Bununla bağlı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təhlükə kateqoriyalarına uyğun olaraq təbiətdə bəzi bitki növlərinin təhlükə kateqoriyalarını müəyyənləşdiririk.
Son “Qırmızı Kitab”a təxminən 50 növ ağac bitkisi salınıb.
Hazırda Ağac və kol bitkiləri laboratoriyası tərəfindən bu sayın artırılması istiqamətində işlər görülür.
Həmin bitkilər genofondda toplanılır, onların nəslinin qorunması üçün bir sıra tədbirlər həyata keçirilir.
Bu barədə AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər məlumat verib.
O, bildirib ki, 90 ilə yaxındır ki, fəaliyyət göstərən Mərkəzi Nəbatat Bağı 45 hektardan çox əraziyə malikdir. Bağda indiyədək dünyanın müxtəlif botaniki-coğrafi vilayətlərindən introduksiya edilmiş bitkilərin, o cümlədən Qafqaz və Azərbaycan florasına məxsus nadir və nəsli kəsilməkdə olan bir sıra qiymətli ağac, kol, ot bitkilərinin geniş kolleksiyası yaradılıb:
“Hazırda Bağda fəaliyyət göstərən 5 laboratoriyadan biri olan Ağac və kol bitkiləri laboratoriyasının əsas məqsədi Azərbaycan, eləcə də dünyanın müxtəlif ölkələrindən gətirilmiş bitkiləri burada qoruyub saxlamaq, onların istifadə imkanlarını öyrənməkdir. Bu istiqamətdə işlər genişləndirilir, hazırda digər ölkələrdən yeni bitkilər gətirilir, onların xüsusiyyətləri hərtərəfli öyrənilir. Mövsüm ilə əlaqədar bəzi bitki növlərində xəstələnmələr və qurumalar müşahidə olunur. Bu məqsədlə aqrotexniki tədbirlər həyata keçirilir, ağaclara qulluq olunur. Bu tədbirlərin daha da genişləndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub”.
Alimin sözlərinə görə, nadir bitkilərdən olan 3 növ öz vətənində azalması səbəbindən Nəbatat Bağında çoxaldılaraq yenidən vətəninə qaytarılıb.
Hazırda Bağda nadir bitkilərdən ibarət 2 kolleksiya yaradıldığını bildirən E.İsgəndər qeyd edib ki, burada təxminən 70-dən artıq bitki növü qorunur:
“Ölkəmizin sərvəti olan nadir bitkilərin sayı ildən-ilə artmaqdadır. Bu bitkiləri qoruyub saxlamaq üçün vətəndaşlarımızı maarifləndirmək baxımından alimlərimizin üzərinə böyük vəzifə düşür. Bu baxımdan Bağda çalışan elmi işçilərin
məsuliyyəti daha artıqdır. Bu bitkilərin ekoloji xüsusiyyətləri dəqiq öyrənilməlidir. Onların təbiətdə azalmasına səbəb olan amillər aşkara çıxarılmalı və buna qarşı tədbirlər görülməlidir”.
Nəbatat Bağında aqrotexniki işlərlə yanaşı, əməkdaşların elmi potensialının artırılması istiqamətində də tədbirlərin həyata keçirildiyini deyən laboratoriya müdiri bildirib ki, Azərbaycan elminə töhfə vermək üçün müəyyən elmi nəticələrin alınması və tədqiqatın beynəlxalq jurnallarda çap olunması ilə bağlı işlər görülür.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.