Arzu edirəm ki,
bir quş olasan!
Məskənin çəmənlik,
laləzar olsun.
Lakin, əziz bacım,
yol vermə, əsla!
Qönçəykən açııb,
sonra solasan!
İstərəm dönəsən
ağ göyərçinə,
Mavi səmalarda
qanad çalasan.
Arzular qanadın,
səma taleyin,
Uçaraq bəxtiyar
gümnə çatasan!
Bu həyat dalğalı
dənizə bənzər,
Ürəkli insanlar
qorxmadan üzər.
Əgər sən unutsan
dəli tufanı,
Dalğalar dənizdə
qərq edər səni.
Həyatda qismətin olun səadət,
Ömrünü bəzəsin ad-san, şan-şöhrət.
Etməsin səni tərk namus, ləyaqət,
Namusun, qeyrətin bəzəyin olsun!
Ümid
Ən çətin anlarda sənsən dayağım,
Qəmli günlərimdə arxalandığım
Gələcəyə gedən yolda çırağım,
Sən məni yaşadan bir nursan, ümid!
Səninlə hər çətin iş asan olur,
Qaranlıq yollar da çıraqban olur.
Xəyalım güllər tək al-əlvan olur,
Sən mənə gül dərən bağbansan ,ümid!
Ümiddir həyatda məni yaşadan,
Qaranlıq quyudan nura çıxaran,
Sənə şükr edirəm,ulu Yaradan!
Məni yaşatmaqçün bəxş etdin ümid.
Ümiddir könlümün uca sultanı,
Tanrı əta edib belə mehmanı.
Ümidsiz olduğum bir günüm hanı?
Sən məni yaşadan həyatsan, ümid!
Vəsxanım Əsədova,
Bakının Pirallahı rayonundakı
231 №li orta məktəbin
Azərbaycan dili və
ədəbiyyat müəllimi.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.