34 dərnək rəhbərinin iştirak etdiyi tədbirdə institutun Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani çıxış edərək müəllimlərə Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Herbari kolleksiyası qurudulmuş bitkilərin emalı və sənədləşdirilməsi, uzun müddət ərzində saxlanılması baxımından elmə böyük xidmətlər göstərir: "Botaniklər bitkilərin ekoloji, coğrafi və fərdi dəyişkənliyinin tədqiqatı üçün Herbari Fondundan mütəmadi istifadə edirlər. Fond, həmçinin regionun bitki aləminin tərkibini və növlərin yayılmasını sənədlərlə əsaslandıraraq hər hansı dəyişiklikləri vaxtında verir".
Sonra institutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyeva çıxış edərək müəllimlərə Azərbaycanın nadir, endem və itmə təhlükəsində olan bitkiləri və Azərbaycanın Qırmızı Kitabının I və II nəşrləri haqqında məlumat verib. Bildirib ki, 1989-cu ildə işıq üzü görən I nəşrə 140 növ ali bitkilər daxil edilib. O, II nəşrə daxil edilən 300 növdən 266-sının ali bitkilərə, 20-sinin ibtidai bitkilərə, 14-nün isə göbələk növlərinə aid olduğunu söyləyib.
Seminarda laboratoriyanın elmi işçisi Nigar Mürsəlqızı, doktorant Xanım Həsənova və digərləri çıxış edərək Qırmızı Kitabdan istifadə qaydalarını və strukturunu izah edib, bitkilərin IUCN-ə (Təbiət Mühafizəsinin Beynəlxalq Birliyi) əsasən hansı kateqoriyaya, milli və regional statusa aid olması, yayılması, qısa təsviri, bioloji, ekoloji xüsusiyyətləri, tendensiyası, məhdudlaşdırıcı amillər və mühafizə tədbirləri haqqında məlumat veriblər.
Sonda qonaqlar botanika elminin təbliği məqsədilə yaradılan Botanika Muzeyi ilə tanış olublar.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.