SULARDA YARANAN POEZİYA

SULARDA YARANAN POEZİYA “Ecoprint” nəşriyyatında Səxavət Ənvəroğlunun “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib. Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərin ana xəttini təçkil edir. Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir.

Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur.


Vətənimizin dilbər güşələrindən olan Quba rayonunun Qımıl kəndində dünyaya göz açan S.Ənvəroğlu ixtisasca dənizçidir, Q.Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini gəmi mexaniki ixtisası üzrə bitirib, ömrünün yarısından çoxu sularda üzməklə keçib. Çox vaxt həmdəmi dəniz olub. Dünyadan küsəndə, insanlardan qaçanda, saçları ilə küləyə, baxışları ilə dənizə sığınıb. Nəhəngliyinə, maviliyinə qısıldıqca sanki təsəlli tapıb. Mavi gözlü Xəzərimizin ilin ayrı-ayrı fəsillərində, günün fərqli saatlarında sirli bir aləmə dönən gözəlliyini görmək, duymaq üçün mütləq onun qoynuna sığınmaq, seyrinə dalmaq lazımdır. Xəzər həmişə söz-sənət adamlarının ilham mənbəyi olub, bu mövzuya həsr olunan saysız-hesabsız sənət inciləri meydana gəlib.

SULARDA YARANAN POEZİYA Su – insanın arzularının səda, ruhunun qida mənbəyidir. Su - möcüzədir və bəzən nəsil-nəsil söz adamlarının ən seçmə poetik nümunələri də elə sularda yaranıb, bu möcüzədən qaynaqlanıb, - Səxavət Ənvəroğlunun poeziyası kimi. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında az-az şair tapılar ki, bu təbiət gözəlinə heç olmasa bir şeir həsr etməsin. Səxavət Ənvəroğlunun yaradıcılığı ilə tanış olduqda, şeirlərinin məhz üzdüyü sonsuz ümmanlardan, göy ləpələrdən ruhlanaraq yarandığına əsla şübhə yeri qalmır. Şair dənizi özünün beşiyi, sahilləri isə bəxtinin aynası hesab edir:

Dəniz mənə qayğıların beşiyi,
Əsən yellər ürəyimə layladır.
Tufanları - ümidlərin keşiyi,
Sahilləri - taleyimə aynadır.

Şairin ruhunu ovudan göy ləpələrdir. Həyatı sınaqlardan keçsə də, saçları ağarsa da, ruhu göy ləpələrdən dinclik tapır:

Güzgüdə baxanda özümə hərdən,
Ağaran saçımdan gileylənirəm.
Ruhum nəğmə deyir göy ləpələrdən,
Sahildə işarır gözlərimdə nəm.

Şairin ömrünün böyük bir hissəsi qürbətdə, sularda üzməkdə keçib. Lakin, hara üz tutubsa qəlbində Aərbaycanı aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə - Vətənə can atıb, ürəyi Vətən eşqi ilə alışıb – yanıb. Bu hisslər onun bütün vətənpərvərlik şeirlərindən, xüsusən, “Qurban olum ey Vətən” şeirindən açıq-aydın duyulur:
Mən hər zaman səni deyib gəzərəm,
Yollarına tər çiçəklər düzərəm.
Qürbət yerdə möhnətinə dözərəm,
Dayağına qurban olum ey Vətən.

Quba – gözəl Vətənimizin dilbər güşələrindən biridir. Əslən qubalı olmasam da, şəxsən mənim üçün (müəll.) Quba həqiqətən doğmadır. Bunun bir sıra səbəbi var. Amma məncə ən əsas səbəbi, vaxtilə məzunu, indi isə əməkdaşı olduğum Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət bazasının məhz Qubada, II Nüğədi kəndində yerləşməsidir. 50 ilə yaxındır ki, BDU-nun Biologiya fakültəsinin tələbələri çöl təcrübələrini həmin bazada keçirlər. Mən özüm o yerlərdə ilk dəfə hələ II kursu bitirərkən (1996-cı ildə) olmuşdum. Müəllimlərimiz və tələbə dostlarımızla birgə iki həftə o yerləri qarış-qarış gəzib, gözəl təbiətini öyrənmişdik. 2013-cü ildə o bazadakı taxtadan olan yarıuçuq tikilini 4 mərtəbəli, göz oxşayan bina əvəzlədi.

