DİPLOMATİYA TARİXİMİZDƏN: İbrahim Əbilov – Azərbaycanın Türkiyədə ilk fövqəladə və səlahiyyətli səfiri

DİPLOMATİYA TARİXİMİZDƏN: İbrahim Əbilov – Azərbaycanın Türkiyədə ilk  fövqəladə və səlahiyyətli səfiri İlk dəfə Azərbaycanı Vətəndən uzaqda təmsil etmək onun qismətinə yazıldı. O, fitri istedadı, intellekti və dünyagörüşü ilə həmişə diqqət mərkəzində oldu. Daima türk xalqlarının birliyini düşünərək hər addımını ölçüb–biçdi, sonra qəti qərarını verdi. Türk xalqının iftixarı, təəssübkeşi olması Mustafa Kamal Atatürkün də ürəyincə idi. Təsadüfi deyil ki, böyük türk sərkərdəsi onu özünə sirdaş, həmfikir hesab edirdi. Qəlbi Azərbaycanın xoşbəxt gələcəyi üçün döyündü, təəssüf ki, ömrü qısa oldu. Bədxahların xəyanəti nəticəsində dünyasını tez dəyişdi. Görkəmli diplomat, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İbrahim Əbilov ömrünün 41–ci baharında ölməzliyə qovuşdu.

İbrahim Məhərrəm oğlu Əbilov 1882–ci ildə Ordubadda anadan olub. O, ilk təhsilini Məmməd Tağı Sidqinin 1892–1896–cı illərdə Ordubadda təsis etdiyi “Əxtər” ibtidai məktəbində alıb. Atası vəfat etdiyinə görə o, təhsilini davam etdirə bilmir. 1903–cü ildə Port–Petrovskda (indiki Mahaçqalada), sonra Bakıda fəhləlik edir. O illərdə gənc İbrahim Azərbaycanda fəaliyyət göstərən “Hümmət” sosial–demokrat təşkilatının üzvü seçilir. İ.Əbilov 1907–ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçısı olur. 1908–1909–cu illərdə inqilabi iş aparmaq məqsədi ilə İrana göndərilir. Bakıya qayıtdıqdan bir müddət sonra 1912–ci ildə dərc olunan “Bakı həyatı” qəzetində redaktor işləyir. Həftəlik ictimai–siyasi qəzet olan “Bakı həyatı” qəzetinin yalnız 4 nəşri işıq üzü görür. İnqilabi fəaliyyətinə görə İ.Əbilov çar hökuməti tərəfindən həbs olunur, Həştərxana sürgünə göndərilir.

1918–ci ildə İ.Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilir. 1920–ci ildə “İskra” qəzetinin redaktoru, həmin ildə Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunur. Şərq xalqlarının Bakıda çağrılan I qurultayında İ.Əbilov Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilir. 1921–ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak edir.

Nəriman Nərimanov sovet Azərbaycanının timsalında nümunəvi respublika yaratmaq, Şərq xalqlarını tez bir zamanda öz tərəfinə cəlb etmək niyyətində idi. Ancaq Dağlıq Qarabağın ermənilərin güclü təsiri ilə Muxtar Vilayət adlandırılması, Rusiyanın xarici işlər komissarı Georgi Çiçerinin, müavini Lev Karaxanın Azərbaycana münasibətdə mənfi mövqeyə malik olması və Rusiyanın Cənubi Qafqaz siyasətində erməni, gürcü amilinə əsas diqqət yönəltməsi, onun gələcək arzularını məhv edir. N.Nərimanov V.İ.Leninə göndərdiyi məktubda yazırdı: “Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir… Həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın da ərazilərini almışdır”. Daha sonra N.Nərimanov Şərqə doğru ümidlərin getdikcə alt–üst olmasında müqəssir kimi birinci səbəbi Mərkəzin xəbərsizliyini, ikinci səbəbi isə Mərkəzdə oturmuş erməni daşnak–kommunistlərinin məkrli siyasətini göstərir. Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasında N.Nərimanov sovet imperiyasının caynağında sözün əsl mənasında təklənmişdi. Nəriman Nərimanovun ətrafında hörmətlə yanaşdığı yaxın dostlarından biri də İbrahim Əbilov idi. Məhz İbrahim Əbilov 1921–ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan Sovet Sosialist Respublikasının, sonra isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunur. 1921–ci ilin iyununda V.İ.Leninin qəbulunda olaraq məsləhətlər alır.

Rusiya ilə Türkiyə arasında dostluq əlaqələrinin qurulmasındakı böyük xidmətlərinə görə, şəxsən Qazi Mustafa Kamal Atatürkə Nəriman Nərimanovun rəğbəti böyük idi. İbrahim Əbilovu da Türkiyəyə səlahiyyətli səfir təyin etməkdə Nəriman Nərimanov yanılmamışdı. Çünki İbrahim Əbilovun səfirlik fəaliyyətindən razı qalan, işini yüksək dəyərləndirən N.Nərimanov ona ünvanladığı məktubda qeyd etmişdi: “Azərbaycanın siyasi nümayəndəliyinin Türkiyədəki siyasi xətti düzgündür”.

Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra o illərdə pul vəsaitinin çatışmadığına baxmayaraq, 4 avqust 1921–ci ildə Azərbaycanın xarici işlər üzrə xalq komissarı Mirzə Davud Hüseynov Türkiyədə fəaliyyət göstərəcək fövqəladə səfirliyin tərkibini təsdiq edir: səlahiyyətli nümayəndə — İbrahim Əbilov, I katib —Mirzə Davud Rəsulzadə, hərbçi — Ələsgər bəy Əsgərov, şəxsi katib —İsmayıl İsmayılov, şifrəçi —Məbud Zeynalov, işlər üzrə idarə edən — Yusif Axundov, informasiya üzrə müdir — Ağabala Yusifzadə, informasiya şöbəsinin əməkdaşı —Rəhim Hüseynov, informasiya şöbəsinin əməkdaşı — Rza Təhmasib, ticarət şöbəsinin müdiri —Musa Sultanov, əməkdaşları —Yusif Həsənov, — Həbib Əliyev, təsərrüfat üzrə müdir və komendant —Nadir İbrahimov, diplomatik kuryer —Əsgər Topçubaşov və Musa Həsənzadə, İbrahim Əbilovun şəxsi mühafizəçisi —Əsgər Qara Günəş oğlu Dünyamalıyev. Ankaradakı səfirlikdə əsas işçilərdən əlavə 5 əsgər mühafizəçi —Həmidulla Mirzə oğlu, Əminağa İbrahim oğlu, Hənifə Rzayev, Məmməd Emin Aslanbəyov və Məmməd Həci Məmməd oğlu da heyətə daxil idi.
1921–ci il oktyabrın 21–də Azərbaycan səfirliyini Ankarada türk xarici işlər naziri Yusif Kamal bəy, Türkiyənin məsul vəzifəli şəxsləri rəğbətlə qarşılayırlar.
Oktyabrın 23–də Azərbaycan SSR–in Dövlət bayrağı səfirlik binasında qaldırılır. Böyük coşqu ilə keçirilən tədbirdə Qazi Mustafa Kamal Atatürk, Türkiyə Böyük Millət Məclisinin üzvləri, diplomatik korpusların nümayəndələri iştirak edirlər. Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak edərək təbrik nitqi söyləyir. Səfirlik nümayəndələri üçün Atatürkün iqamətgahında təşkil edilən görüşdə İ.Əbilov Azərbaycan hökuməti adından böyük türk sərkərdəsi Atatürkə Qafqaz süvari ordusunun qızıl xəncərini hədiyyə edir.
Türkiyədə Azərbaycan səfirliyinin nümayəndələri çalışdığı illərdə İ.Əbilovun xanımı Tamara xanımla Atatürkün xanımı Lətifə xanım arasında ailəvi dostluq münasibətləri yaranır.
1922–ci ildə İbrahim Əbilovun ikinci qızı dünyaya gəlir. Həyata yenicə gözlərini açan körpənin doğulmasına böyük türk oğlu Atatürk çox sevinir. O, dostunun qızını bağrına basaraq, “Anadoluda doğulduğu üçün adını Anadolu qoyuram”—deyir. Atatürk İbrahim Əbilov və körpə Anadolu ilə birgə şəkil çəkdirir. Həmin şəklin arxasına Atatürk bu sözləri yazır — “Yavrum, adını mən verdim, bəxtini Tanrım versin. Mustafa Kamal Qazi 12 dekabr 1922–ci il”.
İbrahim Əbilovun etibarnaməsini Mustafa Kamal Atatürk qəbul edərkən demişdir: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur”.
Şərq xalqlarının adət–ənənəsinə yaxından bələd olan, türk mədəniyyətini göz bəbəyi kimi qoruyan İbrahim Əbilov qardaş Türkiyədə səfir kimi şərəflə çalışır. Türkiyənin apardığı istiqlaliyyət mübarizəsində İbrahim Əbilov Mustafa Kamal Atatürkün dərin hörmətini qazanır. Təsadüfi deyil ki, onun XX əsrin əvvəllərində Türkiyə ilə dostluq münasibətlərinin yenidən möhkəmləndirilməsində xidmətləri böyük olub.
Diplomatik fəaliyyəti dövründə Azərbaycan və Türkiyə arasında ticarət və mədəni əlaqələrin yaradılması məqsədi ilə Türkiyənin Trabzon, Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılır, bir sıra müqavilələr imzalanır. O zaman Türkiyə Amerikaya çox ucuz qiymətə taxıl, tütün ixrac edirdisə, məhz İbrahim Əbilovun səyi nəticəsində həmin məhsullar sonradan Azərbaycana, Rusiyaya satılır. Əvəzində qardaş Türkiyəyə Azərbaycandan neft və neft məhsulları göndərilir.
Doğulduğu Naxçıvan torpağının düşmən tapdağına çevrilməsinə o, həyatı boyu razılıq verməzdi. İbrahim Əbilov bütün gücünü ermənilərin Naxçıvana qarşı apardığı siyasətin qarşısının alınmasına yönəltmişdi. Ermənilərin Naxçıvana qarşı çirkin niyyətlərinin puça çıxmasında, Azərbaycanın Türkiyədəki səfiri İ.Əbilovun böyük uzaqgörənliyi müstəsna əhəmiyyət daşıdı. Məhz 1921–ci il martın 16–da Rusiya və Türkiyə arasında bağlanan müqavilənin III maddəsinin hazırlanmasında İbrahim Əbilovun və Azərbaycan Dövlət Nəzarətinin Xalq komissarı Behbud bəy Şahtaxtinskinin böyük xidmətləri oldu. Həmçinin bu maddəyə əsasən Ermənistanla Naxçıvan MSSR–in sərhədləri qəti olaraq müəyyənləşdirildi.
Xalqımız üçün təlatümlü olan günlərdə hər zaman ölkəmizə qarşı köməyini əsirgəməyən qardaş Türkiyə Azərbaycanın mənafeyini daim qorumağa çalışıb, öz qoşunlarını Naxçıvandan çıxarmağa yalnız Rusiyanın Naxçıvanı tanıması şərtilə razı olub. Ermənilərin Naxçıvana olan iddialarının dəf olunmasında o zaman Türkiyə dövləti çox böyük rol oynadı.
DİPLOMATİYA TARİXİMİZDƏN: İbrahim Əbilov – Azərbaycanın Türkiyədə ilk  fövqəladə və səlahiyyətli səfiriMustafa Kamal Atatürkİbrahim Əbilov arasında şəxsi dostluq münasibətləri getdikcə möhkəmlənirdi. Onlar tez–tez görüşlər keçirər, mühüm məsələləri birgə müzakirə edərdilər. İbrahim Əbilovun diplomatik fəaliyyətini 1923–cü ildə RSFSR–in Türkiyədəki səlahiyyətli nümayəndəsi olan Semyon Aralov da dəyərləndirir. Sonralar o, xatirələrində yazır: “Əbilov bütün digər müsbət cəhətlərilə bərabər, həm də böyük daxili mədəniyyətə malik bir insan idi”. Daha sonra S.Aralov qeyd edir ki, İbrahim Əbilov Rusiya və Türkiyə arasında inam, dostluq və qarşılıqlı anlaşma münasibətlərinin yaranmasında böyük rol oynamışdır.
Səfirlik fəaliyyətini bədxah qonşularımız olan ermənilər qəbul etmirdi. Ona qarşı təzyiqlərin isə sayı–hesabı yox idi. İ.Əbilova böhtan atanlar onu məhv etməyə can atırdılar. O, səfir vəzifəsinə Nəriman Nərimanovun xeyir–duası ilə təyin edilmişdi. Bir yandan ermənilərin Qarabağla, Naxçıvanla bağlı torpaq iddiaları gündən–günə artırdı. O zaman İ.Əbilova dayaq məhz Nəriman Nərimanovun məsləhətləri oldu. Nəriman Nərimanov İbrahim Əbilova özü qədər inanırdı.
1922–ci ildə Nəriman Nərimanov Türkiyənin səlahiyyətli səfiri İbrahim Əbilovu təcili Tiflisə, Zaqafqaziya partiya bürosunun iclasına çağırır. O, İbrahim Əbilova bildirir ki, əleyhinə anonim məktublar gəldiyindən diplomatik fəaliyyəti yoxlanılmalıdır. Azərbaycanın Türkiyədəki səfirliyində bir neçə ay yoxlama aparılsa da, anonim məktublarda yazılanlar təsdiqini tapmır. İ.Əbilov Azərbaycanın Türkiyədəki səlahiyyətli səfiri kimi yenidən diplomatik işini davam etdirir.
“Şəxsi mühafizəçisinin xatirələri, Qara Günəş oğlu Dünyamalıyev 1899–cu ildə Bakının Bülbülə kəndində doğulub. 1 aprel 1921–ci ildən, 1 sentyabr 1922–ci ilə qədər Azərbaycanın Türkiyədəki səfirliyində çalışıb. Səlahiyyətli səfir İbrahim Əbilovun şəxsi mühafizəçisi olub. Qara Dünyamalıyev oğlu Azərə hələ sağlığında səfir İbrahim Əbilovla bağlı xatirələrindən söhbət açıb:
—1920–ci ilin payızında hərbi komissar Hacıbababəyov xəbər verdi ki, məni təcili olaraq, Əliheydər Qarayev axtarır. Həmin gün Əliheydər Qarayevlə otağında görüşərkən o, məni S.M.Kirova, N.Nərimanova, İ.Əbilova da təqdim etdi. Söhbətimiz çox uzun olmadı. Görüşdə N.Nərimanovun səfərə çıxmaq üçün mənə söylədiyi xeyir–dua yaddaşıma əbədi həkk olundu: “Siz Azərbaycanın Türkiyədəki səfirinin mühafizəçisi təyin olunursunuz. Yadda saxlayın səfirlik sizin əlinizdə olacaq. Onu göz bəbəyi kimi qoruyun”.
Bülbüləli Qara Dünyamalıyev Azərbaycan səfiri İbrahim Əbilovu bütün danışıqlarda müşayiət edir. Onun həyatında unudulmaz hadisə qardaş Türkiyədə olarkən, türk xalqının qəhrəman oğlu Mustafa Kamal Atatürkü yaxından görmək xoşbəxtliyi və 1921–ci il oktyabrın 23–də Ankaradakı Azərbaycan səfirliyinin binasında Azərbaycan bayrağının dalğalanması olub. Digər hadisə isə Ankarada gecə ikən baş vermişdi. Həyəcanlı telefon zənginə ayılan Qara Dünyamalıyev dəstəyi götürür. Dəstəyi qaldıranda İbrahim Əbilov “Qara, tez gəl. RSFSR–in səfirliyini yandırıblar. Mən də indi çatıram” —söyləyir. Həmin gün daşnakların, və ağqvardiyaçıların antisovet siyasəti və təhriki nəticəsində RSFSR–in səfirliyi yandırılmışdı. Şaxtalı gündə RSFSR–in səfirliyi yanğına məruz qaldığından əməkdaşlar, qadınlar, uşaqlar çaşqın vəziyyətə düşmüşdülər. Bəziləri əynindəki paltarları söndürür, bəziləri isə səfirliyin sənədləri saxlanılan şkafları, qutuları alovun altında bayıra çıxarırdı. Bu zaman Qara görür ki, səfirliyin üzərindəki Rusiyanın bayrağı da az qalıb ki, alova bürünsün. O, cəld binanın yanındakı məscidin üzərinə qalxaraq bayrağı götürərkən müvazinətini saxlaya bilmir, huşunu itirir. Qara Dünyamalıyev xəstəxanada gözlərini açarkən ətrafında İ.Əbilovu, Atatürkü, S.Aralovu və Türkiyənin “Yeni gün” qəzetinin jurnalisti Yusif Nadini görür. Həmin anda “Yeni gün” qəzetini əlinə götürən Atatürk onu Qaraya uzadaraq deyir: “Çox sağ ol, əzizim. Sən qəhrəmancasına hərəkət etmisən… Burada sənin haqqında danışılır”. Səfirlik işçiləri Bakıya qayıtdıqdan sonra N.Nərimanov Qara Dünyamalıyevin RSFSR–in səfirliyinin binasından Rusiya bayrağını xilas etməsinə görə ona 100 min rubl məbləğində mükafat verir.
Qara Dünyamalıyev sağlığında söyləyirdi ki, İbrahim Əbilov orta boylu, dolğun, azca yanağı batıq və qalın qaşlı şəxs idi. O, başına qəhvəyi rəngdə qoyun dərisindən hazırlanan papaq qoyardı. İbrahim Əbilov Atatürk, S.Aralov və M.V.Frunze ilə mütəmadi görüşlər keçirərdi. 1921–ci ildə 1 May bayramı Ankaradakı bütün diplomatik korpusların iştirakı ilə 200 nəfərlik heyətlə təşkil edilir.
İbrahim Əbilovun rəhbərliyi ilə Azərbaycan səfirliyinin işçiləri xeyriyyə tədbirləri də keçirərdi. Belə tədbirlərin keçirilməsində məqsəd Türkiyədəki yetim uşaqlara maddi yardım göstərmək, qardaş ölkədə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək idi. O illərdə səfirliyin əməkdaşları tərəfindən “Aşıq Qərib” operası nümayiş olunur. Nadir İbrahimov, Əsgər Topçubaşov, İsmayıl İsmayılov, Mirzə Davud Rəsulzadə ifa etdikləri rolların öhdəsindən məharətlə gəlirlər. İ.Əbilov konsertdə tarın, kamançanın, tütəyin səsləndirilməsinə də diqqət yetirirdi. Xeyriyyə tədbirlərində Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesi də tamaşaya qoyulur.

1923–cü ilin 7–8 fevralında məlum olur ki, həmin ayın 20–də İzmirdə Türkiyənin ilk iqtisadi konfransı keçiriləcək. Mustafa Kamal Atatürkün təşəbbüsü ilə bu konfransa Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası hökumətinin səlahiyyətli səfiri İbrahim Əbilov, RSFSR–in səlahiyyətli səfiri Semyon Aralov da dəvət olunurlar. İ.Əbilov və Tamara xanım, S.Aralov və xanımı 5 gün yol qət edərək, qatarla İzmir şəhərinə çatırlar. Mustafa Kamal Atatürk səfirlik işçilərini qarşılayaraq şam yeməyinə dəvət edir. Onlar gecəyarısı mehmanxanaya gəlirlər. Sabahı gün konfrans işinə başlayır. Tədbiri Mustafa Kamal Atatürk açır. S.Aralov isə sovet respublikalarında xalq təsərrüfatının bərpası üçün hansı işlərin görüldüyü, ağır, qanlı müharibələrdən sonra mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı mövzuda çıxış edir. İ.Əbilovun türk dilindəki çıxışı da alqışlarla qarşılanır.

İzmirdəki konfrans öz işini yekunlaşdırdıqdan sonra ziyafət verilir. İki gündən sonra İ.Əbilov Ankaraya qayıtmalı idi. O, Mustafa Kamal Atatürkün şərəfinə ziyafət təşkil edir. Ziyafətin sonuna yaxın həyat yoldaşı Tamara Əbilova evə qayıdır. Az sonra İbrahim Əbilov da yorğun vəziyyətdə evə gəlir. Gecəyarısı İ.Əbilovun bədənində kəskin ağrılar başlayır. Atatürk onu xilas etmək üçün şəxsi həkimini göndərir. Tibbi müayinədən sonra həkimlər İ.Əbilovu əməliyyat edirlər. 3 gün ölümlə çarpışan İbrahim Əbilovu həkimlər xilas edə bilmir. 1923–cü il fevralın 23–də səhər saat 6–da İ.Əbilov Türkiyənin İzmir şəhərində dünyasını dəyişir. Atatürkün göstərişi ilə Misir və Hindistandan dəvət olunmuş mütəxəssislər İ.Əbilovun cənazəsini 200 illiyə mumiyalayır. Cənazə İstanbuldan gəmi ilə Batumiyə gətirilərkən, Atatürk yaxın dostu İbrahim Əbilov ilə vidalaşır. Türk əsgərlərinin fəxri qaravulu səlahiyyətli səfirin cənazəsini İtaliyanın “Reno” firmasına məxsus gəmi ilə Azərbaycana gətirir. Moskva Azərbaycanın həqiqi müstəqilliyinin əleyhinə idi. Bu xətt ermənilərə də sərf edirdi. Çünki Rusiyanın hakim dairələrində yüz illər boyu “daşnakları”nı yerləşdirən ermənilər Azərbaycanın öz ərazilərinin ilhaqına qarşı atacaqları addımlara mane ola biləcəkdilər.
İbrahim Əbilov Bakıdakı Çəmbərəkənd qəbiristanlığında dəfn olunur. Beləliklə, çox güman ki, bu müəmmalı qətlin arxasında ermənilərin, Rusiyanın bolşevik hakimiyyətinin nümayəndələri dayanır. Çünki İ.Əbilovun nüfuzu, diplomatik bacarığı göz qarşısında idi. İ.Əbilovun 90 il öncə baş verən ölümünün xəstəliklə əlaqələndirilməsi həqiqətə uyğun deyil.

1923–cü il fevralın 23–ü Əbilovlar ailəsinə faciə gətirdi. Dünyalar qədər sevdiyi ailəsini heç zaman tək qoymayan İbrahim Əbilov övladları Zibanı, körpə balası Anadolunu və ömür–gün yoldaşı Tamara xanımı Vətəndən uzaqda tənha qoydu. Tamara xanım qışın çovğunlu günlərində ailəsində baş verən ağır itkidən az qala başını itirmişdi. Bu zaman qardaş türk xalqı Əbilovlar ailəsinə dayaq oldu. Qazi Mustafa Kamal Atatürk Tamara Əbilovaya Türkiyədə həmişəlik qalmağı, yaxın dostunun ailəsinə hər zaman arxa olmağı söyləyir. Ancaq əslən rus milliyyətindən olan Tamara xanım övladları ilə Vətəndən uzaqda qərar tutmayacağını düşünərək bu təklifi qəbul etmir. O, ailəsi ilə Azərbaycana qayıtmağa qərar verir. Tamara xanım İbrahim Əbilovun cənazəsi ilə birgə Bakıya tələsir.
Fövqəladə səfir İbrahim Əbilov diplomatik fəaliyyətini şərəflə yerinə yetirdi. “Bakinski raboçi” qəzetinin 1923–cü il 25, 26 fevral tarixlərində İbrahim Əbilovun ölümü ilə bağlı nekroloq, başsağlıqları verilir.

Ölümünə daha çox kədərini bildirən insanlardan biri də vaxtı ilə onu qardaş Türkiyəyə səfir kimi yola salan Nəriman Nərimanov olur. Nəriman Nərimanov onun ölümü ilə bağlı 1923–cü il 25 fevral tarixində “Bakinski raboçi” qəzetində yazır:
”…Əbilovun şəxsində biz görkəmli sovet diplomatını itirdik. Onun səyi nəticəsində Şərq xalqları ilə möhkəm dostluq əlaqələri yaradılmışdı. Şərq xalqlarını Qərbi Avropa imperialistlərinin zülmündən xilas etmək onun arzusu və həyat məqsədi idi”.

İbrahim Əbilovun müəmmalı ölümündən sonra bu ailəyə Türkiyəyə yenidən gedərək, Qazi Mustafa Kamal Atatürklə görüşmək nəsib olmur.
37–ci ilin repressiyası Əbilovlar ailəsinin üzünə Türkiyə səfərini əbədi bağlayır. Atatürkün bağrına basaraq Anadolu adlandırdığı körpə də ata nəvazişi olmadan Tamara xanımın qayğısı ilə böyüyür. İllər sürətlə ötüb keçir. Əbilovlar ailəsi vaxtsız itkidən sonra özündə güc toplayır. Ailənin böyük qızı Ziba Bakı Xoreoqrafiya Məktəbində təhsil alır. Atatürkün xeyir–duasını alan Anadolu isə tibb sahəsini seçir, 1940–cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olur. 1941–ci ildə Böyük Vətən müharibəsi başlayarkən, Anadolu Əbilova könüllü olaraq şəfqət bacısı kimi müharibəyə yollanır. Ukrayna, Belorusiya, Şimali Qafqaz, sonradan Berlində faşistlərə qarşı döyüşür. Balet ustası olan Ziba da əsgərlər qarşısında konsert proqramları ilə çıxış edir. Cəbhədə Anadolu Əbilova həkim İskəndər İsmayılovla tanış olaraq ailə qurur. İ.Əbilovun qızı Ziba M.F.Axundov adına Opera və Balet Teatrının solisti olur.
O, 1946–cı ildə Leninqrad şəhərinə gedir. Uzun müddət Leninqrad Dövlət Mədəniyyət İnstitutunda xoreoqrafiya üzrə müəllim işləyir.

Müharibədən sonra Anadolu Əbilova müxtəlif məsul vəzifələrdə çalışır. 18 il Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatına rəhbərlik edir. Ömrünün son anına qədər Anadolu xanımın qəlbini müharibə dəhşətindən də ağır olan bir hadisə daha çox yandırır. O, cəbhədən qayıtdıqdan sonra atası İbrahim Əbilovun dəmir qutudakı mumiyalanmış qəbrinin yerlə–yeksan olunduğunu gözləri ilə görür.

DİPLOMATİYA TARİXİMİZDƏN: İbrahim Əbilov – Azərbaycanın Türkiyədə ilk  fövqəladə və səlahiyyətli səfiri Atasının ölümündən 68 il sonra 1981–ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Fəxri xiyabanda İbrahim Əbilovun simvolik qəbri düzəldilir.
Fəxri xiyabandakı simvolik qəbir müəyyən qədər ona təskinlik verir.

Atatürkün mənəvi qızı Anadolu xanım ömrünün 88–ci baharında dünyasını dəyişdi.
Təəssüf ki, həyatın kəşməkəşli yollarından alnıaçıq, üzüağ çıxan kövrək qəlbli Anadolu Əbilova son nəfəsində qəlbində bir nisgillə —itkin düşən ata məzarının sorağı ilə gözlərini işıqlı dünyaya əbədi yumdu.

Təranə CƏBİYEVA.






.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: