Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov

Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov «Mənim xəstələnməyə və ölməyə vaxtım yoxdur deyirdi» - Şirməmməd müəllim. Hətta bunu elə şövqlə və qətiyyətlə deyirdi ki, bütün tələbələrini də ayrılığın yoxluğuna inandırmışdı. Şirməmməd müəllim haqqında düşünəndə tələbələri - «bu dünya fani dünyadır» cümləsini unudurdular. Elə bilirdilər ki, Şirməmməd müəllim daha uzun ömür yaşayacaq. O tanrının ona bəxş etdiyi bu gözəl həyatı sevə-sevə, doya-doya, yazıb-yaradaraq yaşadı və bu dünyada əbədiyaşarlıq qazandı. O təkcə həyatı sevmədi, insanı, insanlığı, vətəni, vətənin torpağını, sevdi. Keçmişini və gələcəyini sevdi. Tarixini ürəyinin hərarəti, gözünün nuru ilə ağ vərəqlərə köçürdü. O millətinin istiqlalını sevdi. Məhəmməd Əmin Rəsulzadənin qurduğu Cumhuriyyəti, huriyyəti, azadlığı sevdi. Bəli. Bu idi Şirməmməd müəllimin sevgisinin böyüklüyü, tükənməzliyi, əzəməti.
Elmə, təhsilə vermişdi könlünü Şirməmməd müəllim. Bu sevgidən doğulmuşdu onun - «Milli haqq və ədalət axtarışında», «Azərbaycan legionerləri», «Mənəvi irsimiz və gerçəklik», «Məhəmməd Əmin Rəsulzadənin əsərləri» və daha neçə-neçə tarixin açılmayan sirlərini özündə nəsillərə ötürən qalın-qalın əsərlər, qiymətli kitablar. Onun kimi millət, vətən cəfakeşləri yüz ildən bir gəlir dünyaya. Onu da tanrı Yer üzünə bəxş etdiyi nadir şəxsiyyətlərin arasından seçib, Azərbaycana vermişdi. O dünyaya gəlmişdi ki, yüzlərlə, minlərlə insanı ziyasına qərq etsin.
Tanrı onu Azərbaycana vermişdi ki, dövlətimizin haqq səsini dünyaya çatdıracaq, təmiz, saf, əqidəli jurnalist ordusu yetişdirsin. Dünyaya gələndə sanki çiyinlərinə Vətən adlı nemətin dünənini bu gününə çatdırmaq missiyası qoyulmuşdu.
Şirməmməd müəllimi Məhəmməd Əmin Rəsulzadədən, Ömər Faiq Nemənzadədən, Əhməd bəy Ağayevdən, Əlibəy Hüseynzadədən, Üzeyir bəydən sevgi ilə danışır. Səsinin titrəyişindən duyulur köksündən hayqıran Vətən sevgisi - Azərbaycan sevgisi!
Bu gün Şirməmməd Hüseynovdan gənc nəsillərə onun ideyalarını, fikirlərini yaşadan jurnalistika fakültəsi miras qalıb. Elə bir fakültə ki, burada Şirməmməd Hüseynovun yetişdirdiyi jurnalistlər nəsli dərs deyir, öyrədir.
Yalnız Şirməmməd Hüseynov Cumhuriyyətin 100 illik yubileyini görmək arzusu ilə yaşaya və ona ən əziz övladının xoş günü kimi sevinə bilərdi. Bu gün o böyük sevginin zərrələri Şirməmməd müəllimin davamçılarının qəlbində bərqərar olub.

Şirməmməd Hüseynovu tanrı hərtərəfli yaratmışdı. O güclü yaddaşa, gözəl natiqlik istedadına, musiqi duyumuna malik idi. Lakin Şirməmməd müəllim musiqiçi deyil, tarixçi alim, jurnalist oldu. O millətinin tarixini, dünənini bu gününə daşımağı hər peşədən üstün tutdu.
Vətəninə şərəflə xidmət etdi, namuslu, alnıaçıq alim ömrü yaşadı Şirməmməd Hüseynov. Yaşadıqca, həm də Azərbaycan mətbuat tarixini yaşatdı, sevdirdi, qoruyub gənclərə əmanət verdi. Özündən sonra qiymətli bir xəzinə qoydu. Elə bir xəzinə ki, min illər keçsə də öz dəyərini, qiymətini itirməyəcək.

Dilşad Xaqaniqızı,
BDU jurnalistika fakültəsi

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: