Dilşad FƏQAN
(Dilşad Xəqani qızı Yüsifova)
25 iyul 1977-ci il-də
Bakının ən qədim kəndlərindən olan
Pirşağıda anadan olub.
1994-cü ildə Pirşağıdakı
112 saylı orta məktəbi
müvəffəqiyyətlə bitirib.
Sonra təhsilini
pedaqoji kollecdə
davam etdirib.
1995-ci ildən dövrü mətbuatda öz yazıları ilə çıxış edir.
Müxtəlif mətbuat orqanlarında çalışıb.
1995-2008-ci illərdə "Şərqin səsi" qəzetinin redaksiyasında müxbirlikdən şöbə müdiri və
redaktor müavini vəzifələrinə qədər yüksəlib. O, eyni zamanda, 2001-2008-ci illərdə
"Borçalı" Nəşriyyat-Poliqrafiya Müəssisəsində redaktor işləyib.
2008-2016-cı illərdə kimi Azərbaycan Təhsil Problemləri İnstitutunun
"Təhsil Problemləri" qəzetində çalışıb.
Hazırda fəaliyyətini "Zirvə" İnformasiya Mərkəzində davam etdirir,
"Zirve.İnfo" saytının şöbə müdiridir.
Dilşad Xəqaniqızı fəaliyyəti dövründə təhsilin müxtəlif problemlərinə həsr olunmuş
bir-birindən maraqlı yazıları ilə mətbuatda böyük oxucu rəğbəti qazanıb.
O, KİVDF-nin keçirdiyi müxtəlif mövzulu yazı müsabiqələrinin qalibi olub.
KİVDF-nin təşkilatçılığı ilə nəşr olunan 100 ən yaxşı qalib yazının toplandığı
"Sözün zirvəsində" adlı topluda "Yad ellərdə doğma izlər" başlıqlı yazısı dərc olunub.
Bir neçə dəfə Fəxri Fərman və mükafatlarla təltif olunub.
O cümlədən, "Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatıdır.
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun xüsusi mükafatına layiq görülüb.
Dilşad Yusifova həm də "Dilşad Fəqan" imzası ilə istedadlı şairə kimi tanınır.
Şeirləri müxtəlif mətbuat orqanlarında, "Zirvə" poeziya antologiyasında,
"ZiM.Az", "Zirve.info", "Borcali.org" və s. saytlarda dərc olunub.
O, bədii yaradıcılığa hələ orta məktəbdə oxuduğu vaxtlardan başlayıb.
İlk şeirlərini 9-cu sinifdə yazan Dilşad Yusifovanı mətbuata gətirən də elə şeirləri olub.
Bir təsadüf nəticəsində bir gün anası şeirlərini məktəbdə çalışdığı jurnalist Faiq Şükürbəyliyə təqdim edib,
onun fikrini öyrənmək istəyib. O zamanlar "İki sahil" qəzetinin əməkdaşı Faiq olan müəllim
Dilşad Xəqaniqızının istedadını alqışlayıb və ona qələmini yazı yazmaqda sınamağı məsləhət bilib.
Gənc qız o zamanlar şəhid ailələrinə gedərək, şəhidlər haqqında məlumatlar toplayıb,
sonra onların döyüş yollardan yazılar hazırlayıb və müxtəlif mətbuat orqanlıarında dərc etdirib.
O, hər dəfə şəhid ailəsində qonaq olarkən, yazacağı qəhrəmanını dərindən tanımağa çalışıb.
Şəhid haqqında olan sənədləri diqqətlə gözdən keçirib, onun xarakteri haqqında yaxınlarına
müxtəlif suallar verib və onların cavablarını dəqiqliyi ilə elə olduğu kimi də yazıb...
Bütün bunlar onun özünəməxsus dəsti xəttinin olacağına işarə idi...
Bəli, qısa bir zaman kəsiyində gənc qızın qəlbində jurnalistikaya maraq, həvəs yaranıb.
İllər ötdükcə onun yaradıcılıq həvəsi daha da alovlanıb.
Və o, bir-birinin ardınca müxtəlif mövzulu kitabları ilə oxucularının görüşünə gəlib.
"Pirşağı dünyası", "Zirvədə görünənlər", "Ziyalı ömrünün akkordları" adlı publisistik məqalələr
və oçerklərdən ibarət topluları, kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Biz də, ZiM.Az-ın yaradıcı heyəti adından çox hörmətli həmkarımız,
istedadlı qələm sahibi, tanınmış şairə-jurnalist Dilşad Fəqana
yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə yeni şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
istedadlı qələm sahibi, tanınmış şairə-jurnalist Dilşad Fəqana
yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə yeni şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az
Mən sənin yanındayam
Ay başımın bəlası,
Mən sənin yanındayam...
Gülər üzünə baxıb,
Yenə sənlə dalmışam
Şirin xəyallardayam,
Mən sənin yanındayam!
Səsin başımı qatıb,
Özümü unutmuşam...
Sənə baxıb susmuşam...
Axı, necə oldu ki,
İllər öncə
Yad olan,
tanımadığım Səni
Mən bu qədər
özümə
canayaxın bilmişəm?
Niyə səni seçmişəm?
Bəlkə səni sevmişəm?!
Sevmişəm, sevdiyim kəs
Məni niyə sevməyib?
Sevibsə də bəs niyə
Elə susub həmişə?!
Niyə canı yanmayıb,
Ruhu bədəndən çıxıb,
Yuxusu qarışmayıb?!
Mən sənin yanındayam
Sən hardasan bilmirəm...
Suallar yenə yağır
Üstümə yağış kimi...
Darıxdınmı, mənimçün?
Əgər darıxmısansa
Niyə səssiz durmusan?
Əllərini gizləyib,
ciblərinə qoymusan!
Baxışların zillənib
Yenə bəyaz ekrana
Elə səssiz olmusan!
Darıxıram səninçün!
Gözlərinin
həsrəti
yandırır, yaxır məni...
Əllərim buztək donub
Üşüyür əllərinçün...
Mən sənin yanındayam...
Əlindəki siqarın
tüstüsündə dalmışam!
Axı, mən darıxmışam!
Unutmuşam, özümü...
Yenə suallar məni
Aparır uzaqlara...
Sən hardasan, hardasan?
Niyə səni görmürəm?
Ətrin içimə çəkib,
Qoxunu hiss etmirəm?!
Mən sənin yanındayam,
Yenə soyuqdur mənə
Yenə əllərim donur
Yenə ruhum üşüyür,
Yenə səni görmürəm!
Məkan məni çox sıxır,
İstəyirəm tərk edim...
Mənə elə gəlir ki,
Çox tənhayam otaqda...
Gəl, mənimlə razılaş
Yoxsan mənim yanımda
Mən sənləyəm, yanında,
Sənsə özgə yerdəsən!
Qəlbin qalıb uzaqda...
Başqa yerdə, yataqda...
Ruhsuz cansan yanımda
Soyuqsan soyuq mənə...
Üşüyürəm...
Bağışla!
Mən sənin yanındayam
Sənsə...
Sənsə başqa yerdəsən!
Ruhun,
qəlbində
onda...
Sakitliyində onda,
Səssizliyində onda...
Darıxır, baxışların
gözünə baxmaq üçün,
Əllərin tez tələsir
belini sarmaq üçün...
Sən onun yanındasan,
Mənsə sənin yanında!!!
03.03.2019
Yazığım gəlir
Özümə yazığım gəlir
Gileyini söyləməyə
kimsəsi olmayan
Sözləri qəlbə dəyməyən
ürəyə toxunmayan
Kəsə yol axtarışında
yorulub yolda qalan
Özümə yazığım gəlir...
Saçımda dən görürəm
Qəlbimə qrov düşür,
Üzümdən nəm silirəm
Ruhum sanki üşüyür.
Ömür karvanı durmur
Çox sürətlə ötüşür...
Ömrün fəsillərində
Yerə düşən yarpağam,
Küləkdəki götürüb
Bir küçə səkisində,
ayaq altda sürüyür,
toz-torpağa
bürüyür...
Torpaq həsrətindəyəm
Külək qoymur birləşək
Ömrün son mənzilində
Torpaqlasa, dərdləşək.
Bir ovuc sevgi kimi
Bir ovuc torpağına
Həsrət qalan ürəyə
Ömrün son pilləsində
Bu kiçicik diləyə
elə yazığım gəlir...
Bir sükuta qapanıb,
sükut ilə dərdləşən
Özümə
yazığım gəlir...
Qərarsızam,
susmuşam...
Kimsəm yoxdur
danışam,
Bulaq tək aşıb-daşam.
Zirvə arzusundayam
Təpə yoxdur
dırmaşam...
Qəlbimin küncündəki
Lap dərin yerindəki
Kölgəni qısqanıram!
Gücüm çatmır kölgəyə
Niyə gücsüz olmuşam
İçimdəki hələ də
Sönə bilməyən odun
Sonuncu zərrəsindən
alov tutub, alışan
Kösövə yazığım gəlir...
Özümə yazığım gəlir...
Necə uşaq arzulu
Necə də saf qalmışam
Bəlkə elə onunçün
Hər kəsə inanmışam!
Neçə yol büdrəmsəmdə
Mən heç yıxılmamışam!
Yoluma davam edib,
Yenə yolçu olmuşam.
İnadkaram bir azda
İnadımdan qalmıram...
Arzusundan, sözündən
İnadından dönməyən
Özümə yazığım gəlir...
Özümə yazığım gəlir...
03.03.2019
Payız pıçıltısı
Küsmək istəyirəm
Küsmək...
Həyata küsmək istəyirəm
Həyatın vaxtsız yağan
yağışına
Qəfil əsən
küləyinə
üzü boz,
yağmağa bəhanə gəzən
buluduna
küsmək istəyirəm.
Küləyinin qopardığı
torpaq üzərində
sürüyüb
küçələrə səpələdiyi
saralmış arzulara
küsmək istəyirəm.
Yağışının
torpağı isladan
həsrətinə küsmək istəyirəm...
Küsmək istəyirəm.
Səmanın rəngin dəyişən
boz buludlarına
küsmək istəyirəm...
boz buluddan səpələnən
kor ümidlərə,
dilsiz diləklərə
sükuta qərq olmuş
səssiz baxışlardakı
həyatın
acı simfoniyaniyasına
Küsmək istəyirəm...
küsmək...
22.02.2019
Sənsiz
Uzaqdasan gözlərimdən
Qulağımda o səsindən
Bir an uzaq olmaq çətin...
Ürək sənlə döyünürkən
Səndən ayrı qalmaq çətin.
Mənsiz necə keçib günün
Bir anlığa dalmısanmı
Qərq olub da fikirlərə
Sormusanmı ürəyindən
Məni bir gün?!
Nə günlərim keçir sənsiz
Nə ürəyim dözür səssiz...
Sən məndəsən mənsə sən də
Mən də sənsiz
Sən də mənsiz...
20.04.2018
Bağışla...
Bağışla, bilməmişəm,
Mən özüm də bilmədən
Qəlbinin içindəki
Közləri qoparmışam...
Həsrətli bir nəğmənin
Ən gözəl sözlərini
Ruhuna hopdurmuşam.
Sızlayan bir kaman tək
Elə hey çalınmışam...
Çalındıqca mən səni
Səni, səndən almışam...
Bağışla, bilməmişəm
Qəlbinin yarasını
Bilmədən göynətmişəm...
Danışdıqca dərdini
Təzələyib neçə yol...
Yenidən bitirmişəm...
Kədərini artırıb
sən demə dərd vermişəm...
Mən özüm də bilmədən
Bir həzin nəğmə olub,
Səninçün səslənmişəm...
Bəlkə ruhun da bezib
O nəğmənin səsindən
Könlün qaçmaq istəyib
Onun zümzüməsindən...
Bağışla, bilməmişəm
Qəlbin kamanmış demə
Kim bilir, o neçə yol
Sızlayıb tellərində?
Fəryad edib, ağlayıb
Yol gözləyib, dözməyib
Ruhunun qonağına
Gözəl misralar deyib...
Sətirində oxşayıb...
Bağışla, bilməmişəm
Axı, necə kor olub
Mən gözümü yummuşam
Qəlbindəki yaranı
Mən necə unutmuşam...
Bilirdim bu baxışlar
Dərdlidir, kədərlidir
Sənin qəlb evindəki
O gözlərin nəmlidir...
Bilirdim, viran olub
Çoxdan könül otağın
Sevinmir, üzü gülmür
Həsrətdən könül bağın...
Lap uzaqda evində
Tənhasan təksən hələ
Gözləyirsən nə vaxtsa
Bəlkə də bir gün gələ...
İsinməyir ürəyin
Tükənməyir dərdlərin...
Qonaqsan öz evində,
Yadsan sənə canından
Ürəyindən yanana...
Ruhun cisminə sığmır
Səsləndikcə o kaman
Sən də kövrək olursan
Ağlayırsan o zaman...
İstəyirsən baş alıb
Yolda, izdə itəsən
Onun gəldiyi yolda
Bənövşə tək bitəsən...
Sızladıqca o kaman
Göz önündə canlanır...
Xatirələr dil açır,
Yollarına boylanır...
Bağışla bilməmişəm,
Səni qəmləndirmişəm,
Qoparıb qəlbindəki
Yaraları eşmişəm...
Bağışla bilməmişəm,
Kövrəltmişəm mən səni
Qəlb evinin içində
Göyərtmişəm həsrəti...
Bağışla, bilməmişəm...
Səni sənsiz sevmişəm...
Sənə verib qəlbimi
Həsrətindən bitmişəm...
Bağışla... bağışla sən
Səni vaxtsız sevmişəm...
Həyatına gələndə
İcazəsiz gəlmişəm...
Yaşamaq həvəsi
Dağılmış fikirlər alıb köksünə
Dalmışam...
Yenə də qəm dənizinə...
Təbiət ətrini ruhuma sərir
Ağaclar yamyaşıl...
Yenicə açılan yarpaq düyünü...
Var ol... yaşa deyir, ümid var hələ...
Ruhumu oxşayır bir çiçək ətri
Könüldən boy atır, cücərir ümid...
Haradasa sevinir bir körpə uşaq
Dünyadan xəbərsiz,
məndən xəbərsiz...
Gülüşü titrədir insan ruhunu
Həyat gözəlləşir gülər gözündə
Körpə simasının məsum çöhrəsi
Bəxş edir insana yaşamaq eşqi...
Ruhumu oxşayır gur bulaq səsi...
Bir həzin mahnıdır hər zümzüməsi...
Səmaya baxıram, necə də təmiz
Necə də gözəldir
Göy üzü bu an...
Torpaqdan boy atır bir gül rişəsi
Ətrafa yayılır gözəllik səsi...
Rəngini təbiət versə də ona
Varlığı ruh verir ətrin duyana...
Ətrafa baxırsan...
Yaşıllıq, səma...
Bir də lap uzaqda bir körpə səsi
Həyata səsləyən o zümzüməsi...
Sən susurdun
Nə vaxt sevdim səni
bilmirəm...
Necə gəldin həyatıma
bilmirəm...
Bircə onu bilirəm ki,
görməyəndə axtarırdı
gözlərini gözlərim...
Bircə onu bilirəm ki,
sənsizlikdən üşüyürdü,
sənsiz olanda qəlbim...
Necə oldu sevdim səni
bilmirəm...
Bircə onda bildim ki, mən
əziz olub xatirən...
Yazıb səndən gizli onu
Yaddaşımın sənli olan
gününə...
Ən əziz yadigar kimi
Saxlayıram onu mən...
Necə oldu doğma oldun
Mənə sən?
Bəlkə elə doğma gəldin ömrümə
Mən də səni əziz bilib,
Tən elədim sevgimə...
Nə vaxt, necə sevdim səni
bilmirəm!
Bircə onu bilirəm ki,
Sənə yaman vuruldum...
Həsrətindən gecələrdə
Mən yuxusuz olurdum...
Gündüzləri darıxırdım
Səninçün...
Görüşləri gözləyirdim...
Sənsə elə susurdun...
Sənsə elə susurdun...
Bitsin artıq...
Gəl bitirək, bu sevdanı,
Nağılını mən yazaram,
Nöqtəsini özün qoy...
Gəl bitirək intizarı, həsrəti
Heç qalmasın baxışlarda
deyilməyən, söhbəti...
Gəl bitirək, biz adlı hekayəti,
Sussun yenə, xatirələr dinməsin...
Gəl bitirək, qoy yox olsun izimiz,
Qoy tükənsin, dillənməsin
daha sevən qəlbimiz...
Gəl bitirək, sən adlı nəqarəti,
Çalınmasın musiqisi, bəstəsi.
Gəl bitirək, mən adlı bu hekayəti,
İçilməsin baldan şirin busəsi...
Gəl bitirək, unudulaq ikimiz,
danışmasın indən belə
birgə vuran qəlbimiz...
Gəl bitirək, gəl qayıdaq geriyə
Çalınmasın bu sevginin nəğməsi...
Gəl bitirək, bu hekayə bitsin qoy,
üzülməsin səni sevən ürəyim.
Bəsdir daha, göz yaşlarım axmasın,
Bitsin artıq, səni səndə saxlasın.
Ruhum yenə qoy qayıtsın evinə,
öz evində qonaq kimi qalmasın!
Dilşad XƏQANİQIZI (YUSİFOVA)
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.