Biz hər il tələbələri Qubaya çöl təcrübəsinə apararaq, hər dəfə o gözəl yerlərin havasından udur, suyundan içir, qonaqpərvər camaatı ilə mehriban ünsiyətdə oluruq. Hər dəfə də o torpağa qədəm qoyduqda ilk olaraq görkəmli folklorşünas-alim, AMEA-nın müxbir üzvü, “Ataların sözü – Xalqın gözü” kitabımızın redaktoru olmuş ailəmizin əzizi, mənə də hər zaman səmimi yol göstərən, unudulmaz Azad Nəbiyevin məzarını ziyarət edirəm. Bundan savayı fakültəmizin professoru, uzun illər prorektor işləmiş Məcnun Babayev və dosent Zemfira xanım Abdulova ilə tez-tez o gözəl yerləri xatırlayırıq. Elə Səxavət Ənvəroğlunun “Qubam” şeirini ilk dəfə oxuyanda da, mən xəyalən o doğma yerləri gəzdim, gözlərim önündə Qubanın tanış mənzərəsi canlandı:

Parlayan ulduzsan, yanar çıraqsan,
Ömür yollarımda nurlu mayaksan.
Fəxrimdir qoynunda zirvəli dağlar,
Gəzməli ormanlar, görməli bağlar,
Hər yer tamaşalı, maraqlı Qubam.

Müəllim peşəsi çox şərəfli peşədir. Biz hamımız ilk müəllimlərimizə borcluyuq. Və hamı kimi, Səxavət Ənvəroğlu da müəllimlərin qarşısında baş əyir, hər yaşda bu şərəfli peşə sahiblərinə möhtac olduğunu dilinə gətirməkdən çəkinmir:

Yüz yaşım olsa da möhtacam yenə,
Mənə bilik verən müəllimlərə.
Müqəddəs bir kəlmə ANA sözünü,
Yazdırıb öyrədən müəllimlərə.

Şair möhkəm dözüm, iradə sahibidir. O, bu həyatda nə qədər ağrı-acı görsə də, yenə dözür. Çünki, dözüm – Ulu Yaradanın insana bəxş etdiyi unikal xüsusiyyətlərdəndir:

Cavanlıq havası ötməyib hələ,
Qəlbim arzulara yetməyib hələ.
Yaddaşım yerində, itməyib hələ,
Dözür ağrılara kövrək ürəyim.

Kitabda təqdim edilən şeirlər Səxavət Ənvəroğlunun ağrılı-acılı, ələkdən keçirilən günlərindən bir xatirə olsa da, şairin arzuları tükənməyib, yoldadır. Əsən küləklər də onu qorxudan deyil:

Həyat çox keçirib məni ələkdən,
Nə qədər arzular yoldadır hələ.
Gözüm qorxan deyil dəli küləkdən,
Ağrılar, acılar güc gəlsə belə.

Qələm dostumun məhəbbət şeirləri də sünilikdən çox – çox uzaqdır. Onların çoxu ümidsiz məhəbbətdən soraq versələr də, təbii hisslərlə, qısa və aydın kəlmələrlə zəngindirlər:

Necə də yolunda qurban vermişəm,
Ömürdən qoparıb gözəl illəri.
Kövrək ürəyimdə boran bilmişəm,
Mənə uzatdığın soyuq əlləri.

və ya:
Xəzan yarpaqları vaxtsız tökəndə,
Küləklər telinə sığal çəkəndə.
Ürəyin qəm yeyib, kədər əkəndə,
Məni xəyalında yaşadacaqsan.

Səxavət Ənvəroğlu qayğıkeş ailə başçısıdır. Şairin “Adını Vüsal qoymuşam”, “Solmazdım qızım”, “Nəvələr bir yerə yığılan zaman”, “Olar qardaş” və s. şeirlərində onun ailə üzvlərinə, qohumlarına və nəvələrinə hansı sevgi və qayğıyla yanaşdığı diqqəti çəkir:

Sizsiniz ömrümün bahar çağları,
Sevincli günlərin barlı bağları.
İnadla aşaraq uca dağları,
Qartal tək uçardım, yatmazdım qızım.

Şair 2016-cı ildə qardaş Türkiyə sularında üzərkən belə bir şeir yazmışdı:

Şimşəklərin işartılı anında,
Nur çiləyən ulduzların yanında.
Qürub çağı günəşin al qanında,
Dalğaların nəfəsində tap məni.

Zirvələrdə əriyən dağ qarında,
Bağçaların ətirli gül barında.
Sevgi adli sərvətində, varinda,
Küləklərin naləsində tap məni.

