Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55 TƏBRİK EDİRİK!..

2020-ci il may ayının 24-də istedadlı alim və pedaqoq,
bacarıqlı elm təşkilatçısı, AMEA-nın vitse-prezidenti,
Molekulyar Biologiya və Biotexnologiya
İnstitutunun direktoru, akademik
İradə xanım Hüseynovanın 55 yaşı tamam olur.


İradə Hüseynova - 1965-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ziyalı ailəsində anadan olub.
O, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc mütəxəssis Universitetin Böyük Elmi şurasının zəmanətilə Azərbaycan EA Botanika İnstitutunun "Molekulyar biologiya" ixtisası üzrə aspiranturasına daxil olub.
İradə Hüseynova 1994-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarları ilə 2002-ci ildə baş elmi işçi, 2009-cu ildə isə professor elmi adını alıb. Alim 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
İradə Hüseynova 1991-2010-cu illərdə Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (indiki Bioloji məhsuldarlığın fundamental problemləri) şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. O, 2010-cu ildə şöbənin tərkibində yeni yaradılan Bioadaptasiya laboratoriyasının müdiri seçilib.
Akademik İradə Hüseynova 2016-cı ildə AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında yaradılan Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun direktoru vəzifəsinə təyin olunub. O, 2018-ci ildə AMEA-nın vitse-prezidenti, AMEA Rəyasət Heyətinin üzvü seçilib. 2019-cu ildən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədridir.
Akademik İradə Hüseynovanın elmi fəaliyyətinin əsas istiqamətləri ali bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmlərinin tədqiqinə, bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma, göbələk, həşərat) streslərə davamlılığının müdafiə-adaptasiya proseslərinin molekulyar-genetik və fizioloji-biokimyəvi əsaslarının aydınlaşdırılmasına həsr olunub.
Akademik İradə Hüseynova 400-ə yaxın, o cümlədən yüksək impakt faktorlu jurnallarda çap olunmuş 60 elmi əsərin, 4 monoqrafiya, 2 kitab, 4 buklet, 10 kitab fəsli və 1 metodik vəsaitin müəllifidir. Alimin elmi işlərinin nəticələri çoxsaylı beynəlxalq konqres, konfrans və simpoziumlarda təqdim olunub və dünyanın bir sıra nüfuzlu nəşrlərində (“Nauka”, “Springer”, “Wiley”, “Nova Publisher”, “Dova Publisher” və s.) dərc edilib.
Akademik İradə Hüseynova elmi məsləhətçiliyi və rəhbərliyi ilə 2 elmlər doktoru və 5 fəlsəfə doktoru hazırlanıb. O, hazırda 4 elmlər doktorluğu işinin elmi məsləhətçisi, 5 fəlsəfə doktorluğu işinin elmi rəhbəridir.
Alim çoxsaylı beynəlxalq və yerli qrant layihələrinin rəhbəri və iştirakçısı olub.
Akademik İradə Hüseynova AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Müdafiə şurasının sədri, AMEA Botanika İnstitutunun Elmi şurasının üzvü, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü, AMEA tərəfindən nəşr olunan “Həyat Elmləri və Biotibb Jurnalı”nın baş redaktorunun müavini, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri jurnalının baş redaktorudur.
Akademik İradə Hüseynova Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Molekulyar biologiya, biomühəndislik, biotibb” üzrə Elmi şurasının sədr müavini, YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin səlahiyyətli nümayəndəsinin müavinidir.
Tanınmış alim 1999-cu ildən başlayaraq elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Molekulyar biologiya” fənni üzrə ümumi kursdan, AMEA-nın və BDU-nun magistraturasında müxtəlif ixtisas kurslarından mühazirələr aparır. BDU-nun Biofizika və molekulyar biologiya kafedrasının professorudur. Onun rəhbərliyi altında 6 bakalavr və 20 magistr dissertasiyası müdafiə olunub.
Akademik İradə Hüseynova Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin, Avropa Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (FEBS), Avropa Bitki Bioloqları Cəmiyyətinin (FESPB), Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Rəyasət Heyətinin, Azərbaycan Botanika və Bitki Fizioloqları cəmiyyətlərinin üzvüdür.
Akademik İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatlara və əldə edilən əhəmiyyətli nəticələrə görə akademik Cəlal Əliyevlə birlikdə AMEA-nın “Həsən Bəy Zərdabi” mükafatına (2014), Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalına (2019) layiq görülüb, AMEA-nın fəxri fərmanları ilə təltif olunub (2006; 2010, 2015, 2020).

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından Azərbaycanın biologiya sahəsində tanınmış görkəmli alimini - çox hörmətli akademik İradə xanım Hüseynovanı anadan olmasının 55 illik yubileyi münasibətilə
səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda
yeni-yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: