AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002) Unutsaq, Unudularıq!..

Aydın Kazım oğlu Hüseynov - 1936-cı ildə qədim Borçalı mahalının Başkeçid bölgəsinin (indiki Gürcüstanın Dmanisi rayonunun) Səfərli kəndində dünyaya gəlmişdir. 8 illik təhsilini doğma kəndi Səfərlidə, orta təhsilini isə Hamamlı kəndində başa vurmuşdur. Ali təhsil almaq üçün Bakı şəhərinə getmiş, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Kəndimizin ilk universitet təhsilli gənclərimizdən biri olan Aydın Kazım oğlu müəllim kimi ilk fəaliyyətinə Başkeçidin Yaqublu kəndindən başlamışdır. 1961-1963-cü illərdə Dmanisi rayon partiya komitəsinin təlimatçısı, 1965-1991-ci illərdə Səfərli kəndində və Dmanisi şəhər Azərbaycan orta məktəbində tədris hissə müdiri işləmişdir.

Qəlbən kövrək, ruhən elinə-obasına bağlı olan Aydın müəllim elin sözü ilə desəm, "isti qanlı, qohum canlı" insan idi. Dəvət aldığı Səfərli məclislərində həmişə ürəkdən iştirak edərdi. Başkeçiddə yaşamasına baxmayaraq, həyat yoldaşı ilə bərabər elimizdə olan toyların, nişanların, hüzür məclislərinin layiqli həyata keçməsi üçün canla-başla iştirak edərdilər. Simnaz xanım da Dmanisin tanınmış dəyərli xanımlarından biri idi. Ömrü boyu Dmanisi şəhərinin yeganə geyim "Univermağında" şöbə müdiri işləmişdir. El-oba arasında böyük hörmətə layiq olan Aydın müəllim bütün məclislərdə başda olardı. Simnaz xanım başqa elin qızı olsa da, Səfərlinin istəkli, hörmətli, gəlinlərindən biri olmuşdur. Kənd camaatı ilə doğmalıqla qaynayıb qarışmışdır. (Allah rəhmət etsin.)

Aydın müəllim türklər demiş, əsl vətən, el, oba sevdalısıydı. Lakin... 1991-ci ildə Gürcüstanda baş verən məlum siyasi-milli hadisələrə görə çox sarsılmışdı. O vaxtlar Borçalını zəbt etmək istəyən düşmənlər mənəvi terrora məktəblərdən başlamışdılar. Mənəvi-psixoloji təzyiqlər altında Dmanisidə yaşamaq çox çətinləşmişdi. Ona görə də Aydın Kazım oğlunun Dmanisidən köçməkdən başqa yolu yox idi. Odur ki, doğma ata yurdundan, elindən-obasından ayrılmağa məcbur olmuş, doğma kəndinə gəlmiş, hər kəslə, hətta kəndin gözəl təbiəti və təbii sərvəti ilə vidalaşmış, Azərbaycana pənah gətirmiş, könülsüz halda Bakı şəhərinə köçmüşdür. Bu köçgünlük onun üçün çox gözlənilməz olmuşdu...

Aydın müəllim 1991-ci ildən pedaqoji fəaliyyətini Bakı şəhərindəki 173 saylı orta məktəbdə davam etdirmiş, ömrünün sonuna kimi həmin məktəbdə tarix müəllimi işləmişdir.

Aydın müəllim həm də gözəl ailə başçısıydı. Onun dörd övladı, gözəl nəvələri var. Allah hamısına kömək olsun.
Afat Aydın oğlu Penza şəhərində Politexnik İnstitutunu, Azad Aydın oğlu Voronej Meşə Texniki Sənaye İstitutunu, Nailə Aydın qızı Voronej Meşə Texniki Sənaye İnstitutunu bitirmişlər. Nazilə Aydın qızı isə ev xanımıdır.

Vətən həsrətli Aydın müəllim 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.


Sevgül SƏFƏRLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: