Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Tarixdə analoqu olmayan bu faciənin dəhşətli səhnələri hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən bütün beynəlxalq hüquq normaları pozularaq, 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridilməsi nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib. Xocalı soyqırımı erməni millətçilərinin iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin ən faciəli səhifəsidir. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı geniş miqyaslı tədbirlərlə qeyd edilir. Akademik qeyd edib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşub, Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında alınıb.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Səftər Süleymanov, Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları Nurməmməd Mustafayev, Ələmdar Məmmədov, Gülnarə Balakişiyeva və başqaları bu faciənin Azərbaycan xalqı tərəfindən heç zaman unudulmayacağına və şəhidlərimizin əziz xatirəsinin daima uca tutulacağına öz inamlarını ifadə edərək Xocalı faciəsi haqqında gerçəklərin dünya ictimaiyyətinə çatdırılması və günahkarların cəzalandırılması istiqamətində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.