AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
tədbirdə institutun direktoru akademik İradə Hüseynova çıxış edərək, 75 nəfər xanım əməkdaşı olan müəssisənin elmi, pedaqoji və ictimai həyatında onların fəallığının daim nəzərə çarpdığını bildirib.
Akademik Azərbaycan xanımlarını zəriflik, ülvilik, gözəllik və sədaqət rəmzi kimi xarakterizə edərək, bütün qadınlara hər zaman Azərbaycan qadını simvolunu özündə yaşatmağı arzulayıb. O, müasir biologiya sahəsində alim xanımlarımızın elmi fəaliyyətləri, tədqiqatları ilə uğur qazandıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Həmçinin gənc alim və mütəxəssislərin əksəriyyətini xanımlar təşkil etdiyini bildirib. Onlar həm ölkə daxilində, həm də xarici dövlətlərdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edirlər.
Akademik yekun olaraq qadın əməkdaşlara şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzulayaraq, əziz gün münasibətilə onları səmimi qəlbdən təbrik edib.
Sonda xanımlara bayram münasibətilə hədiyyələr təqdim edilib.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.