Həyat eşqi ilə çırpınan qəlbindəki arzulara çatmaq üçün qarşısına qoyduğu məqsədlər böyük olduğu qədər saf idi. Tanrıya şükür edir ki, saflığına görə ona həmişə kömək olub. Çəkdiyi əziyyətlər öz bəhrəsini verib. İnsan ona bəxş olunan həyat yollarında bir çox hadisə ilə üzləşir. Uğur da olur, uğursuzluq da. Çətinliklərə sinə gərib mübarizə meydanında tək qalmaqdan belə çəkinməyib, basılmayıb, qalib gəlib. Vətənə layiqli övlad kimi xidmətiylə xeyir verməyə çalışıb. Valideynlərinin ona verdiyi tərbiyə göz qabağındadır. Bu gün sayılıb-seçilən ziyalılardan biri kimi tanınıbsa, öncə əziz valideynlərinə, onu biliklərə mükəmməl yiyələnməyində ömrünü şam kimi əridən sevimli müəllimlərinə borcludur. Həyat sınaqlarından üzüağ çıxmağına kömək olan bu insanların ziyasından aldığı nur bütün yollarına çilənib. Elmin qapılarının üzünə taybatay açılması, kamil insan kimi yetişərək ali insanlıq zirvəsinə qədər ucalmağı məhz belə xeyirxah insanların müdrikliyinin bəhrəsi, nəticəsidir. Arzuların qanadında həyatın qoynuna atılıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib. Təyinatla Dəvəçi rayonunun (indiki Şabran) Dağbilici kəndinə göndərilib. Həmin kəndin məktəbində müəllim çatışmırdı. Kənddə təhsilin səviyyəsi, maarifləndirmə zəif idi. Kənd camaatının savadlanması öndə duran məsələlərdən biri idi. Məktəbdə kimya, biologiya, fizika, hətta astronomiyadan dərs keçməli olub. İctimai işlərdə də fəallıq göstərib. Təşkilatçılıq bacarığını yüksək dəyərləndiriblər. Bu bacarığını, savadını nəzərə alaraq onu Komsomol bürosuna üzv seçibilər. Artıq əsgərliyə getmək vaxtı çatanda Hərbi Komissarlığa gedib. Orada ona məktəbdə kadr çatışmadığı üçün müəllim işləməyi məsləhət biliblər. Ancaq etiraz edib, əsgəri xidmətə gedib. Ali təhsilli olduğu üçün Hərbi Dəniz Qüvvələrində bir il yarım çalışıb. Qayıtdıqdan sonra həmin rayonda pedaqoji fəaliyyətini davam etdirib. Elmin sirlərinə daha çox yiyələnmək istəyirdi.
Bu niyyətlə Bakıya qayıdıb, aspiranturaya qəbul olib. Çox çalışıb, qarşısına qoyduğu məqsədə çatmaq üçün biliklərini artırıb, oxumaqdan doymayıb. Elmi işini dörd ildən sonra müdafiə edib, elmlər namizədi adını alıb. 1982-ci ildə yaxşı, savadlı ixtisasçı olduğu üçün gərəkli kadr kimi onu Bakı Dövlət Universitetinə dəvət ediblər. Elmi rəhbəri, kafedra müdiri, AMEA-nın müxbir üzvü Paşa Həbib oğlu Rüstəmov olub. Doktorluq işlərini yekunlaşdırmaq üçün bir neçə dəfə Moskvaya ezamiyyətə gedib. Azərbaycanda olmayan şüşəvari yarımkeçiricilərdən doktorluq elmi işi ilk dəfə müdafiə edib. İşlədiyi Bakı Dövlət Universitetində böyük elmi-tədqiqat laboratoriyasını yaradıb. Səyləri boşa çıxmadığı üçün gördüyü işlərdən özü də qürur duyub. Bir il sonra kafedraya yarımştat professor, sonra tamştat professor təyin olunub. 2005-ci ilədək dekan müavini kimi çalışıb. İndiyədək universitetdə ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri işləyir. Gənc nəslin təim-tərbiyəsi üçün əlindən gələni əsirgəmir. Sabahın gənclərinin bilik alması, elmin incəliklərinə yiyələnməsi üçün ömrünü onlara həsr dib. Axı, parlaq gələcək ziyalıların verdiyi biliyin mükəmməlliyindən asılıdır. O, gələcəyimizin parlaqlığına inanır. Bu inamı ona məqsədyönlü yolda ağartdığı saçlarının hər dəni, əlindəki qırışlar, üzündəki nur verir.
Ömür xəritəsində bu inama olan cizgilər hər tərəfə cığır açır. Bu cığırla ömür-gün yoldaşı – BDU-nun alman dili müəllimi Elmira xanımın, iki oğlunun da ayaq izləri var. İzlər artır, silinməz olur...
Bəli, haqqında söhbət açdığım şəxs respublikamızın tanınmış ziyalısı, BDU-nun ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Teymur İlyaslıdır. Bu yaxınlarda onunla həmsöhbət oldum. Keçdiyi ömür yoluna nəzər yetirdim. Şirin xatirələrlə dolu həyatında baş verən hadisələr barədə çoxsaylı oxucularımızın da tanış olmasına qərar verdim. Beləliklə, ilk sualım belə oldu:
- Görəsən, indiyədək xeyir verə bildiyiniz insanlar sizdən razı qalıbmı?
- Bilmirəm... Amma gənclik dövrümdə özümə yaxın bildiyim dost-tanışa köməyimi əsirgəmədiyimə görə ürəyimdə bir rahatlıq hiss edirəm. Kiməsə kömək əlimi uzada bilmişəmsə, mənə ehtiyacı olanlara yaxşılıq etmişəmsə, deməli, savab iş görmüşəm. Fuad Sadıqova etdiyim yaxşılıq isə gənclik illərimin ən yaddaqalan xatirələrindəndir. Fuadla tanışlığım Qeyri-üzvi və Fiziki Kimya İnstitutundan başlayıb. Mən hərbi xidmətdən qayıtdıqdan sonra bu institutda işləməyə qərar verdim. Artıq bir il idi ki, işləyirdim. Günlərin bir günü iş yerində cavan bir oğlanın oturduğunu gördüm, tanış olduqdan sonra öyrəndim ki, Naxçıvandandır, amma Bakıda əmisinin yanında yaşayır. Fuad İnstitutda baş laborant kimi çalışmaqla yanaşı, orta məktəbdə də işləyirdi. İkinci evimiz olan Yarımkeçiricilər kimyası laboratoriyasında həmişə bir yerdə oturub-durar, deyib-gülər, yeyib-içərdik. Cavan idik, şıltaqlığımız da var idi. Bİr gün işə gələndə Fuadı bikef gördüm. Dostumun dərdini öyrəndim. Düzü, əvvəlcə elə bildim ki, evində, ailəsində bir hadisə baş verib, pis oldum. Səbəbini açıqlayanda dedi ki, qarşıdan Qurban bayramı gəlir. Qız evi adət-ənənəyə görə məndən qapıya qoyun gətirib kəsilməsini tələb edir. Kasıb bir oğlanam, qoyun almağa imkanım yoxdur. Belə getsə, qız evi arzularımı puç edəcək, subay qalmalı olacağam. Heç bilmirəm nə edim, vəziyyətdən necə çıxım? Fuad Sadıqovun halına yandım. Bir qədər fikirləşib ona dedim ki, gəl, bir kələk quraq. Qurban bayramında qız evinə məni də apar. Elə iş yoldaşımız İmir Əliyev də getsə yaxşı olar. Sən məni gürcü kimi, dostumuz İmir bəyi isə tərcüməçi kimi təqdim et. Narahat olma, ikimiz də Borçalı mahalındanıq. Mən gürcü dilini yaxşı bilirəm. Danışdıqca İmir bəy tərcüməçi rolunu oynayar. Qoyun əvəzinə, 3-4 kiloqram ət alarıq, bir yaraşıqlı padnosa qoyub qırmızı lentlə bağlayarıq. Təmtəraqla içəri daxil olarıq. Kələyimizin baş tutacağına şübhəm yox idi. Fuadın sevdiyi qızgilə getdik. Qızın anası əlimizdəki padnosu görüb üz-gözünü turşutdu. Yan-yörəsinə baxdı, qoyun görmədi. Bərk hirsləndi, bizi içəri dəvət etmədi. Dedi ki, siz bu qapıya qoçla gəlməli idiniz. Başa düşmürsünüz, başı qırmızı lentli qoç istəyirəm. Hanı sizin Qurbanlıq qoçunuz? Fuadın qaynanasını sakitləşdirmək, dilə tutmaq məqamı çatmışdı. Mən gürcü dilində onu başa salmağa çalışdım ki, biz tərəflərdə belə adət yoxdur. Qız qapısına gedəndə ət, mer-meyvə, şirniyyat alıb aparırıq. Qoç almaq düzgün deyil. Bizi qapı ağzında saxlayıb içəri buraxmayan qaynana ilə qaynata (indi hər ikisi dünyasını dəyişib) bir ağızdan dedilər ki, əşi, bu nə bilir ey, gürcü nə qanır Qurbanlıq nədir? Özümüzü qapıda sındırmadıq. Gürcü rolumu pis oynamırdım, elə İmir Əliyev də yaxşı tərcümə edirdi. Təkrar-təkrar bildirirdim ki, qoçsuz da Qurbanlıq bayramını qeyd etmək olar. Nəhayət, qızın ana-atasını birtəhər razı sala bildik. Fuad da onlara dedi ki, bu kişi Gürcüstandan gəlib, bizi geri qaytarsanız ayıb olar, gedib öz elində-obasında danışar, bizə gülərlər. İçəri keçdik. Süfrəyə yemək-içmək düzüldü. Bütün nemətlərdən var idi. Mən süfrəyə əl uzadıb olanlardan, mer-meyvədən yeməyə başladım. Sən demə, burada adət belə imiş ki, üzünə yaxşı baxsalar, süfrədə olanlardan yeyə bilərsən, baxmasalar yox. Mən isə fərqinə varmadan hər nemətdən götürüb yeyirdim. Fuadın qaynanası dözməyib dedi ki, buna bax, gör necə yeyir, qanmır ki, bunu yemək olmaz. Mən isə fikir vermədən yeməyə davam edirdim. Həm də sevinirdim ki, kələyim baş tutub. Nə isə, həmin günü yola verib qayıtdıq. Maraqlı günlər idi. Yaxşı yadımdadır. Fuad Sadıqovun nişan mərasimi yaxınlaşırdı. Nişan Səadət sarayında planlaşdırılırdı. Elə kəbin də bu sarayda kəsiləcəkdi. Kasıb vaxtımız idi. Hər ikimiz aspirant idik. Fuadın nə nişana, nə də kəbinə geyməyə layqli bir kostyumu olmadığından kefsiz gəzirdi. Mənə söylədi ki, a Teymur, bəs mənim kostyumum yoxdur, nə edək? Mən öz kostyumumu ona verdim, o da geyindi. Çox gözəl yaraşırdı. Nişanda həmin kostyumda çəkdirdiyi şəkil bu gün də mənim evimdə ötən günlərin ən dəyərli yadigarı kimi durur. Altı aydan sonra bu cavanların toyu oldu. Həmin toyda çox sevdiyim dayım Azərbaycan Pedaqoji Universitetinin müəllimi işləmiş Bəxtiyar Abdullayev də iştirak edirdi. Bəxtiyar dayım bizə həmişə böyüklük edərdi. Onun başqalarının da yanında hörməti çox idi. Toyda tamada olmadığından tamadalığı da özü etdi. Biləndə ki, toyda tamada yoxdur, mənim sözümü yerə salmadı. Toy əla və şən keçdi. Bəxtiyar dayım yaxın adamlara, dostlara söz verirdi. Onlar yeni ailə quran cütlüyə ürək sözlərini çatdırır, xeyir-dua verirdilər. Fuadın dayısına da söz verildi. Fuadın dayısı əsl kommunist idi. Toyda da Kommunist Partiyasını təbliğ etməyə başladı. Bəxtiyar dayım mikrofonu onun əlindən alıb dedi ki, burda toy məclisi qurulub, sən niyə kommunist partiyasından danışırsan. Heç hənanın yeridir, a kişi? Bu məqamda Fuadın qaynatası Əli kişi mənə yaxınlaşdı və rusca danışmağa başladı. Zdrastvuy, zdrastvuy, yəni salam, salam deyəndə mən bildirdim ki, rus deyiləm, qardaş, siz məni səhv salırsınız. Mən bu sözləri ona zərbaycanca söylədim. Əli kişi təəccüblə üzümə baxıb, nə tez başladın azərbaycanca danışmağa, bəs sən gürcü deyildin, soruşdu. Mən özümü itirmədim, cavab verdim ki, gürcü olmağına gürcüyəm, amma Azərbaycan dilində yaxşı danışıram. Deyəsən Azərbaycan dilini tez öyrənməyimə şübhələnmişdi. Onun şübhələrini dağıtmağı bacardığım üçün sevinir, arabir gürcü dilində sözlər işlədirdim. Toy günü və belə məzəli əhvalatlar bu günədək yadımdadır. Gəlini əvvəlcə Sumqayıta Fuadın dayısı evinə gətirdik. Mən Fuadın sağdışı idim. Fuad gəlinə zinət əşyaları ala bilmədiyindən yenə kələk qurmalı olmuşduq. Fuad gəlini öz dayısıgildən Naxçıvana qohumlarının yanına aparmalı idi. Gəlinin barmağında bir qızıl üzükdən başqa zinət əşyaları yox idi. O zaman mən evli olduğumdan həyat yoldaşımın razılığı ilə bütün qızıllarını müvəqqəti verdik gəlinə. Həmin qızıllarla onu bəzədik, çox yaraşırdı. Doğrudan da, gözəllik ondur, doqquzu dondur. Qadının yaraşığına rəng qatan qızılın parıltısına söz ola bilməz. Nə isə... Fuadı gəlinlə Naxçıvana yola saldıq. Çox xoşbəxt görünürdülər. Xoşbəxt cütlüyə xoş arzular söyləyənlər onların tükənməz sevgisinin sonsuzluğuna inanırdılar. Toydan bir müddət sonra Fuadın qaynatasıgilə qonaq getdik. O zaman Fuad Sadıqovun bir qaynı var idi. İndi rəhmətə gedib. Rəhmətlik yaxşı adam idi, ancaq bilmirdi ki, tkemali ayrı şeydi, cecə arağı da başqa cürdür. Bir stəkan araq içdikdən sonra məni gürcü bildiyinə görə, bico, deyə müraciət etdi və soruşdu ki, onda çaça var, içmək istəyirsiniz? Mən söylədim ki, gətir, içmək istəyirəm. O gedib eyvandan gətirdi. Ancaq gətirdiyi çaça deyil, tkemali idi. Nə illah etdisə, stəkana tökülmədi. Xeyli zarafatlaşıb güldük.
Kaş yenə o günlər olaydı... Gənclik illərim belə məzəli əhvalatlarla doludur. Yenidən o illəri yaşamaq istəsəm də alınmır. Yalnız xatirələrdə yaşada bildiyim üçün Tanrıma şükür edirəm. Ömür ağacımızın budaqlarından düşən hər yarpaq qorunmalıdır. Onun yaşıl, təravətli qalması üçün xatirələri yaşatmalıyıq. Bizə əziz və şirin olan xatirələri... Bizi yaşadan xatirələr, bəyaz saçlarımın hər birində varsınız, həmişə qalacaqsınız... Həqiqi sevgi öz təravətini bu gün də saxlayır. İndi onlar bir oğul, bir qız, bir neçə nəvə yiyəsidirlər. Bu ailənin başqaları kimi sevinci də, kədəri də olub, lakin saf sevgi, əqidə həmişə üstün gəlib. Bu gün cəmiyyətə bəxş etdikləri övladları yaxşı tərbiyə, yüksək təhsil alaraq sayılıb-seçilən insanlardandır. Fuadın oğlu Ədliyyə Nazirliyinin əməkdaşıdır, qızı isə həkimdir.
Fuad Sadıqovun özü tanınan ziyalılardandır, professordur. Bakı Dövlət Universitetində mənim rəhbərlik etdiyim Ümumi və Qeyri-Üzvi Kimya kafedrasında çalışır. Fuad Sadıqovla bir dost, sirdaş kimi ötən günləri tez-tez xatırlayırıq. Hər günü, hər dəqiqəsi bizə şirindir o günlərin. Kim bilir, bəlkə də o günlərin şirinliyidir bizi yaşadan. Mənim savab işlərim çox olub, əslində məmnun qalmışam gördüyüm işlərdən. Dostcasına bir neçə ailəyə xeyir-dua vermişik. Borçalıdan olan dostumuz, iş yoldaşımız İmir Əliyevin də ailə təməlini biz qurmuşuq. O da öz xoşbəxtliyini ailəsində tapıb. Düzü, baxıb sevinirəm, fərəhim hədsizdir. - Bəli, kiminsə xoşbəxtliyinə sevinmək, onun xoşbəxtliyi naminə kömək əlini uzatmaq ən müqəddəs işdir. Ömür insana bir dəfə verilir. Yadda qalan yaxşı günlər, başqalarına etdiyin yaxşılıqlardır. Elə bizi yaşadan da yaxşılıqlardır, dəyər verdiyimiz insanlardır. İtirdiyimiz ömürdən gedən günlər, qazancımız xatirələrdir, bizi xəyalən ötən günlərə qaytaran xatirələr. Geriyə baxsaq da, yenidən yaşaya bilmədiyimiz, amma ilham aldığımız, ötən günlərin kövrək xatirələri...
Beləcə, dəyərli alim Teymur İlyaslıya xatirələr nurunda ömür payının indən belə də daha sevincli və uğurlu olması diləyi ilə
İlhamə Məhəmmədqızı
Xeberle.com
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.