Tədbiri açıq elan edən Tibb problemləri üzrə Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov gündəlikdə olan məsələlər haqqında məlumat verib. İclasın Azərbaycan elmi-2030: yol xəritəsi, elektron səhiyyə üzrə işçi qrupunun yaradılması, elmi hesabatların forması və elmi tədqiqatların qeydiyyatı ilə bağlı məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.
AMEA-nın müxbir üzvü N.Bayramov bu gün Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində mühüm tədbirlərin görüldüyünü qeyd edib. Bu yaxınlarda AMEA və AR Prezident Administrasiyasında 2030-cu ilə qədərki dövrdə Azərbaycan elminin əsas prioritetləri və istiqamətlərinin müəyyən edilməsi ilə bağlı qəbul edilmiş qərardan söz açıb.
Bildirib ki, qərara əsasən müvafiq qurumlara bütün elm sahələri, o cümlədən də tibb üzrə elmi strategiyanı hazırlayıb təqdim etmək tapşırılmışdır. Bu strategiya hazırlandıqdan sonra Akademiyada və Nazirlər Kabinetində müzakirə olunacaq, sonra isə təsdiq üçün Prezident Administrasiyasına təqdim ediləcək. O, həmçinin gələcəkdə molekulyar biologiyanın və biotexnologiyaların araşdırılması və təbabətə tətbiqi ilə bağlı tədqiqatların nəzərdə tutulduğunu qeyd edib. Genetik tədqiqatların xəstəliklərdə və fizioloji proseslərdə rolu, protein, nuklein turşuları və digər maddələrin təbabətdə öyrənilməsi kimi istiqamətlərdə araşdırmaların aparılacağını diqqətə çatdırıb.
N.Bayramov bu gün elektron təbabətin ən geniş yayılmış sahələrdən olduğunu vurğulayaraq, bu sahədə yüksəkixtisaslı kadrlara və mütəxəssislərə ehtiyac yarandığını söyləyib. O, elektron sənədlər, tibbi qeydiyyat formaları, elmi tədqiqat işlərinin qeydiyyatı, çap olunan məqalə və monoqrafiyaların ictimaiyyətə təqdim olunması və s. məsələlərin həlli üçün 10 bənddən ibarət Proqramın hazırlandığını nəzərə çatdırıb. Bu proqramın həyata keçirilməsi, mövcud problemlərin həlli və birgə müzakirələrin aparılması məqsədilə İşçi Qrupunun yaradılması və buraya informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərini cəlb edilməsi təklifini irəli sürüb.
Cari ilin may ayında Azərbaycanda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfransın keçirildiyini xatırladan alim bu tədbirin elektron səhiyyənin formalaşdırılmasına elmi dəstək verilməsi və prioritetlərin müəyyənləşdirilməsi, bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əməkdaşlıq əlaqələrinin təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirdə, həmçinin prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar, müvafiq tibbi müəssisələrlə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin təşkili, qarşıda duran hədəflər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.