Yeni kitab: "İçərişəhərin əbədi sakini"

Yeni kitab: "İçərişəhərin əbədi sakini" "Abdulla Şaiq", "Həsən bəy Zərdabi", "Qızıl qələm" mükafatlarına layiq görülmüş tarix müəllimi Təranə Cəbiyevanın indiyə qədər "Bülbülə imamzadəsi", "Gənc müəllim və özünütəhsil", "Güzdəkli Sona xanım""Bir ömrün taleyi" kitabları işıq üzü görüb. 2010-cu ilin axırlarında "Təhsil" EİM onun "İçərişəhərin əbədi sakini" (Naşiri və redaktoru Müşfiq Çobanlıdır) kitabını
(107 səhifə) çapdan buraxmışdır.

Kitab Allahın məsum və pak bəndəsi olan Mir Möhsün Ağaya həsr olunmuşdur.
67 il nurlu, insanlara kömək məqamları ilə naxışlanmış bir ömür yaşamış Mir Möhsün Ağa haqqında televerilişlər çəkilib, qəzet və jurnal məqalələri dərc edilib, kitablar nəşr olunub.

Doğma Bakının kəndlərini, bu məskənlərdəki müqəddəs məkanları araşdıran müəllif Seyid Əli Ağa barədə fikir və düşüncələri ümumiləşdirmiş, məqalələri bir yerə toplayaraq Mir Möhsün Ağanın ölümünün 60 illiyi ilə bağlı bir əsər çap etdirib.

Kitabın əvvəlində Mir Möhsün Ağanın həyat yoluna nəzər salınır, faktlar və hadisələr əsasında müqəddəs şəxsin ömür salnaməsi haqqında oxuculara məlumat çatdırılır. Həmin hissədə Mir Möhsün Ağanın doğulub yaşadığı İçərişəhərdəki ev, Seyid Əli Ağanın bacısı Qönçə bəyim (Səkinə xanım) və başqa doğmaları barədə qeydlər diqqətəlayiqdir. Bu baxımdan "Xatirələr unudulmur" bölməsi də tutumu ilə seçilir.

Təranə Cəbiyeva Azərbaycan dövri nəşrlərində Mir Möhsün Ağa ilə bağlı qələm məhsullarını da toplamış, müəlliflərin hüququna toxunmadan onların məqalələrini kitaba daxil etmişdir.

Əsərin sonunda Mir Möhsün Ağaya ithaf olunmuş şeirlər verilmişdir.

"İçərişəhərin əbədi sakini" rəhmdil, nurlu, bənzərsiz insan kimi rəvayət-həqiqətlərdə yaşayan Mir Möhsün Ağanın ruhuna el hörmət və ehtiramının ifadəsi olan bir əsərdir.

Aytən MƏMMƏDOVA,
"Azərbaycan müəllim",
14 Yanvar 2011 - №02,
"Şərqin səsi", 14 Yanvar 2011.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: