AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsədi yerli bioresurslar hesabına Azərbaycanın istehsal gücünü artırmaqdır

AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsədi yerli bioresurslar hesabına Azərbaycanın istehsal gücünü artırmaqdırBu yaxınlarda mikrobiologiya elminin müxtəlif istiqamətlərinin, o cümlədən mikroorqanizmlərdən istifadənin fizioloji-biokimyəvi və ekoloji əsaslarının dərindən tədqiqi ilə məşğul olan və bu sahədə mühüm elmi nəticələrə imza atmış Mikrobiologiya İnstitutunun yaradılmasının 50 illiyi tamam olur.
Tanınmış mikrobioloq alim, AMEA-nın Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov ilə müsahibəmizdə institutun əsas fəaliyyət istiqamətləri, perspektivləri, bu sahədə kadr hazırlığı, ölkəmizdə biotəhlükəsizliyin təmin olunması və digər məsələlər ətrafında söhbətləşdik.


1. Pənah müəllim, bu il rəhbərlik etdiyiniz Mikrobiologiya İnstitutunun yaradılmasının 50 illiyi tamam olur. Azərbaycan mikrobiologiya elminin inkişafında əvəzsiz xidmətləri olan bu elm müəssisəsinin əsas vəzifələrindən, aparılan müasir elmi tədqiqat istiqamətlərindən bəhs edərdiniz.
- Mikrobiologiya İnstitutu Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə 1972-ci il fevral ayının 16-da Mikrobiologiya sektoru kimi fəaliyyətə başlayıb.
1994-cü ildə isə bu sektorun bazası əsasında institut yaradılıb.
İnstitutun yaranma tarixi barədə danışarkən onun ilk qurucularından olan Azərbaycanın ilk mikroloq professor qadını Nisəxanım Mehdiyevanın adını çəkmək yerinə düşər. Professor N.Mehdiyeva 1972-1981-ci illərdə Mikrobiologiya sektoruna rəhbərlik edib. O, mikrobiologiyanın xüsusilə klassik sahələrinin inkişafına diqqət ayırıb.
Azərbaycanda mikrobiologiya elminin inkişafında “Mikrobiologiyanın əsasları” kitabının müəllifi, akademik Məmmədtağı Qəniyevin də institutun yaranmasında böyük xidmətləri olub.
Sektora 1981-ci ildən 2002-ci ilədək mərhum akademik Məhərrəm Məmmədyarov rəhbərlik edib. Onun instituta rəhbərlik etdiyi dövrdə mikrobiologiya üzrə tədqiqatlar yeni, müasir istiqamətlər üzrə aparılıb, mikrobiologiyanın digər elmlərlə inteqrasiyasından yaranan istiqamətlərin inkişafına nail olunub.
2002-ci ildən 2020-ci ilədək isə müəssisəyə akademik Məmməd Salmanov rəhbərlik edib ki, bu dövr də aparılan mövcud tədqiqat istiqamətlərinin daha da inkişaf etdirilməsinə, eyni zamanda su mikrobilogiyası sahəsində müasir tələblərə uyğun tədqiqatların başlanılması ilə xarakterizə olunur.
Mövcud olduğu dövrdə əldə edilən nəticələrə gəldikdə, ilk olaraq qeyd edim ki, keçmiş SSRİ dövlətləri arasında ilk dəfə Azərbaycanda nematofaq göbələklərin kolleksiyası məhz bu institutda yaradılıb. Hazırda bu kolleksiyadan olan bəzi mikroorqanizmlər institut tərəfindən istifadə olunmaqdadır.
Bundan başqa, elmi müəssisədə Azərbaycanda kənd təsərrüfatı, aqrar sahədə əmələ gələn tullantıların utilizasiyası problemləri araşdırılır və onların mikrobioloji yollar vasitəsilə yararlı hala salınması və onlardan praktiki tələbata uyğun olan məhsulların əldə edilməsi məsələlərinin tədqiqi ilə məşğul olunur. Qeyd edim ki, institut tərəfindən hazırlanmış, bitki tullantılarının biokonversiya üsulu ilə utilazsiyası problemlərinə həsr olunmuş sxem 1986-ci ildə keçmiş Çexoslavakiyada keçirilən beynəlxalq sərgidə birinci dərəcəli diploma və qızıl medala layiq görülüb. Bununla yanaşı, 1990-cı ildə üzüm çöplərinin siloslaşdırılaraq heyvandarlıqda yem əlavəsi kimi istifadə edilməsi üçün sənayedə sınaqdan keçirilmiş bir üsul da təklif olunub. Bu tədqiqat işinə görə keşmiş SSRİ-nin 4 müəlliflik şəhadətnaməsi alınıb.
Həmçinin tullantılardan ferment preparatlarının alınması və onların təcrübi məqsədlərlə istifadə olunması, ksilotrof göbələklərdən bu preparatların hazırlanmasında istifadə, eləcə də bu yem əlavələrindən heyvandarlıq və quşçuluqda istifadə ilə bağlı mühüm elmi tədqiqatlar da aparılıb və praktikada maraqlı olan mühüm nəticələr əldə edilib.
İnstitutda tədqiq olunan digər istiqamət isə neft mikrobiologiyası ilə bağlıdır. Bu istiqamətdə biologiya elmləri doktoru, professor Nəriman İsmayılovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində mikrobioloji üsullarla qalıq neftin çıxarılması, neftlə çirklənmiş torpaqların xüsusi preparatlarla təmizlənməsi sahəsində əhəmiyyətli elmi nəticələr əldə edilib.

2. Ölkəmizdə mikrobiologiya sahəsində hansı elmi nailiyyətlər əldə olunub?
-Ölkəmizdə mikrobiologiya istiqaməti üzrə bir çox elmi yeniliklər əldə olunub. İlk olaraq, Mikrobiologiya İnstitutunda kənd təsərrüfatı mikrobiologiyasının inkişafı ilə bağlı aparılan tədqiqatlardan bəhs etmək istərdim.
Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində ekoloji təmiz məhsulların alınması ilə bağlı mühüm tədbirlər görülür. Təbii mənbələrdən alınmış gübrələr və s. daha effektiv olduğundan və sağlamlığa zərər yetirmədiyindən iqtisadi cəhətdən səmərəli, ekoloji cəhətdən təhlükəsiz və texnoloji cəhətdən asan başa gəlirlər. Bu baxımdan Mikrobiologiya İnstitutunda bir müddətdir ki, kənd təsərrüfatında istifadəyə yararlı olan preparatların alınması ilə bağlı tədqiqatlar aparılır. Hazırda əldə etdiyimiz nəticələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik, Meyvəçilik və Çayçılıq elmi-tədqiqat institutularında çöl şəraitində sınaqdan keçirilir. Bu istiqamətdə işlərin, ilk növbədə yerli bioresursların hesabına göbələk mənşəli bioloji aktiv maddələrin istehsal texnologiyalarının yaradılmasının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Fəaliyyət göstərdiyi 50 il ərzində AMEA-nın Mikrobiologiya İnstitutu biotəhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayırır.
Torpaqlarımızın erməni işğalından azad olunmasından sonra müəssisə ötən ildən etibarən ölkəmizin əzəli və əbədi torpaqları olan Qarabağda da elmi tədqiqatlar aparır, öz elmi dəstəyini göstərir.
Ötən ilin sentyabr ayında institutun bir qrup əməkdaşı Şuşa şəhərində ezamiyyətdə olub, Şuşanı içməli su ilə təmin edən mənbələrdən, eyni zamanda ərazi torpaqlardan nümünələr əldə ediblər. Bu nümunələr institutda, laboratoriya şəraitində analiz edilərək hesabatlar hazırlanıb. Hesabata əsasən bu ərazilərdə fəsillər üzrə geniş tədqiqatların aparılması zərurəti müəyyən edilib ki, institut bütün bu işləri həyat keçirmək üçün hazırdır.
Eyni zamanda, Mikrobiologiya İnstitutu AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin xətti ilə işğaldan azad olunmuş ərazilərlə bağlı həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir.

3. Azərbaycanda mikrobiologiya sahəsində kadr hazırlığı istiqamətində nə kimi problemlərə rast gəlinir?
-Əlbəttə, kadr hazırlığı məsələsində müəyyən çətinliklərimiz mövcuddur. Hazırda gənclərin elmi fəaliyyətə cəlb olunması üçün işlər görülür. Son illər institutun maddi-texniki bazasının yaxşılaşdırılması, gənclərin fəaliyyətinin qiymətləndirilməsi üçün stimullaşdırıcı mükafatların verilməsi, beynəlxalq qrant layihələrdə gənc tədqiqatçıların da iştirakının təmin olunması ilə bağlı görülən işlər kadr bazasının kifayət qədər olmasına səbəb olan amillər sırasındadır. Bununla yanaşı, dövlətimiz tərəfindən də gənclərə böyük qayğı göstərilir. Hesab edirəm ki, AMEA-nın daxili resursları hesabına akademiyada proqramların elan olunması gələcəkdə kadr hazırlığına müsbət təsir göstərəcək.
Bundan əlavə, pandemiya göstərdi ki, əməkdaşlar distant işləməklə də onların qarşısında qoyulan vəzifələri tam olaraq yerinə yetirə bilirlər. Bu, həm də onların iş prosesindən kənar işlər icra etməklə əlavə gəlir mənbələri qazanması deməkdir. Bu baxımdan düşünürəm ki, gənclərin sərbəst şəkildə elmi fəaliyyətə cəlb olunması onların həm də maddi problemlərinin həllinə imkan verəcək.

4. Bir qədər də Azərbaycanda mikrobiologiya elminin inkişaf perspektivlərindən danışmağınızı istərdik.
-Hazırda elm elə bir inkişaf səviyyəsinə çatıb ki, klassik bir elm sahəsi hüdudlarında ciddi elmi nailiyyət əldə etmək mümkün deyil. Bu gün Azərbaycan elmini inkişaf etdirmək üçün ilk növbədə, cəmiyyətdə elmin yeri və rolu müəyyənləşdirilməli və sifariş sisteminə əsalanan fəaliyyət qurulmalıdır. Hesab edirəm ki, Azərbaycan elmində yalnız mühüm elmi nəticələr təqdim edən, elmi cəhətdən həlli vacib olan mövcud problemləri yüksək səviyyədə həll edə bilən institutların fəaliyyətiləri genişləndirilməli, sağlam rəqabət yaradılmalıdır. Belə ki, kəmiyyətin keyfiyyətlə əvəz olunması elmimizin inkişafında mühüm rol oynayan faktorlardan biri olmalıdır.
Mikrobiologiya elminin Azərbaycanda inkişaf perspektivlərinə gəldikdə isə, qeyd etdiyim kimi, Azərbaycanda mikrobiologiya elminin tədqiqi ilə məşğul olan Mikrobiologiya İnstitutunun əsas məqsədi yerli bioresurslar hesabına mikrobiologiya sənayesinin inkişafı üçün elmi və praktiki bazanın yaradılması hesabına Azərbaycanın istehsal gücünü artırmaq, yerli istehsal hesabına ölkə əhalisinin təlabatının ödənilməsində fəal iştirak etməkdır.

5. Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlar zamanı hansı müasir avadanlıqların imkanlarından istifadə olunur?
-Bugünədək aldığımız bir çox nəticələr, dərc olunan elmi işlərin hər biri institutun özünün elmi maddi-texniki bazası əsasında əldə olunub. Son dövrlər institut üçün bir çox yeni, müasir dövrün tələblərinə cavab verən, dünya elminə inteqrasiya etməyə imkan verən avadanlıqlar, o cümlədən elektromikroskop və digər qurğular alınıb.
Bundan əlavə, AMEA-nın Polimer Materialları, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, eləcə də Botanika institutları ilə birgə aparılmış, nüfuzlu elmi jurnallarda dərc olunmuş bir çox elmi tədqiqat işlərimiz də mövcuddur.

6. Sağlam ətraf-mühitin əsas şərti olan biotəhlükəsizliyin təmin olunması üçün ölkəmizdə hansı işlər görülür?
-Məlum olduğu kimi, XXI əsr biotexnologiyalar əsri hesab olunur. Mikrobiologiya İnstitutu Azərbaycanda tətbiqi mikrobiologiya istiqaməti üzrə tədqiqatlar aparan yeganə elmi tədqiqat müəssisəsidir. Doğrudur, Azərbaycanda mikrobiologiya elminin inkişaf səviyyəsini bir çox inkişaf etmiş dünya ölkələri ilə hələki müqayisə etmək olmaz.
Hazırda bütün dünyada ekoloji təmiz məhsulların alınması üçün lazım olan vasitələrin, kənd təsərrüfatı məhsullarının fitosanitar vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunan biopreparatların istehsalına böyük önəm verilir. Böyük təsir effektinə malik olan bu vasitələrin ölkəmizdə də istehsalının təşkili, müxtəlif təyinatlı bioloji aktiv maddələrdən mikroorqanizmlərin sintezi və s. üçün mikrobiologiya elminin inkişafına nail olmaq zəruridir. Bu istiqamətdə AMEA-nın Mikrobiologiya İnstitutu öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və qeyd etdiyim vasitə və preparatları əldə etmək üçün dünya səviyyəsində tətbiq olunan mikroorqanizmləri artıq öz kolleksiyasına daxil edib. Hazırda bioloji aktiv maddələrin mikrobioloji yollarla alınması istiqamətində fəaliyyət göstərən müxtəlif təyinatlı istehsal sahələrinin qurulması istiqamətində işlər icra olunmaqdadır.
İndiyədək cəmiyyətin ekologiyalaşdırılması məsələlərinə böyük önəm göstərilirdi. Lakin pandemiya dövrü göstərdi ki, cəmiyyətin yalnız ekologiyalaşdırılması ilə təhlükələrin qarşısını almaq mümkün deyil. Ekologiya canlılara xas olan fundamental xüsusiyyətləri öyrənir. Onun mexanizmini açmaq isə biologiya elminin predmetidir. Bu baxımdan artıq cəmiyyətin biologiyalaşdırılması aparılmalı, bu konteksdə isə bioloji təhlükəsizlik prinsipləri hazırlanmalıdır ki, həm davamlı inkişafı təmin etmək, həm də pandemiya kimi fəlakətlərdən uzaq olmaq mümkün olsun. Biotəhlükəsizliyin təmin edilməsində mikrobiologiya elmi mühüm əhəmiyyət kəsb edir. İnstitutda artıq bu istiqamətdə tədqiqatlara başlanılıb və dövrün tələblərinə uyğun tədqiqatların aparılmasına çalışacağıq.
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nın 2-4-cü bəndinə müvafiq olaraq institut “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın hazırlanması işində 2020-ci ilin oktyabr ayından etibarən fəal iştirak etməyə başlayıb. Bunun nəticəsi kimi AMEA-nın Yer Elmləri və Biologiya və Tibb Elmləri bölmələri ilə birgə “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı” hazırlanmış və Rəyasət Heyətinin qərarı ilə həmin proqram dövlətə təqdim edilmişdir. Proqramda ölkənin sularının istifadəsində bioloji təhlükəsizlik prinsiplərinin zəruriliyi həm qeyd edilən dövlət proqramında, həm də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan işçi qrupunun hazırladığı və hazırda müzakirə mərhələsində olan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” layihəsinin hazırlanması ilə bağlı “Texniki Tapşırıq”da öz əksini tapıb. Bu da biotəhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Onu da qeyd edim ki, ölkəmizdə yaradılan şərait biotəhlükəsizlik məsələlərinin həlli üçün tam əlverişlidir və bu imkandan maksimum istifadə etməyə çalışacağıq.

7. Pənah müəllim, bugünədək çap olunmuş məqalələrinizdən 150-yə yaxını “Web of Science”, “Scopus”, “AGRIS”, “İndex Coopernicus” və s. kimi bazalara daxil olan jurnallarda çap olunub. Bu kimi nüfuzlu bazalarda Azərbaycan elmini uğurla təmsil etmək üçün elmi tədqiqatçılardan hansı bacarıq və keyfiyyətlər tələb olunur?
- Bugünədək 30-a yaxın məqaləm “Web of Science”, 10-a yaxın məqaləm “Scopus”da, eləcə də digər elmi bazalarda işıq üzü görüb. Nüfuzlu elmi bazalarda iştirak etmək üçün ilk növbədə, institutun maddi-texniki bazası yüksək olmalıdır. Xüsusən impakt faktoru daha yüksək olan jurnallarda məqalələrin qəbul edilməsi zamanı bir neçə məqama diqqət yetirilməlidir. Birincisi, tədqiqat zamanı istifadə olunan avadanlıqlar və onların dəqiqlik göstəricilərinə böyük önəm verilir. İkincisi isə, bu kimi avadanlıqlar üzərində işləyərək nəticələr əldə etmək üçün tədqiqatçılardan elmi bacarıq tələb olunur. Ümumiyyətlə, tədqiqatçı həllinə çalışdığı problemi düzgün müəyyənləşdirməyi bacarmalı, bununla bağlı dünyada baş verən tendensiyaları nəzərə almalı, elmdə prioritet istiqamətləri müəyyən edərək onları vaxtında həll etməyə çalışmalıdır.
Qeyd edim ki, bizim məqalələrimiz hələ Sovet İttifaqı dövründə nüfuzlu hesab olunan jurnallarda nəşr olunurdu. Həmin dövrdə SSRİ-nin 4 müəlliflik şəhadətnaməsini almışıq. Bundan başqa, doktorantura təhsili aldığım dövrdə bir çox doktorantlar başqa ölkələrə təcrübə keçmək üçün göndərilirdi. Lakin mən həmin illərdə də ölkəni tərk etmədim, həm fəlsəfə, həm də elmlər doktorluğu dissertasiya işim üzrə bütün tədqiqatları Azərbaycanda həyata keçirdim. Fəlsəfə doktorluğu üzrə elmi rəhbərim SSRİ-nin ən gənc elmlər doktorlarından olan, Moskva Dövlət Universitetinin professoru Anatoliy Klyosov olub. Ondan aldığım bütün məsləhətləri Azərbaycanda eksperimentlərdə tətbiq edirdim. Alim ilk növbədə, öz gücünə, öz elminə arxalanmalı, öz ölkəsini dərindən sevən bir vətəndaş olmalıdır.

AMEA-nın müxbir üzvü Pənah Muradov: Mikrobiologiya İnstitutunun əsas məqsədi yerli bioresurslar hesabına Azərbaycanın istehsal gücünü artırmaqdır Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın
Rəyasət Heyəti aparatının
İnformasiya şöbəsinin
sektor müdiri


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: