İnstitutun laboratoriyaları ilə tanışlıq zamanı qonaqlara burada aparılan tədqiqat işləri və kadr hazırlığı, eləcə də müasir avadanlıq və texnologiyaların iş prinsipləri barədə ətraflı məlumat verilib.
Daha sonra akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti – REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, prezidentin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, prezidentin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtsevanın iştirakı ilə görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, vitse-prezident, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyətinin Beynəlxalq elmi əməkdaşlıq şöbəsi biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və institutun əməkdaşları iştirak ediblər.
Görüşdə, akademik İradə Hüseynova “Rusiya Elmlər Akademiyası ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri” mövzusunda təqdimatla çıxış edib.
Akademik İ.Hüseynova AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin yaranma tarixi, bölməyə daxil olan institutlar, bu elmi müəssisələr tərəfindən müxtəlif elmi istiqamətlər üzrə əldə olunmuş mühüm elmi və praktiki nəticələr, eləcə də Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında qonaqlara məlumat verib. Bildirib ki, bölməyə daxil olan elmi müəssisələr tərəfindən 40-dan çox ölkənin 100-dən artıq elmi-tədqiqat müəssisəsi, 30-a qədər beynəlxalq elmi mərkəz, universitetlər, genbanklar, nəbatat bağları və s. ilə elmi əlaqələr yaradılıb. Vitse-prezident bu əlaqələr arasında Rusiyadan olan təşkilatların böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
İ.Hüseynova bölmə tərəfindən Azərbaycanda nəşr olunan jurnallardan da bəhs edib, Biologiya və Tibb Elmləri Bölməsinin əsas elmi istiqamətlərini təqdim edib. Akademikin sözlərinə görə, bu istiqamətlər arasında biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi və s. xüsusi yer tutur.
AMEA-nın vitse-prezidenti, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsində qalib olmuş və Rusiya təşklilatları ilə birgə yerinə yetirilən layihələrdən də söz açıb. O, dünən imzalanmış “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq
üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin AMEA və REA arasında əməkdaşlığın yeni mərhələsini təşkil etdiyini vurğulayıb.
REA-nın prezidenti, akademik A.Sergeyev institutun ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında yaradılmış maddi-texniki şəraiti, müasir dövrün çağırışlarına cavab verən tədqiqatları yüksək qiymətləndirib, səmimi qəbula görə institut rəhbərliyinə təşəkkür edib.
Akademik A.Sergeyev iki ölkə arasında uzun illərdir davam edən dostluq və tərəfdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin bundan sonra da davam etdiriləcəyinə, birgə elmi tədqiqatların aparılacağına əminliyini bildirib.
Tədbirdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb, müştərək layihələrin icrası istiqamətində təkliflər irəli sürülüb.
Daha sonra REA prezidenti, akademik A.Sergeyev rəhbərlik etdiyi qurumun xatirə medalını akademik İradə Hüseynovaya təqdim edib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.