martın 29-da AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.
AMEA-dan ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər haqqında məlumat verərək yığıncağın BTEB üzrə
AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirib.
Bölmə üzrə AMEA-nın
həqiqi və müxbir üzvlüyünə
18 namizədin qeydə alındığını diqqətə çatdıran alim onların hər birinə uğurlar arzulayıb.
Qeyd edib ki, Azərbaycan elminin zirvəsi sayılan bu adlar elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan və görkəmli xidmətləri olan alimlərə verilir.
Sonra hər bir namizəd öz fəaliyyəti, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi mühüm töhfələrə dair ətraflı məlumat verib.
Sonda namizədlərin təqdimatlarına dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.