələrlə bu məsələni geniş müzakirə obyektinə çevirmişdir. Bu məqsədlə respublikada metallurgiya sənayesinə artan maraq, istehsal keyfiyyətinin dünya standartlarına cavab verməsi, xammal bazasının mövcudluğu, istehsal məhsullarının çeşidinin artırılması bu sahənin ölkə iqtisadiyyatında mühüm yer tutmasına şərait yaradır.
Sənayenin ümümi inkişafında metallurgiyanın xüsusi rolunu və əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sahəsinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət yetirilməlidir.
23 aprel 2013-cü il tarixində respublika prezidenti cənab İlham Əliyevin Azərbaycan Polad istehsalı Kompleksinin yaradılması ilə bağlı sərancamı metallurgiyanın inkişafı üçün əsaslı təkan rolunu oynadı.
Azərbaycan Polad İstehsalı Kompleksi Qapalı Səhimdar Cəmiyyəti öz işini qurmaq üçün yüksək ixtisaslı kadrlara ehtiyacı vardır.
Metallurgiya sahəsi üzrə kadr hazırlığı ilə məşğul olan yeganə ali məktəb Azərbaycan Texniki Universitetinin metallurgiya fakultəsidir. Bu fakultə 1964-cu ildə yaradılmışdır.
XX əsrin 70-80-ci illərində universitet keçmiş sovetlər üçün kifayət qədər metallurq kadrlar hazırlayan tədris müəssisələrindən olub. Elə bu gün də ali məktəb metallurgiya sahəsində öncül mövqeyini qoruyub saxlayır və yüksək ixtisaslı mütəxəsislərin hazırlanmasına ciddi səy göstərir. Təhsil ocağı fakultənin inkişafı yolunu əsas tutaraq tərkibində 5 kafedra yaradıb;
1. Metallurgiya və metalşünaslıq; 2. Tökmə və qaynaq istehsalı; 3. Konstruksiya və KMT; 4. Sənaye ekolgiyası və HFT; 5. Kimya.
Fakultənin kafedralarında 60 nəfədən çox yüksək ixtisaslı professor-müəllim heyəti çalışır. Onların 14-ü elmlər doktoru, professor, 35-i isə elmlər namizədi, dosentdir.
Professor-müəllim heyətinin əksəriyyəti keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almış, orada namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişlər. Bundan başqa mütəxəsis hazırlayan müəllmlərin əksəriyyəti respublikanın müxtəlif metallurgiya zavodlarında işləmiş insanlardır.
Fakultədə “050611” “Metallurgiya mühəndisliyi”, “050601” “Materialşünaslıq mühəndisliyi”, “050605 Dağ-mədən mühəndisliyi” ixtisasları üzrə mütəxəsis hazırlanır.
Respublikada fəaliyyət göstərən metallurgiya müəssisələrinin tələblərinə uyğun olaraq “Əlvan metalların metallurgiyası”, ”Metalşünaslıq və termiki emal”, “Qara və əlvan metalların tökmə istehsalı”, “Qaynağın metallurgiyası, avadanlığı və texnologiyası”, “Kompozisiya və ovuntu materialları, örtüküklər”, “Materialşünaslıq və materiallar texnologiyası”, “Maşınqayırmada materialşünaslıq” və s. ixtisaslaşmalar üzrə mütəxəsislər hazırlanır.
Fakultənin kollektivi Respublikanın qabaqcıl metallurgiya müəssisələri ilə sıx əlaqə yaratmışdır. Belə ki, AzTU Bakı Steel Company şirkəti ilə elm texnika sahəsində metallurgiya ixtisaslarına uyğun olaraq şirkət üçün ixtisaslı mütəxəsislərin hazırlanması üzrə 5 il müddətinə (05.10.2002-ci il tarixli), Azəralüminium ASC, AzTU ilə Azərbaycan Respublikasında ən müasir elmi texniki nəaliyyətlərdən istifadə etməklə, alüminium sənayesinin və bu sahədə elmi potensialdan istifadə edilməsi, həmin potensialın gələcəkdə artırılması, yeni texnolji layihələrin həyata keçirilməsi, elmi axtarışların maliyələşdirilməsi, onun sürətləndirilməsi və üstün yeni sahələr üçün gənc mütəxəssislərin hazırlanması, mövcud mütəxəsislərin ixtisasının artırılması, habelə əlvan metallurgiya sahəsində daha dərin bilik və təcrübənin əldə edilməsini təmin edə bilən zəruri elmi-texniki bazanın yaradılması sahəsində ümumi səy və imkanlarının birləşdirilməsi məqsədi daşıyan əməkdaşlıq haqqında (17 mart 2003-cü il 5 il müddətinə) müqavilələr bağlanmış və sonradan bu müqavilələr yeniləşdirilmişdir. Müqaviləyə əsasən şirkətlər Metallurgiya fakultəsinin tələbələri arasında müsabiqə əsasında seçilmiş tələbələrə təqaüdlər təyin edir, onların təcrübə qazanmasına şərait yaradır, şirkətlərin keçirdiyi tədbirlərə dəvət edir, daha çox fərqlənmiş tələbələri oxumaq üçün başqa ölkələrin ali təhsil müəssisələrinə göndərilməsini təşkil edir. Bu müqavilələr tələbələrin öz ixtisaslarının mükəmməl öyrənilməsinə böyük imkanlar yaratdi.
Təsadüfi deyil ki, Respublikamızın ən qabaqcıl müəssisələrindən olan “Baku Steel Company MMC”-də çalışan mütəxəsislərin əksəriyyəti AzTU-nun metallurgiya fakultəsini bitirən məzunlardır:
1.Ramin Kərimov - icraçı direktor; 2.Şamil Rzayev-istehsalat üzrə direktor müavini; 3.Mərdan Əliyev-SƏTƏM və tikinti üzrə direktor müavini; 4.Faiq Quliyev-keyfiyyətə nəzarət şöbəsinin rəisi; 5.Bəxtiyar Abdullayev - əritmə şöbəsinin rəisi.
Aydın Bayramov, Orxan Baxışov, Firudin Quliyev, Vasif Vəliyev. Röyal Bayramov, Şəmistan İbrahimov və onlarla belə məzunlarımız məsul vəzifələrdə çalışırlar.
Bundan başda məzunlarımız Sumqayıt “Alüminum”, Gəncə DETAL, Daşkəsən və Gədəbəy qızılemalı şirkətlərində, Sumqayıt texnoparkında və s. çalışırlar.
Hazırda metallurgiya müəssisələrinin artımı prosesi gedir. Yeni istehsal müəssisələri açılır. Ona görə kadr çətinliyi də yaranır.
Son illərdə fakultədə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə kafedraların müasir avadanlıqlarla yeniləşdirilməsi prosesi gedir.
Belə ki, Universitetimizin rektoru professor Havar Məmmədovun şəxsi təşəbbüsü ilə “Metallurgiya və metalşünaslıq”, “Tökmə və qaynaq istehsalı” kafedralarına çoxlu sayda yeni müasir laboratoriya avadanlıqları alınıb.
Metallurgiya və metalşünaslıq kafedrasında müasir “Metallurgiya və struktur analizi” laboratoriyası yaradılıb. Bu laboratoriya Almaniyanın “Buehler” firmasının avadanlıqları ilə təmin edilmişdir. Ölçmələr və emal kompüter vasitəsilə həyata keçirilir. Kafedraya metalların dartılmada möhkəmlik xassələrini təyin etmək üçün kompüterlə idarə olunan və proqram təminatı ilə təmin olunmuş TİME Group İnc. Firmasının WDW-2E qırıcı maşını alınmışdır. 2012-ci ildə kafedraya metal və ərintilərin kimyəvi tərkibini öyrənməyə imkan verən EXPERT 3L analizatoru alınmışdır. Bu qurğuda təmamilə kompüter proqramı vasitəsilə idarə olunur və nəticələr xüsusi proqram ilə emal edilir.
Tökmə və qaynaq istehsalı kafedrasında müasir “Qaynaq istehsalı” laboratoriyası yaradılmışdır. Bu laboratoriya Ukraynanın «SELMA» firması tərəfindən hazırlanmış və təchiz edilmişdir. «SELMA» firmasından MT-501 markalı nöqtəli kontakt qaynağı maşını alınmışdır. Qaynaq qövsünü yaratma vərdişlərini tələbələrə aşılamaq üçün «SELMA» firmasından “Trenacor” alınmış və kompüter proqramı ilə təmin edilmişdir. Arqon mühitində elektroqövs qaynağı üçün alınan avadanlıq həm əl ilə, həm də yarımavtomatik qaynaq aparmağa imkan verir. Kafedraya qara və əlvan metal və ərintiləri əritmək üçün 20 kq-lıq putaya malik induksiya sobası alınmışdır.
Kafedraların laboratiyalarının müasir avadanlıqlarla təchiz edilməsi Universitet rəhbərliyinin nəzarətindədir. Hal hazırda “Kimya” kafedrasının laboratoriyalarının yeniləşdirilməsi prosesi gedir.
Fakultədə kadr hazırlığının keyfiyyətinin artırmaq məqsədi ilə, yaxşı oxuyan tələbələrdən ibarət qruplar yaradılıb. Onlara dərslərdən əlavə metallurgiyanın problemləri və dərinlikləri öyrədilir. Ümüdvarıq ki, bu da öz səmərəli nəticəsini verəcəkdir.
Metallurq kadrların hazırlanması işini uzun illərdir ki, həyata keçirən AzTU yarandığı zamandan metallurgiya sənayesində yaranan problemlərin həllində, habelə bu sahənin inkişafında, kadrlarla təminatında mühüm rol oynayan təhsil ocağı olaraq qalır.

Aqil Babayev,
AzTU-nun Metallurgiya fakultəsinin dekanı
Dövlət Mükafatı Layreatı, Əməkdar mühəndis.




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: