"SAZLI-SÖZLÜ BAŞKEÇİD" adlı
kitabımızdan sətirlər:
Çerpanov Rəşid Qoca oğlu 1971-ci ilin iyun ayının 30-da Başkeçid (indiki Dmanisi) rayonunun Yırğançay kəndində anadan olmuşdur. 1978-ci ildə Yırğançay kənd orta məktəbinin birinci sinfinə getmiş və 1988-ci ildə orta məktəbi bitirmişdir. 1988-ci ilin iyun ayında Rusiyanın Novosibir şəhərində Tibb inistituna daxil olmaq üçün sənədlərini vermiş və rus dilini yaxşı bilmədiy üçün qəbul ola bilməmişdir. Həmin il Qardaban rayonundakı 47 saylı texniki peşə məktəbinə daxil olmuş və qaynaqçı peşəsini öyrənmişdir.
1989-cu ilin dekabr ayının 4-də Saxalin adalarında hərbi xidmətdə olmuş və 1991-ci ildə hərbi xidməti başa vurub Yırğançaya qayıtmışdır. Dolanış ucbatından başqa soydaşlarımız kimi o da rusiyaya işləməyə getmiş və hal-hazırda da Rusiyanın Belqorod şəhə¬ri¬nin Volokonov rayonunda yaşayır. 1992-ci ildə ailə həyatı qu¬rub, 3 evladı, - bir oğulu iki qızı var.
Rəşid Çerpanov gözəl qələm sahibidi. 1988-ci ildən qələm-kağızla dostluq edir, içindən gələn ülvi hisləri şeirə çevirib ağ vərəqə yazır. İlk şeiri 2004-cü ilin yanvar ayında Gəncə şəhərində "Töhfə" qəzetində çapdan çıxıb. Onun şeırlərindən vətən həsrəti, yurd nisgili duyulur. Onun seçdiyi mövzular bu günki həyat durumunu əks etdirir. Şeir¬lərindən dağların al-əlvan gül¬lərin ətri gəlir. Elə şeirləri də var ki, elə bil Yırğançay çayı kimi təbiətin gözəlliyinə boylanıb yırğalanaraq coşur... bəzən də sanki müəllif soyuq ceşmələrin zümzüməsinə qoşulub öz pıçıltılı səsiylə dodaqaltı zümzümə edir...
Nəhayət, biz də də fürsətdən istifadə edərək, şair Rəşid Çerpanovu Ad Günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır, həmçinin, “Bezgin” təxəllüsü ilə qələmə aldığı və internet səhivələrində geniş müzakirələrə qoyduğu bir neçə şeirlərini aşağıda oxucularımızın nəzərinə çatdırırıq.
Müşfiq BORÇALI.
YAZ, VƏTƏNƏ QÜRBƏTDƏN YAZ!
Gəl havalan sən ay eşqim ,
Yaz, vətənə qürbətdən yaz!
Ürəyini dəlib-deşən
Söz, vətənə qürbətdən yaz!
Çoxdur qürbət əzabları,
Cəza yox ondan yuxarı.
Söylə nələr görür barı,
Göz, vətənə qürbətdən yaz !
Eşitmirəm xoş sözlərdən,
Çiçək yığmıram düzlərdən,
Ayrılığı əzizlərdən,
Düz, vətənə qürbətdən yaz !
Tutmuşuq başdan yuxar,
Qoruyuruq namus, ari.
Dildən, xeyir duaları,
Süz, vətənə qürbətdən yaz
Tanrı verib, Rəşid batmır…
Gecə-gündüz yuxu yatmır,
Ha yazıram gedib çatmır,
Yüz vətənə qürbətdən yaz !
ANA LAYLASIDIR O, YIRĞANÇAYIM
Mənimçün ellərin şahıdır inan!
Ana laylasıdır o, Yırğançayım.
Axirət əzabı çəkən insana,
Cənnət havasıdır o, Yırğançayım.
Ruhuma gərəkdir su, hava kimi,
Olubdur dərdlərə bir dəva kimi,
Qalmışam uzaqda binəva kimi,
Ata yuvasıdır o, Yırğançayım.
Bülbül cəh-cəhəsi, sərin suyu var,
Gül-çiçək istəsən dağlar boyu var,
Yazda baş çəkirlər köçəri quşlar,
Dağlar obasıdır o, Yırğançayım.
Düzündə çiçəklər bitirib-bəslər,
Dağında çobanlar tütəyi səslər.
Adını anmayır qeyrətsiz kəslər,
Tanrı aynasıdır o, Yırğançayım.
Rəşidə fərəhdir obası, eli,
Sussa közə dönər, ağzında dili.
Neçəki qələmlə birgədir əli,
Sizdən yazacaqdır, a Yırğançayım!
A QÜRBƏT
Yaman hala saldın cavan qəlbimi,
Ahu-zar eylədim qürbət, a qürbət!
Dərd-azar bilməzdim nə idi inan…
Axır var eylədin qürbət, a qürbət!
Gəzirdim firavan, eşq avazıyla,
Barışdım tanrıdan gələn yazıyla,
Məni tanış etdin qəmin, sazıyla,
Yeri dar eylədin, qürbət, a qürbət!
Ayırdın elimdən, günümdən məni,
Vaxtsız qara saça yağdırdın dəni,
İllərə çevirdin hər ötən günü,
Ahu-zar eylədin, qürbət, a qürbət!
Yurdumuz olubdur yağı tapdağı,
Analar susmadan söyləyir ağı.
Tanrı mənə verdi hər utanmağı,
Nə bir ar eylədin, qürbət, a qürbət!
Rəşidəm, ömrümü saldım qoynuna,
İndi ağlayıram mən yana-yana,
Necə tab gətirim, axı, hicrana?..
Min azar eylədin, qürbət, a qürbət!
DEYƏ BILSƏN
Arif məclisində, aqil yanında,
Alqışlar söylənər, söz deyə bilsən.
Başın Ərşə dəyər, qəlbin düz olsa,
Qaşıyın altıdır göz deyə bilsən.
Atılıb-düşməsən nadan sözünə,
Yaltaq cürət edib baxmaz üzünə,
Yolların bağlanar haqqın izinə,
Hər yanda olanı düz deyə bilsən.
Gücün seli saxlar, sözlərin eli,
Başın üstə olar yaradan əli,
Birliyə öyrətsən ağızda dili,
Sözünü tək mən yox, biz deyə bilsən,
Düşmə sən qardaşım heç haldan-hala,
Dünya kimə qalıb, bizə də qala?
Ağsaqqal olarsan böyük mahala,
Yaşını artırıb, yüz deyə bilsən.
Ay Rəşid, çalış ki, sadəcə dolan,
Yaşadığın ömür, olmasın yalan.
Sözlərin olacaq dünyada qalan,
Şərbət tək dodaqdan süz, deyə bilsən!
OLARMI?...
Gül ətrinə bənzəyirsən,
Səndən gözəl gül olarmı?
Ağzından şəkkər, bal çıxır
Belə şirin dil olarmı?
Çəmənliklər boşdur sənsiz,
Dərd, qəm artıb, beşdir sənsiz,
Ömür sanki, quşdur, sənsiz,
Belə həftə, il olarmı?
Çıxdın günəş-aya qarşı,
Bir ox oldun, yaya qarşı,
Yön çevirdin, qıya qarşı,
Sevən də, yüngül olarmı?
Üzmə, qəlbi verdim sənə,
Həsrət qoyma aya, günə,
Ay insafsız! Bir gəl dinə,
Gülsüz də, bülbül olarmı?
Bir bülbüləm, gül camala,
Salma məni haldan-hala,
Gördüm səni, tapdı bəla,
Dedin məni sil!- olarmı?
Rəşidi bənzətmə quşa,
Döndərmə eşqini qışa,
Gəl salmaynan dağa-daşa,
Söylə sözün öl, olarmı?
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid",
III cild, Bakı, 2015, səh.685-689).
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.