Səxavətəm, ruhum sözümə candır,
Yazdıqlarım söz duyana həyandır.
Ürəyində mərhəmət odu yandır,
Anaların xoş səsində tap məni.

Şair Səxavət Ənvəroğlu mərhəmət sahibidir və hər kəsi ürəyində mərhəmət odu yandırmağa səsləyir. Mən inanıram ki, əziz qələm dostum həyatın sərt dalğaları ilə üz-üzə duraraq, illər boyu sözdən ruhlanacaq və söz duyanlara həyan olası hələ çox sözlər yaradacaq – həm dəryadan, həm də dünyadan. Odur ki, mən bu həyat yolunda ona fırtınasız sular, təlatümsüz səyahətlər arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.

Anar Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti,
şair-publisist, Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliklərinin,
Türkiyə Elm və Ədəbiyyat Əsəri
Sahibləri Məslək Birliyinin üzvü


ZiM.Az



Qurban olum, ey Vətən!

Mən hər zaman səni deyib gəzərəm,
Yollarına tər çiçəklər düzərəm.
Qürbət eldə möhnətinə dözərəm,
Dayağına qurban olum, ey Vətən!

Nizamilər, Nəsimilər yurdusan,
Hünərinlə azadlığı qurmusan.
Əsarətin zəncirini qırmısan,
Bayrağına qurban olum, ey Vətən!

Şəhidlərin yenilməzdir dünyada,
Zəfər səsi ucalacaq hər yanda.
Yerdə qalmaz oğulların qanı da,
Növrağına qurban olum, ey Vətən!

Xətailər, Cavad xanlar yetirən,
Xoş soraqlar, xoş xəbərlər gətirən,
Qanqallıqda qızıl güllər bitirən,
Sorağına qurban olum, ey Vətən!

Kösöv olub ocağında qalanım,
Başına min kərə dönüm, dolanım.
Səxavətəm, dilimdə yox yalanım,
Torpağına qurban olum, ey Vətən!
Abu – Kir (Misir)


Quba

Parlayan ulduzsan, yanan çıraqsan,
Ömür yollarımda nurlu mayaksan.
Fəxrimdir qoynunda zirvəli dağlar,
Gəzməli ormanlar, görməli bağlar,
Hər yerin tamaşa, maraqlı Qubam.

Xınalıq-xınalı dağlar maralı,
Qızları ismətli, abır-həyalı.
Qayası, dərəsi axar bulaqlı,
Ömrümə yazısan sirli-soraqlı,
Gecəsi sönməyən çıraqlı Qubam.

Düzülüb cərgəyə “Qımıl”ın, “Dağlı”n,
Axarı boyunca çayı Qudyalın.
Güvənib əzminə elin, obanın,
Gözəl diyarısan Azərbaycanın,
Hər yanda avazlı, soraqlı Qubam.

Tanıyan-bilənin gözü burdadır,
Şairin ən gözəl sözü burdadır.
Saf qəlbli adamlar özü burdadır,
Tarixin qəhrəman izi burdadır,
Əzəldən ocağı qonaqlı Qubam.

Artan uğurların-könül sevincim,
Eşqim, təravətim, gülüm-çiçəyim.
Qalıb xatirələr, ötüb gəncliyim,
Səxavətəm, sənsən vuran ürəyim,
Yolları çinarlı, qovaqlı Qubam.


“Qımıl”ım mənim

Hayana baxırsan meşəli dağlar,
Çiçəkli bağçalar meyvəli bağlar.
Yadıma düşdükcə nəğməli çağlar,
Nisgildən, həsrətdən ürəyim ağlar,
Şöhrətim, vüqarım “Qımıl”ım mənim.

Yağanda göylərdən yaz yağışları,
Görəndə o təmiz, saf baxışları.
Dağlar ətəyində gül naxışları,
Könül oxşayandır çaylaq daşları
Şöhrətim, vüqarım “Qımıl”ım mənim.

Çeşmələr, bulaqlar buz kimi sərin,
Hər qarış torpağı bal kimi şirin.
Dağların vüqarı əyilməz, mətin,
Bitib, tükənməzdir bu məhəbbətim,
Şöhrətim, vüqarım “Qımıl”ım mənim.

Bütün uğurlarım səndən başlayıb,
Sənə vurulduğum gündən başlayıb.
Qəlbim səni daim zirvədə sayıb,
Qələmim bu eşqi ellərə yayıb,
Şöhrətim, vüqarım “Qımıl”ım mənim.
İskəndərun (Türkiyə)


“Şahdağ”ım

Dilimin əzbəri, sözümün canı,
Səninlə oynayır damarda qanım.
Göylərə ucalan Azərbaycanın,
Vuran ürəyidir “Şahdağ”ım mənim.

Necə də doğmadır isti nəfəsin,
Aləmə hay salıb sorağın, səsin.
Qoynunda dincəlmək indi hər kəsin,
Arzu, istəyidir “Şahdağ”ım mənim.
05.02.1976


Qafqaz dağları

Uca zirvələri göylərə çatan,
Günəşin nurunda gur ocaq çatan.
Daşlı sinəsində çən, duman yatan,
Kəklik ovasıdır Qafqaz dağları.

Bulaqlar buz kimi, dərələr dərin,
Görkəmi vüqarlı, havası sərin.
Ata qürurudur, uca yerlərin,
Ana laylasıdır Qafqaz dağları.

Getdiyim haqq yolu, sözdə doğruyam,
Yurduma, obama qəlbən bağlıyam.
Şahdağtək vüqarlı elin oğluyam,
Ömür dünyasıdır Qafqaz dağları.
01.04.1979


Gecikdi bahar

Görəsən bu bahar niyə gecikdi?
Günəşin şəfəqi saçılmadı heç.
Duman çəkilmədi qarlı dağlardan,
Nərgizin gözləri açılmadı heç.

Bahar ahənginə qayıda bilmir,
Könlünü buluda bağlayır göylər.
Torpağı yuxudan oyada bilmir,
Yenə narın-narın ağlayır göylər.

Meşələr həsrətdir fidan çiçəyə,
Yazı müjdələmir qaranquş hələ.
Söyüdlər gecikir pöhrələməyə,
Yerini bahara vermir qış hələ.

Xonçada səməni gülür üzümə,
Zəmilər tarlada gözünü yumur.
Novruza boylanır hər gələn səhər,
Torpaq da günəşdən hərarət umur.
Tiren dənizi


Qarğa

Qartala daş atıb, nədən pərişan,
Boynunu sallayıb durmusan, qarğa?
Qalmayıb halını daha soruşan,
Dünyanı səsinlə yormusan, qarğa.

İndiki tülkülər meydana sığmır,
Toyuqlar tutulub quş azarına.
Daha yumurtadan cücə də çıxmır,
Ürəklər atılıb daş bazarına.

Yuvalar boş qalıb, bala yuvasız,
Çinarlar quruyub bitdiyi yerdə.
Ürəksiz daşlar da dözmür laylasız,
Sağsağan ağlayır çəkdiyi dərdə.

Qarğa da ərinir qanad çalmağa,
Pendirdə tam yoxdur, tülküdə iştah.
Ana təbiəti baltalamağa,
Qərar verənlərsə qazanır günah.
Tuzla (İstanbul)


Bilmirəm yuvanı harda qurmusan

Nədir bu çəkdiyin bahar bülbülü?
Özüm də köçəri bir qaranquşam.
Gəzirəm dünyanı yaz həsrətilə,
Bilmirəm yuvanı harda qurmuşam.

Uçduğun çəməndir, qonduğun çiçək,
Mənimsə qismətim çılğın ləpələr.
Sahilə can atan o dalğalartək,
Qayaya eşqimi çırpar, səpələr.

Bəxtini qınama, sənindir göylər,
Mənimki göy sular, sahil həsrəti.
Beşiyin, laylandır sonalı göllər,
Mənimsə tufandır tale, qismətim.

Sənin oxuduğun bahar nəğməsi,
Mənim nəğmələrim gözümün nəmi.
Oxu, qoy aləmi bürüsün səsin,
Uyusun köksümdə dünyanın qəmi.


Bahar gələndə

Sevgi çiçək açır bahar gələndə,
Aləmi bürüyür quşların səsi.
Bənövşə astaca pöhrələyəndə,
Ürəyə hay salır eşqin həvəsi.

Ətrafı bürüyür qaranquş səsi,
Yazı müjdələyir bahar gözəli.
Torpağı isidir yaşam həvəsi,
Quşlar salamlayır bağçada gülü.

Bülbülü ağlatmaz gülün həsrəti,
Yaz gülə naz edir, gül də bülbülə.
Güldür, yaşıllıqdır yazın qisməti,
Sellərlə sevinir çay gülə-gülə.

Əyninə geyinib yaşıl donunu,
Torpaq nəfəs alır bahar gələndə.
Sevinir ürəklər könül oxşayan
Ana təbiətin üzü güləndə.
10.03.1978


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: