Professor Məhəd Sofiyev (1932-2013)

Professor Məhəd Sofiyev (1932-2013) UNUTSAQ, UNUDULARIQ!..

Bu gün onun 90 illik yubileyidir!
Təəssüf ki, heç kəsin yadına düşmür...
Bakı Dövlət Universitetinin xüsusi adamlarından biri olan Məhəd müəllim haqqında internetdə, digər mənbələrdə də dəyərli bir məlumat tapmadım, heç şəkli də yoxdur... Çox təəssüf...
Məhəd müəllimin yüzdə biri boyda olanların 100 dəfə artıq vikipediyası var, o boyda alim, şəxsiyyət isə unudulmaqdadır...
Onun haqqında ağsaqqaların birindən soruşdum, kişi adam olub, dedi.
Doğrudur, çox tələbkar idi, haqqı tələb edən idi,ancaq təbiəti belə idi, haqsızlıqla barışmazdı, sözünü deyərdi,özü də heç kəsdən çəkinib qorxmazdı.
Rafiq müəllim adlı bir düşməni var idi, onunla hər iclasda, toplantıda tutuşardı, onu ifşa edib qüsurlarını qabardardı, o Rafiq çox yüksək vəzifələrə də yüksəldi, ancaq Məhəd müəllim heç çəkinib eləmədi, onunla açıq mübarizəsini davam etdirdi. Ancaq bir dəfə... O zaman belə intriqalardan “ləzzət alan” dostları Məhəd müəllimi qəsdən o il qəbul imtahanlarına saldırırlar ki, həmin il Rafiq müəllimin oğlu qəbul olunurmuş, Məhəd müəllimi də birbaşa Rafiqin oğlunun olduğu auditoriyaya göndərirlər ki, Məhəd müəllim uşağı kəssin, intriqa bir az da dərinləşsin. “Xoş məramla” Məhəd müəllimə o uşağın həmin auditoriyada olduğunu da çatdırırlar. Oyunu başa düşən və bundan tutulan Məhəd Sofiyev imtahanı saxlayıb birbaşa rektorun yanına gedir, “mən onun atası ilə düşmənəm, oğlu ilə yox!”-deyir. “Ya mən o uşağa 5 yazacağam, ya da məni imtahanlardan azad edin, çıxıb gedirəm.”
O vaxt qəbul imtahanına düşmək xüsusi hadisə idi, ordan bir uşağa, özü də “düşmən balasına” görə çıxıb getmək nazir vəzifəsindən könüllü istefa verməyə bənzəyirdi. Ancaq Məhəd müəllim bunu etdi və rektor vəziyyəti belə görüb uşağa 5 yazılmasına icazə verdi.
Bax, Məhəd Sofiyev belə kişi adam idi!


Görkəmli Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri (1991-2008), tarix elmləri doktoru, professor Məhəd Mahmud oğlu Sofiyev 1932-ci il yanvarın 12-də qədim Qarayazı elində, indiki Gürcüstanın Qardabani rayonundakı Qaracalar kəndində anadan olmuşdur.
1952-1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində olan Yaxın və Orta Şərq tarixi şöbəsində təhsil almışdır.
1957-ci ildən Tbilisi şəhərində nəşr olunan “Şərqin şəfəqi” qəzetində çalışmış, 1958-ci ildən Gürcüstanın Marneuli rayonunun Qaracalar orta məktəbində tarix müəllimi işləmişdir.
1961-1963-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır.
1964-cü ildə Tarix fakültəsində müəllim vəzifəsini tutmuşdur.
1965-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1987-ci ildən professor elmi adına layiq görülmüşdür.
1991-ci ildə Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Elmi araşdırmaları əsasən Türkiyə tarixi problemləri ilə bağlıdır.
Həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin keçmiş və bugünkü vəziyyəti ilə bağlı problemlərin tədqiqi də elmi araşdırmalarında mühüm yer tutur.
Bir neçə tarix elmləri namizədi hazırlamışdır.
60-dan artıq monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir.
“Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2013-cü ildə vəfat etmişdir.

Böyük alim, nadir şəxsiyyət olan professor Məhəd Sofiyevin parlaq xatirəsi unudulmayacaqdır.

Fikrət Şiriyev

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: